Putindən sərt bəyanat

«Heç kim silah məsələsində Rusiyaya diktə edə bilməz!»

Rusiya prezidenti Vladimir Putin Suriya hakimiyyətinə siyasi və hərbi dəstəyə görə ölkəsinin qınanmasına sərt münasibət bildirib. Prezidentin sözlərnə görə, Rusiya yalnız BMT Təhlükəsizlik Şurasının sanksiyası ilə xaricə silah ixracını məhdudlaşdıra bilər.
Bəzi ekspertlər Putinin bu açıqlamasını, Qərbin etirazlarına baxmayaraq, Rusiyanın Suriya ilə silah alverini davam etdirəcəyinə işarə kimi dəyərləndirib.
Putin müdafiə sənayesi işçilərilə görüşündə bir neçə gün əvvəl Moskvadan Dəməşqə uçan təyyarənin Türkiyədə endirilməsi və göyərtəsində yoxlamalar aparılmasına da üstüörtülü şəkildə şərh verib. O bildirib ki, heç kim silah məsələsində Rusiyaya diktə edə bilməz: “Hərbi silahların bu və ya digər ölkələrə daşınmasına yalnız BMT Təhlükəsizlik Şurasında qəbul olunmuş sanksiyalarla məhdudiyyət qoymaq olar. Biz məhz bu prinsip çərçivəsində hərəkət edirik. Bütün başqa hallarda, heç kimin, heç bir əsasla, Rusiya və ya digər bir ölkəyə kiminlə və necə ticarət aparmağı diktə etməyə ixtiyarı yoxdur”.