“Rusiya artıq düyməyə basmış”

Fazil Mustafa azərbaycanlı oliqarxların İttifaqını “vurdu”

“Bu format birbaşa Putinin onları bəlkə də məcbur etdiyi bir formatdır və hədəfləri Azərbaycan üçün Rusiya mətbəxində nəyinsə hazırlanmasıdır”

Milli Məclisin üzvü Fazil Mustafa “lent.az” saytında “İvanzadə” adlı məqalə ilə çıxış edib. Məqalədə son günlərin aktual mövzularından olan Rusiyada azərbaycanlı oliqraxların və başqa tanınmış şəxslərin yeni təşkilat – Rusiyanın Azərbaycan Təşkilatları İttifaqı yaratmasına da münasibət bildirilir. F.Mustafa bu məsələ ilə bağlı yazır:
“Ölkənin başını Rusiyanın günəşi vurmağa başlayır. Kimsə sevinməsin orada baş verənlərə. Çünki Rusiyanın sevmədiyi birinci kateqoriya insanlar Rusiya hegemoniyasını həzm etməyən xalq hərəkatı bazasındadır. Hakimiyyət içində Rusiya qatarını illərlə gözləyənlər isə yetərli saydadır. Təsəvvür edin ki, qatarın təkərini Rusiyadakı səfirimiz Polad Bülbüloğlu yağlayıb relsə qoymuş. Bir şey də aydındır ki, Rusiyadan bu dəfə gələn qatarda heç Nərimanov da olmaya bilər. Ancaq İvanzadə olacaqdır.
Rusiyada baş verənlərin mahiyyətini hamı dərhal anlasa da, hər kəs Anadolu türklərinin deyimi ilə “salaqlama yapmaya” başlamış. Rusiya artıq düyməyə basmış. Uzun illərdən sonra Azərbaycana ilk ciddi real siyasi təzyiqə start verildi. Rusiya Azərbaycan Təşkilatları İttifaqı elə simaları birləşdirmiş ki, onları hətta Azərbaycan iqtidarı çalışsaydı belə, bir təşkilata yığa bilməzdi. Diasporla İş üzrə Dövlət Komitəsinin bu təşkilata qarşı etimadsızlıq ifadə edən bəyanatı da məsələnin mahiyyətini diplomatik yolla açmış oldu. Yeni ittifaqdan verilən cavab isə şifrələrin tam açılmasına gətirib çıxardı: “Biz siyasi fəaliyyətlə məşğul olmayacağıq və İlham Əliyevə sadiqik”. Əgər deyilsəydi ki, “biz Azərbaycana sadiqik”, bu, daha ölçülü-biçili və manevr etməyə uyğun cavab olardı. Çünki istənilən qaranlıq niyyətləri “Azərbaycana sadiqliyin” arxasında gizlətmək mümkün. Ancaq “İlham Əliyevə sadiqik” sözündən sonra gələn ritorik sualı gec-tez cavablandırmaq tələb olunacaq: “Bəs Putinə necə? Sadiqsinizmi?”. Putinə azacıq belə sadiq olmamanın bədəlini Telman İsmayılov cənablarından soruşsalar, yetərli olar.
Əslində bu qurumda yer alan insanlar Rusiya mühitində bəlli bir mərtəbəyə yüksəlmiş imkanlı və qabiliyyətli azərbaycanlılardır və onlara normal sayğı duymaqdayam. Arqumentlərinə də inandırıcı baxa bilərəm. Ancaq bu format birbaşa Putinin onları bəlkə də məcbur etdiyi bir formatdır və hədəfləri Azərbaycan üçün Rusiya mətbəxində nəyinsə hazırlanmasıdır…”.