Orta məktəbdə partlayış və qaz təlaşı

Səhiyyə Nazirliyi Bakıdakı 109 saylı məktəbdə baş verən hadisə ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, bu gün səhər saatlarında Nizami rayonu ərazisindəki 109 saylı orta məktəbdə şagirdlərin ehtiyatsızlığı səbəbindən fişəngin partlaması nəticəsində sinif otağında gərginlik yaranıb.

Nəticədə məktəbin dəhlizində tüstü yaranıb və bu səbəbdən uşaqlar arasında qısamüddətli gərginlik yaşanıb. Məktəbdən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal 7 təcili yardım briqadası göndərilib.

Hadisə yerində stress və qorxu keçirmiş bir neçə valideyn və şagirdə yerindəcə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri nisbətən ağır olan 14 yaşlı iki şagird isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Toksikologiya şöbəsinə daxil olmuş hər iki şagirdin vəziyyətləri yüngül qiymətləndirilir. Şagirdlər qısa bir zaman ərzində evlərinə buraxılacaqlar.

***

Bakı şəhər Təhsil İdarəsi Bakının Nizami rayonunda yerləşən 109 saylı orta məktəbdə baş verən hadisə ilə bağlı məlumat açıqlayıb.

İdarənin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zəminə Əliqızı Lent.az-a açıqlamasında bildirib ki, sözügedən orta məktəbdə hər hansı partlayış baş verməyib: “109 saylı məktəbdə heç bir partlayış olmayıb, tələfat yoxdur. Deyilənə görə, 11-ci sinif şagirdlərindən biri sinif otağına hansısa maddə gətirib. Onun da hələlik nə olduğu dəqiqləşməyib. Hazırda polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da ordadır. Şagirdlərdən yalnız iki qız özünü pis hiss edib. Onlar da həkim nəzarətindədir. Məktəbdə təhsil alan şagirdlərin valideynləri təlaş içindədir. Ancaq bildirirəm ki, narahatlığa əsas yoxdur. Bu, xırda təxribat olub. Hazırda müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır. Məktəbdə dərslər davam etdirilir”.

***

“Yeni Müsavat”ın dərhal hadisə yerində olan əməkdaşıları öyrəniblər ki, məktəbin üçüncü mərtəbəsində sinif otaqlarından birinə mənşəyi bilinməyən qaz buraxılıb. Nəticədə 8 məktəbli zəhərlənərək xəstəxanaya aparılıb.
Müəllimlər bildiriblər ki, məktəbdə heç bir partlayış səsi eşidilməyib, sadəcə sinfidə qaz iyi hiss edilib.
Hadisə yerinə gələn Nizami Rayon Qaz İdarəsinin və “Azəriqaz” ASC-nin əməkdaşları bildiriblər ki, məktəbə ümumiyyətlə təbii qaz verilmir. Şagirdlər məktəbdən çıxarılıb və məktəb boşaldılıb. Fövqəladə Hallar Nazirliyinin, Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerindədir.
Məktəbin direktoru Füzuli Xudiyev əvvəlcə açıqlama vermək sitəməsə də, sonra danışıb və bildirib ki, baş verənlər təxribatdır. O, ciddi bir hadisə baş vermədiyini söyləyib. Direktorun sözlərinə görə, 3-cü mərtəbədə sinif otağında havaya qaz buraxılıb və bir neçə şagirdin halı pisləşib.
Hazırda FHN-in radiasiyaya qarşı çalışan dəstəsi məktəbdə təhqiqat aparırlar.

***

Bu gün saat 11:00 radələrində Bakının Nizami rayonunda yerləşən 109 saylı orta məktəbində baş verən insidentdə xəsarət alanların kimliyi müəyyən olub. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun ANS PRESS-ə verdiyi məlumata görə, 2 nəfər xəstəxanaya naməlum qazdan zəhərlənmə diaqnozu ilə daxil olub.

Xəstəxanaya 14 yaşlı Aytac Zeynalova və 17 yaşlı Afət Əlizadə gətirilib. Onların həkimə dediyinə görə, hadisə məktəbin dəhlizində baş verib.

Hazırda Aytacın vəziyyəti yaxşıdır, Afətin vəziyyəti isə orta-ağırdır. Ümumilikdə isə onların heç birinin həyatı üçün təhlükə yoxdur.

***

Oktyabrın 19-da səhər saatlarında Nizami rayonu ərazisindəki 109 saylı orta məktəbdə şagirdlərin ehtiyatsızlığı səbəbindən fişəngin partlaması nəticəsində gərginlik yaranıb. Bu barədə Trend-ə orta məktəbdən məlumat verib.

Bildirilib ki, nəticədə məktəbin dəhlizində tüstü yaranıb və bu səbəbdən uşaqlar arasında qısamüddətli gərginlik yaşanıb. Məktəbdən bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.
Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, həmin məktəbdə şagirdlərdən birinin əlində qazla işləyən əşya partlayıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, məktəbdə 14 yaşlı iki şagird naməlum qazla zəhərlənib və onlar Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Hadisə yerində stress və qorxu keçirmiş bir neçə valideynə və şagirdə ilkin tibbi yardım göstərilib.

Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib ki, şöbəyə iki məktəbli qız zəhərlənmə diaqnozu ilə qəbul edilib. Xəstələrin vəziyyəti orta-ağırdır, zəhərlənmə ciddi deyil.
Zəhərlənmənin səbəbi araşdırılır. Hadisənin daha çox kimyəvi maddədən baş verdiyi ehtimal edilir.