21-ci ili də ötürdük

Elə şeylər var ki, adam heç bir halda ondan peşmançılıq çəkmir. Məsələn, o, adam deyil, daş-kəsək doğulmadığına görə peşmançılıq çəkə bilərmi? Bu mənada müstəqillik də istisna deyil. Onun da 21-ci ilini başa vurduq. Sözlər bu günün hisslərini ifadə etməkdə acizdir. Nə deyək? Sevinmək üçün də və kədərlənmək üçün də əsas çoxdu. Artıq elə nəsil yetişib ki, o, gözlərini açıb ölkəni müstəqil görüb. Amma həmin nəsil gözünü açandan ölkənin beşdən bir hissəsinin işğal altında olduğunu da görüb. Sanki cəmiyyətlərin həyatını da özünəməxsus “saxlanma qanunları” tənzimləyir – bir gözün sevinəndə o biri gözün ağlayır. Deyirlər, Musa peyğəmbərin yəhudiləri səhrada düz 40 il dolandırmağının səbəbi varmış. O, istəyirmiş ki, yəhudilər tox köləlik dövrü haqdakı bütün təsəvvürlərini itirsinlər, yeni torpaqlarda çətinliklərə, ağırlığa hazır olsunlar. Indi bizdə də Musa peyğəmbər roluna iddia edənlər çoxdur… Lakin heç kim onları bu rolda qəbul etməyəcək – nə tarix, nə də ki, cəmiyyət.
Ölkədə elə insanlara “Istiqlal” ordeni verilib ki, onlar heç bir vaxt bu sözün fərqində olmayıblar, onun kəsb etdiyi mənanı başa düşməyə çalışmayıblar, bu adın verdiyi məsuliyyəti duymayıblar, lakin onun imtiyazlarından gen-bol istifadə ediblər. Keçmiş sovetlərin əksər ölkələrində istiqlalçı deputatların bir çox imtiyazları var, çünki onlar “Müstəqillik aktı”na imza atıblar, o, isə hər millətin tarixində heç də tez-tez baş vermir. Desək ki, həmin deputatlar heç nə ummurlar, bu, çox pafoslu bəyanat olar, çünki insan həmişə nəsə bir şey umur, diqqətə ehtiyacı olur, xəsusən nəzərə alanda ki, həmin o insanlar artıq heç də cavanlıq yaşlarında deyillər, bəzisi hətta dünyasını dəyişib. Nə səbəbə biz onları, öz dilimizdə desək, saymırıq? Axı onların adi bir diqqətə, çox adi diqqətə ehtiyacı var… Bu adamlardan söhbət düşəndə hakimiyyətin ideoloqları qayıdır ki, biz niyə durub onlara imtiyaz verməliyik, bütün ölkələr azad oldu, Azərbaycan da onların sırasında!.. Amma elə ki, söhbət H.Əliyev haqda gedir, başlayırlar hamıya təlqin etməyə ki, bəs Azərbaycanın azadlığı və müstəqilliyi bu adamla bağlıdır! Dərhal sual yaranır. Bütün ölkələrin aqibəti eyni olacaqdısa, onlar hamısı azad olacaqdısa, məgər o H.Əliyevsiz mümkün olmayacaqdımı? Indi bəzi telekanallar guya ki, müstəqilliyi, bizim istiqlalçı deputatları “anır”lar. Amma ekranın küncündən H.Əliyevin təsviri boylanır… Mənə elə gəlir ki, H.Əliyev siyasətə və cəmiyyətin həyatına elə bir ənənələr gətirdi ki, millət hələ uzun müddət bunların ağrısını çəkəcək. Bunu düşünmək lazımdır ki, biz bu ənənələrdən necə edək ki, tez qurtulaq? 21 ilin 19-u bunların payına düşüb. Müstəqilliyin verdiyi bütün faydalardan və bu işin nəticəsindən yalnız bunlar yararlandı. Mən bunlara hər şeyi bağışlardım və çox şeyin üstündən keçərdim, təkcə iki şeydən savayı. Biri Qarabağdı, o biri isə bunların tarixə qarşı açdığı savaşdı. Ölkənin 20 faizi işğal altındadır, amma bu haqda heç nə danışmırlar. Di gəl, M.Ə.Rəsulzadəni və başqalarını bizim qanuni torpaqlarımızda erməni dövlətinin yaranmasına razılıq verdiyi üçün qınayırlar! Mən ümid edirəm ki, tarixçilər nə vaxtsa bu ittihama tutarlı cavab verəcəklər… Başqa məsələ də elə tarixlə bağlıdır. Artıq qəbul olunmuş tarixi simvollarla özünü bağlamaq və bu yolla özünə bir ictimai status əldə etməyə çalışmaq adi haldır, hamı istəyir ki, adı tarixə düşsün. Amma bunlar özlərini tarixə salmaq üçün tarixin üstündən qara xətt çəkirlər və o məqsəd naminə tarixə qarşı əsl savaş açıblar. Qoy açsınlar! Görək, sonda nə olacaq və kim qalib gələcək, kim tarixdə qalacaq və kimləri tarix lap evdar qadınlar əşyaları silən kimi öz səhifələrindən birdəfəlik siləcək?

Kiçik sözardı

Bu yazı bir-iki gün irəli yazılmalıydı. Amma bu da yetər. Mənim bunlara bir iradım da var. Bizim cəmiyyət infarkt keçirmiş ürəyə bənzəyir, çatlarla dolub.
Bunlar çatların bitişməsinə imkan vermədilər. Bunun üçün nə lazım idi? Adi bir vətəndaş barışığı. Amma onlar buna getmədi, əksinə çatları dərinləşdirib sayını bir az da artırdılar və düşünmədilər ki, bu cəmiyyət bu ürəklə çox da uzağa gedə bilməz, onun dayandığı bir gün olacaq…