Əsəd rejimi ilə müxaliflər arasında gedən qarşıdurmalarda 28 min adam yoxa çıxıb
Suriyada 1 ildən çoxdur davam edən qarşıdurmalar barədə növbəti ilginc məlumat yayılıb. Yerli hüquq-müdafiə təşkilatı Bəşər Əsəd rejimilə müxaliflər arasında gedən silahlı qarşıdurmalar nəticəsində 28 min insanın yoxa çıxdığını açıqlayıb. Təşkilat bu barədə sənədlərin, eləcə də aparılan araşdırmaların nəticələrinin BMT-dəki insan haqları qurumlarına göndəriləcəyini bəyan edib.
Hüquq müdafiəçilərinin sözlərinə görə, onlarda münaqişə dövründə itkin düşmüş 18 min adamın adı var. Daha 10 min adam haqqında məlumat toplayırlar. Itkin düşənlər arasında çoxlu dinc sakinlər, o cümlədən qadınlar və uşaqların olduğu bildirilir.
Bu arada, BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Laxdar Brahimi Bəşər Əsəd hökumətini müvəqqəti atəşkəs rejimi tətbiq etməyə çağırıb. Livanın baş naziri Nəcib Mikati ilə görüşdən sonra Brahimi Bəşər Əsədi oktyabrın 25-də başlayacaq Qurban bayramı günlərində atəşkəs elan etməyə çağırıb. Xüsusi nümayəndənin sözlərinə görə, hakimiyyət atəşkəsə əməl edərsə, müxalifət də bununla razılaşacaq. Brahimi əlavə edib ki, Suriyada böhran davam edərsə, bu, qonşu ölkələr və bütün region üçün təhlükəli olacaq.
Suriya hökumətinin sözçüsü Cihad əl Makdişi bildirib ki, hakimiyyət ölkədəki böhranın sona çatması üçün addım atmağa hazırdır.
Bundan əlavə Suriyada çəkildiyi bildirilən bir videoda havada partlayan helikopterin görüntüləri yayımlanıb. Görüntülərin həqiqi olub-olmadığı müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Üsyançılar isə “Əl-Cəzirə” telekanalına Idlibdə Suriya hərbi helikopterini vurduqlarını bildiriblər.