Vicdan məhbusu AXCP sədrinin müşaviri oldu

Məhəmməd Məcidli partiyada daha yuxarı vəzifəyə təyin edildi

AXCP-də yeni təyinat olub. AXCP İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, keçmiş vicdan məhbusu Məhəmməd Məcidli partiya sədrinin müşaviri təyin edilib.
Məhəmməd Məcidli 1973-cü ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. 1990-92-ci illərdə  Böyük Mərcanlı kəndində müəllim işləyib. 1992-ci ildən  Dağlıq Qarabağdakı  döyüşlərdə iştirak edib, iki dəfə  yaralanıb, müharibə veteranıdır.
2006-ci ildə BDU-nun tarix fakültəsini magistratura pillələsində bitirib. 2006-2009-cu ildə Azərbaycan Milli Elmlər  Akademiyasının Tarix İnstitutunda aspirantura təhsili alıb. «Azərbaycanın  ərəb ölkələri ilə  əlaqələri» (1991-1996-cı il) mövzusunda dissertasiya işi yazıb.
1989-cu ildən AXC,  1995-ci ildən AXCP üzvüdür. 2002-2011-ci illərdə  AXCP BDU şöbəsinə rəhbərlik edib. 2010-cu ildə  Cəbrayıl-Qubadlı  seçki dairəsindən  AXCP-nin deputatlığa namizədi olub.  2011-ci ildə AXCP İctimaiyyətlə Əlaqələr şöbəsinin  müdiri təyin olunub.
İctimai Palatanın  2 aprel 2011-ci ildə keçirdiyi aksiyada həbs olunub, 2 il 6ay  müddətinə azadlıqdan məhrum edilib. “Amnesty İnternational” tərəfindən vicdan məhbusu elan olunub.
Azərbaycan ictimaiyyəti və beynəlxalq təzyiqin  nəticəsi olaraq  bu ilin iyununda həbsdən azad edilib.