İctimai Palatanın Koordinasiya Şurası bugünkü aksiya və həbslər barədə bəyanat yayıb. Bəyanatda deyilir ki, internet resurslarında, sosial şəbəkədə fəallıq göstərən bir qrup gənc 20 oktyabr 2012-ci il tarixdə saat 15:00-da Bakının fəvvarələr meydanında “Saxta parlament buraxılsın!” tələbi ilə dinc etiraz aksiyası keçirməyi planlaşdırmışdı və vətəndaşları həmin aksiyaya dəvət etmişdi.
Bəyanatında deyilir ki, gənclər ölkə konstitusiyasının vətəndaşlara verdiyi hüquqa əsaslanaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq nəzərdə tutulmuş vaxtda və qaydada Bakı Şəhəri İcra Hakimiyyətinə rəsmi məlumat vermişdilər: “İctimai Palata gənclərin bu təşəbbüsünü dəstəkləmiş və üzvlərini həmin aksiyaya qoşulmağa çağırmışdı. Lakin ölkə konstitusiyasını və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunu kobud surətdə pozan BŞİH gənclərin müraciətinə rədd cavabı vermişdir. Bakı şəhəri İH-nin cavabının qanunsuz olduğunu və aksiya keçirmək üçün heç bir hüquqi maneənin olmadığını əsas gətirən gənclər çağırışa gəlmiş tərəfdarları ilə birlikdə deyilən vaxtda, müəyyənləşdirilmiş yerdə dinc etiraz aksiyasını keçirmişlər. Yüzlərlə insan iki saata yaxın müddətdə aksiyanı davam etdirmiş, “Parlamentə istefa” şüarları səsləndirmişlər. Bu zaman polislər və mülki geyimli şəxslər aksiyaya qatılmaq istəyən vətəndaşlara qarşı qeyri-adekvat güc tətbiq etmiş, xüsusilə qadınlara qarşı qəddarlıq göstərmişlər. Onlarla aksiya iştirakçısı həbs edilərək naməlum istiqamətə aparılmışlar”.
Bəyanatda daha sonra qeyd olunur: “Fəvvarələr meydanındakı aksiyada AXCP sədrinin müavinləri Gözəl Bayramlı, Asəf Quliyev, AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov, keçmiş vicdan məhbusları AXCP sədrinin müşaviri Məhəmməd Məcidli, AXCP Nizami şöbəsinin sədri Zülfüqar Eyvazlı, AXCP fəalı Babək Həsənov və digərləri həbs edilmişlər. Aksiya zamanı həmçinin bir sıra müsavatçılar, N!DA-çılar, digər təşkilatların üzvləri və gənc fəallar da həbs edilmişlər, Azərbaycan iqtidarının və polisinin qanunsuz əməlləri bununla bitməmişdir. Belə ki, xeyli sayda polis və idmançı görkəmli mülki geyimli şəxslər Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirildiyi saatlarda partiyanın qərargahını mühasirəyə almışlar. Polis işçiləri və mülki geyimli şəxslər “Azadlıq” metrostansiyası yaxınlığında “Saxta parlament buraxılsın!” şüarı ilə aksiya keçirən Müsavat fəallarına hücum etmiş, onlara fiziki təzyiq göstərmiş, onlarla partiya üzvünü həbs etmişlər. Bununla kifayətlənməyən polis işçiləri və mülki geyimli şəxslər Müsavat Partiyasının qərargahına soxulmuş, bir neçə partiya üzvünü birbaşa qərargahın içərisində həbs edərək polis idarəsinə aparmışlar. Həbs edilənlər arasında Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli, başqan müavini Gülağa Aslanlı, Divan üzvü Qubad İbadoğlu, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı, Müsavat Partiyası Təşkilat Departamentinin rəhbəri Söhrab Məhərrəmli, Müsavat başqanının müşavirləri Mustafa Hacılı, Hüseyn Məlik, İctimai Palatanın tanınmış üzvləri və digərləri vardır”.
“İctimai Palatanın Koordinasiya Şurası Azərbaycan hakimiyyətinin bu özbaşınalığını və mürtəce hərəkətlərini qətiyyətlə pisləyərək tutulanların dərhal azad olunmasını tələb edir”, – deyə bəyanatda vurğulanır.
Sənəddə daha sonra deyilir: “YAP Siyasi Şurasının üzvü, keçmiş deputat Gülər Əhmədova ilə bağlı parlament seçkilərinin saxtalaşdırıldığını, deputat mandatlarının ölkə başçısı tərəfindən paylandığını sübut edən ifşaedici video-materialın meydana çıxmasından sonra, ölkə vətəndaşları qarşısında utanc hissi keçirmək və bu məsələ ilə əlaqədar ciddi, aşkar və qanunauyğun araşdırma aparmaq, günahkarları cəzalandırmaq əvəzinə, seçki saxtakarlığına etiraz edən vətəndaşlara divan tutulması mövcud rejimin heç bir hüquqi və əxlaqi əsasının olmadığını bir daha aydın göstərir. bp şirkətindən öhdəliklərə əməl etməsini tələb edən iqtidar özü konstitusiya, ölkə vətəndaşları və beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir.
İctimai Palatanın Koordinasiya Şurası Bakıdakı diplomatik korpusa, həmçinin dünya birliyinə müraciət edərək, Əliyevlər rejiminin özbaşınalıqlarına göz yummamağa və ölkədə demokratik prosesin dəstəklənməsi üçün qəbul edilmiş bütün vasitələrdən istifadə etməyə çağırır”.