Rusiyada azərbaycanlı oliqarxların yaratdığı birlik bizim hakimiyyətdəkilərin ürəyinə vəlvələ salıb. Yaranmış qorxunu iqtidar KIV-lərindən açıq şəkildə hiss etmək olur. Bunlar ruslardan həmişə qorxublar. Putin isə, bilmək olmur, bəlkə də seçkidən öncə haqqını alıb sakitləşəcək. Bəlkə qorxulu bir şey yoxdur. Amma bizim qoçaqlar düşünürlər ki, ya zəlzələdən, ya vəlvələdən onun üzü dönərsə, heç yaxşı olmaz. Görünür, aldıqları məlumatlar da xoş bir şey demir…
Hakimiyyətin legioner dəstəsində döyüşən Fazil Mustafa da bu mövzuda həyəcan dolu bir məqalə yazıb: “Rusiya artıq düyməyə basmışdır. Uzun illərdən sonra Azərbaycana ilk ciddi real siyasi təzyiqə start verildi”.
Qorxu yaman pis şeydir, o, milçəyi adamın gözündə filə döndərir. Gör indi Rusiya boyda fil bunların gözündə nədir?! Amma ayrıca Fazil Mustafanın xüsusi təlaşını başa düşmək olar, çox şeyindən keçərək bu hakimiyyətə pənah aparıb, indi isə Putin Ilham Əliyevi yıxmaqla hər şeyi puça çıxara bilər.
Bu adam yolunu dəyişəndən sonra hakimiyyəti niyə dəstəklədiyini əsaslandırmaq üçün hətta Elçibəyi macəraçı adlandırmaqdan çəkinməyib. Inanmırsınızsa, gəlin bu cənabın 2 ay öncə verdiyi açıqlamaya baxaq. Obyektiv TV-nin “Çətin sual” verilişində Rusiyanın Elçibəyi devirməsini onun xarici siyasətinin uğursuzluğu kimi qələmə verən, hətta onun xarici siyasətini macəraçılıq sayan Fazil Mustafa rusların başımıza gətirdiyi bu hakimiyyətin xarici kursunu isə ürəklə tərifləyirdi. Verilişi internetdə bu ünvanla izləyə bilərsiniz: http://contact.az/docs/2012/Interview/082300008494az.htm#.UIFtDIL4I4Q.
Veriliş zamanı “Elçibəylə fəxr edirəm” deyib, amma həm də onun siyasətini macəraçı adlandıran bu şəxs Ilham Əliyevin balanslı xarici siyasətini dəstəklədiyini az qala qışqıraraq, xüsusi pafosla deyirdi.
Bəs hanı təriflədiyin balanslı siyasət? Niyə hamı balansı pozur?
Bilirsinizmi gülməli olan nədir? Elçibəyin xarici siyasətinin məğlubiyyətə uğradığını deyən Fazil Mustafa o vaxt Elçibəyin müşaviri, daha sonra onun komandasında yüksək vəzifə sahibi olub… Elçibəyin siyasəti səhv idisə, bu səhvi o vaxt niyə görmürdün? Siyasətdə səhvi sən hər şey bitəndən sonra görəcəksənsə, daha danışma. Adını da siyasətçi qoyma. Yaxşı, bir dəfə oldu. Bəs indi nə deyirsən? Budur, indi də, dəstəyinə qalxdığın, təriflədiyin balanslı siyasət özünü doğrultmayıb. Elə ilk olaraq səni narahat edib, sən başlamısan bu haqda yazmağa. Məgər sən hər şeyi sonradan görüb, özünü də uğurlu siyasətçi sayacaqsan?! Insanlara münasibətdə yanıla bilərsən, günah səndə ola bilməz, insan özü dönük çıxa bilər, amma siyasətdə yanılırsansa, özünün kim olduğunu düşünməyə borclusan. Bunun əvəzinə isə, Elçibəyi macəraçı adlandırmaq, sadəcə, ayıbdır.
Niyəsini deyimmi? Moskvanın yaratdığı 10 nəfərlik bir təşkilatın kölgəsindən qorxuya düşürsünüz, bəs xarici siyasətini macəra saydığın Elçibəy rus qoşunlarını buradan çıxarmasaydı, neyləyəcəkdiniz? Budurmu Elçibəyin uğursuzluğu? Hakimiyyətini qorumayıb ölkəsi üçün özünü təhlükəyə atıb. Budurmu macəra? Yoxsa bunlar kimi hakimiyyətlərini qorumaq üçün xalqını əzib, yadlara boyunmu əyməli idi? Onamı uğurlu siyasət deyirsiniz? Oğrulardan, xalq pulunu yeyənlərdən başqa kimə lazımdır bu uğur? …Bax, bu həqiqəti danmaq ən azı ayıbdır.
…O da var ki, əslində söhbət heç də yanılmaqdan və ayıbdan getmir, Rusiyanın buradakı dayaqlarından birinin verdiyi mandatdan gedir. Çox təzadlı olsa da.
***
Azərbaycanın xarici siyasətinin necə olması bir ayrı mövzudur. Amma bir şey dəqiq bəllidir ki, belə həssas regionda yerləşən kiçik ölkənin hakimiyyəti, xalqdan dayağı olmasa, böyük güclərin əlində oyuncağa çevrilməyə məhkumdur. Öz xalqının üzərində möhtəşəm bir hakimiyyət qura bilərsən. Xarici siyasətdə isə oyuncaq olacaqsan və heç vaxt uğurlu xarici kursun ola bilməz. Moskvada bir təşkilat yaradan kimi dizlərin əsəcək…
Hanı o təşkilatdakı pullulara pulu və nüfuzu ilə qarşı dura biləcək milli burjuamız? Hamısını özünüz yağmaladınız, soydunuz, qovdunuz. Hər şeyi özünüz qamarladınız. Oğul-uşağına, qohum-əqrəbana, yanındakı oğrulara pul yığmaqla deyil, onlar sadə vətəndaşlarımızı əzə bilərlər, fəqət gücün qarşısında qaçacaqlar, hətta satacaqlar.
Hanı bu hakimiyyətə arxa duracaq xalq?
Milli qüvvələri illərlə məhv etdiniz, indi antimilli qüvvənin kölgəsindən lərzəyə düşmüsünüz. Görünür, sizin üçün tarixin ironiyasıdır, bəlkə də, qazdığınız quyuya düşməkdir. Amma biz bu ölkəni nə sizdə saxlamayacağıq, nə də rusun, farsın nökərlərinə verməyəcəyik. Ölkəmizin bunu anlayan gəncliyi, bu gün sizin repressiyaların fonunda zəif görünən, amma bu işi bacaracaq vətəndaş cəmiyyəti var.

Milli qüvvələri əzən, Moskvadakı təşkilatın isə kölgəsindən qorxanlar…
•