Sabiq deputat BDU-da işə çıxdı, hakim partiyadan onunla bağlı toplantı gözlənilmədiyini dedilər
Sabiq deputat Gülər Əhmədova dünən Bakı Dövlət Universitetinə (BDU) işə gəlib. Modern.az saytının yaydığı məlumata görə, dekanlıqdan olan bir xanım dərsin sakit tərzdə keçməsinə nəzarət edib. O, digər tələbələrin Gülər Əhmədovanın dərs keçdiyi otağın qapısını açmağa icazə verməyib.
Həmçinin G.Əhmədovanın müəllimi olduğu Psixologiya kafedrasının qarşısında bir polis əməkdaşı da dərsə nəzarət edib. Sabiq deputatın dərs dediyi 805-ci otağın yerləşdiyi dəhlizdə isə tələbələrin gediş-gəlişi məhdudlaşdırılıb.
Gülər Əhmədova 10 ilə yaxındır ki, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müəlliməsidir. O, universitetdə yarımştat işləyir.
BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə Ibrahimova xəbəri təsdiqləyib. “O, Sosial elmlər və psixologiya fakültəsinin magistratura pilləsində təhsil alan tələbələrə dərs deyib. Lakin qeyd edilən kimi, nə onun dərs keçdiyi auditoriyanın, nə də müəllimi olduğu Psixologiya kafedrasının qarşısında heç bir xüsusi nəzarət olmayıb. Həmişəki kimi növbətçilər dəhlizlərdə sakitliyi təmin edib, universitetin mühafizə xidmətinin əməkdaşları isə tələbə və müəllimlərdən işçi vəsiqəsi və tələbə bileti soruşduqdan sonra tədris binasına buraxıblar. Dərs sakit və normal tərzdə keçib”,- deyə BDU rəsmisi bildirib.
YAP Yasamal rayon təşkilatının sabiq deputat G.Əhmədovanı partiyadan çıxarıb-çıxarmamaq məsələsinə nə vaxt baxacağı isə məlum deyil. Yasamal rayon təşkilatından “Media forum” saytına bildiriblər ki, yaxın günlərdə Gülər Əhmədova məsələsi ilə bağlı toplantı gözlənilmir.
YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı “Media forum” saytına deyib ki, partiyanın rayon təşkilatları nizamnamə çərçivəsində fəaliyyət göstərir: “Rayon təşkilatı nə vaxt istəsə, iclas keçirib məsələyə baxacaq. Biz onlara göstəriş verə bilmərik. Gülər Əhmədova ilə bağlı məsələni müvafiq orqanlar araşdırır. Partiyadakı məsələ də öz həllini tapacaq”.
Yasamal rayon təşkilatının sədri Fikrət Ismayılov səhhəti ilə əlaqədar xaricdə idi. Partiya rəhbərliyi bəyan etmişdi ki, Fikrət Ismayılov Azərbaycana qayıdan kimi Yasamal rayon təşkilatı toplanacaq və Gülər Əhmədovanın partiyadan çıxarılması məsələsinə baxılacaq. Fikrət Ismayılov bir necə gündür ki, Bakıdadır.
Xatırladaq ki, “Azadlıq” G.Əhmədovanı YAP-çıları “ağzımı açdırmayın” şəklində hədələməsindən sonra hakim partiya rəhbərliyinin onu partiyadan çıxarmağa cəsarət etmədiyini yazmışdı. Baş verənlər qəzetimizin yazdıqlarının əsassız olmadığını göstərir. Hər halda YAP-ın rəhbərliyi G.Əhmədovanın hətta həbsini tələb edirdi. Amma nəinki bu baş verir, əksinə sabiq deputat heç nə olmamış kimi işə çıxır.