Milyarderlərin Şakira və… Azərbaycan “sevgisi”

Azərbaycandan kənarda yaşayan iş adamları son 20 ildə gündəmə yalnız dəbdəbəli həyat tərzləri, ailə şənliklərində dəvət etdikləri dünya ulduzları, açdıqları iri obyektləri ilə gündəmə gəliblər. Imkanlı övladlarının xeyriyyəçiliyi baxımından bəlkə də dünyada ən bəxti gətirməyən xalqlardan biri, bəlkə də birincisiyik. Mübariz Mənsimov istisna olmaqla, demək olar, xaricdə yaşayan imkanlı iş adamlarının heç biri mənsub olduğu millətin “nə xeyrində, nə də şərində iştirak edir”.
Mən illər öncə Rusiyanın, səhv etmirəmsə, NTV kanalında azərbaycanlı milyarder Araz Ağalarovun qatıldığı bir verilişə baxmışdım. O zaman iş adamı Ilham Əliyevlə qohum deyildi. O, verilişə ABŞ-ın və Rusiyanın vergi məcəlləsi ilə gəlmişdi. Cəmi bir səhifədən ibarət(!) olan ABŞ-ın vergi qanunu haqda danışan soydaşımız bir neçə cildlik(!) Rusiya Vergi Məcəlləsinə münasibəti ilə hər kəsi özünə heyran buraxdı. Etiraf edim ki, çox arqumentli və savadlı bir müqayisə idi, çıxış yolunu da göstərirdi…
Cəmi bir neçə il sonra Azərbaycan prezidenti ilə qohum olan Ağalarov ölkəmizdə dərman, alkoqol – tütün biznesinə əl qoydu…
Hazırda bu məhsulların bahalığına və keyfiyyətsizliyinə görə postsovet ölkələrində “üzdəniraq” birinci yerdəyik. Eyni məhsulların qiymətlərini təkcə Rusiya və Ukrayna, Orta Asiya respublikaları ilə müqayisə edəndə heyrətə gəlməmək olmur…
…Sadəcə bir misal, ABŞ istehsalı olan Kent-8 siqareti Rusiyada 40-44 rubl (1,10 azn), Azərbaycanda isə 1,40-dan başlayır. Cənab Ağalarovun məmləkətimizdə vergi-gömrük-bürokratik əngəlləri ilə üzləşmədiyini nəzərə alsaq, bu siqaret təxminən 1 manata satılmalıdır. Lakin şəhərin mərkəzində bu markanın ən ucuzunun qiyməti çoxdan 1,50 manatı ötüb.
Hazırda ölkədə bir “Zəfəran” aptekləri bumu yaşanır, Bakıda göbələk kimi artan bu apteklər də Araz Ağalarovun nəzarətindədir, indi kimin nə həddi var ki, burda satılan dərmanların bahalığından şikayət etsin. Zatən çox yaxında, bütün dərman şirkətləri “rəqabətə” davam gətirə bilməyəcəklər. Yaşayış minimumunun qəza həddində olduğu Azərbaycanda dərman qiymətlərinin keçmiş postsovet respublikaları ilə müqayisəsi insanı dəhşətə gətirir. Indoneziyada istehsal olunan bir dərman 100 kapsulalıq qutuda Rusiyada 5 manata, analoji dərman məmləkətimizdə, özü də 60 kapsullu qutularda 10-12 manatadır. Nadir tapılan dərmanlarda fərq isə… bəzən 150-200 manata çatır. Özü də yalnız Moskva ilə müqayisədə…
Elə bu günlərdə Moskvada həmin Ağalarovun da iştirakı ilə Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqı yaradılıb. Uzun müddət Azərbaycanda baş nazirin birinci müavini işləyən, hazırda Rusiyada iri biznesi olan Abbas Abbasov, milyarderlər Vahid Ələkbərov, Telman Ismayılov, Isgəndər Xəlilov və başqa sayılıb-seçilən varlı soydaşlarımız bu təşkilatın üzvü olublar.
Diqqəti çəkən məqamlardan biri də son dövrlərdə hakimiyyəti kəskin tənqid edən, lakin… prezident Ilham Əliyevin ünvanına açıq şəkildə bir kəlmə də olsun tənqid söyləməyən (!) Oskar mükafatlı kinodramatruq Rüstəm Ibrahimbəyovun da bu qurumun idarə heyətinə üzv seçilməsidir. Yəni deyirsiniz, gözləyək?..
Illərdir ki, Gooqle-də azərbaycanlı milyarder yazırıq, ya Cenifer Lopes çıxır, ya da Şakira, axı birdən-birə nə oldu bunlara, maraqlı sualdır, deyilmi?
Məhz buna görə də sadə Azərbaycan vətəndaşı bu “ildırım aşkı”nı anlamaqda zorluq çəkir, fikirləşir əcaba, bu oğulların Vətənlə “izdivacı” baş tutarsa, onlar Şakira, Lopes üçün darıxanda nə edəcəklər? Ən azı bunun 3 ay ertələnməsi lazımdır, çünki Şakira 6 aylıq hamilədir və imkan vermək lazımdır ki, o övladını rahat şəkildə dünyaya gətirsin…
Məsələyə ciddi yanaşmaq isə, hələ tezdir, baxmayaraq ki, artıq hansı zərurətdən yaradılması bəllidir. Ölkədə baş verən son hadisələr onu göstərdi ki, rejim nə ciddi islahatlara getmək fikrindədir, nə də buna qadirdir. 23 dəqiqəlik Gülər-Elşad videosu ölkənin necə idarə olunduğunu əyani şəkildə göstərdi. Rejim rəsmiləri sanki heç nəyin baş vermədiyi görüntüsünü yaratmağa çalışsa da, Viktor Hüqonun təbirincə desək, “xalqın susduğunun gördükcə vahimələnir, ona görə də ömrünü səs-küylə, gündəm dəyişməklə uzatmağa çalışır”.
Hətta bu o qədər ciddi bir hadisədir ki, dünya da sükut içərisində gözləyir, gözləyir ki, rejim bunun adını nə qoyacaq. Və sonra özü ad qoyacaq. Bunu da xalqın sükutuna əlavə etsək, inamla demək olar ki, rejim vahimədən heç gecəni də yatmır, çıxış yolları arayır…
Hələlik bu da, sükutu pozmaq layihəsinin bir hissəsinə çox bənzəyir, çünki 20 ildir ki, Azərbaycan da var idi, Lopeslər də, Şakiralar da. Kimin kimi sevdiyini də anlamaq üçün ağıla da ehtiyac yox idi, görürdük…