Elçin Behbudov: «Vüqar Lotu Quli adlı avtoritetin yaxın qohumu olan qızı qaçırıb»
«Ona xəbər göndəriblər ki, sən həbsxanaya gələn kimi qulaqlarını kəsəcəyik»
Işgəncələrə Qarşı Azərbaycan Komitəsi regional şöbəsinin nümayəndəsi oktyabrın 18-də Masallı rayon Polis Şöbəsinin Müvəqqəti Saxlanma Təcridxanasında baş vermiş intihar hadisəsi ilə bağlı araşdırma aparıb. Bu barədə APA-ya komitə sədri Elçin Behbudov məlumat verib.
E.Behbudov komitənin Masallı şöbəsinin nümayəndəsi Ağakərim Kərimovun təcridxanada araşdırma apardığını deyib:”Araşdırma nəticəsində məlum olub ki, oktyabrın 18-də saat 14:30 radələrində Masallı sakini 1980-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinən Vüqar Ələkbərov təcridxananın kamerasında özünü mələfə ilə asaraq intihara cəhd edib. O, xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib. Bizdə olan məlumata görə, Vüqar Ələkbərov əvvəllər də iki dəfə məhkumluq həyatı yaşayıb. Onun üzərinə baxış keçirilərkən hər hansı işgəncə faktı aşkar olunmayıb. Orada əməkdaşımıza bildiriblər ki, Vüqar Lotu Quli adlı avtoritetin yaxın qohumu olan qızı qaçırıb. Həbsxanadan da ona xəbər göndəriblər ki, sən həbsxanaya gələn kimi qulaqlarını kəsəcəyik. Ola bilsin Vüqar da bundan qorxub. Hazırda DIN əməkdaşları da hadisənin baş vermə səbəblərini araşdırırlar. Hadisənin hansı səbəbdən baş verdiyi bütün araşdırmalar başa çatandan sonra bilinəcək”.
Qeyd edək ki, oktyabrın 12-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Istintaq Təcridxanasından Masallı Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Təcridxanasına etap edilmiş Vüqar Ələkbərov oktyabrın 18-də təcridxananın pəncərə barmaqlığından mələfə ilə özünü asmağa cəhd göstərib. O, təcilli olaraq xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.