Onlar Rəqsanəni tənqid etmək azadlığı uğrundamı ölmüşdülər?

Dünən MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin müğənniləri tənqid edən açıqlamalarını oxudum, çox sərt danışıb, məsələn belə: çox savadsızdırlar, danışıq səviyyələri sıfıra bərabərdir, imtahan versələr, əlbəttə ki, kəsilərlər-filan. 
Bunu mən götürüb istənilən məmur haqqında yazsam, aqibətim bəllidir, ən yaxşı halda 5-10 minlik məhkəmə cəriməsini belimə şələləyərlər.
Ümumiyyətlə, söhbət heç Nuşirəvan Məhərrəmlidən də getmir. Hakimiyyətin deputatı olsun, politoloqu, baş redaktoru olsun, fərq etməz, bunların tənqidlərinin bircə motivi var – o da müğənnilərdir.
Həm evi, təqaüdü müğənnilərə verirlər, həm də ancaq onları tənqid edirlər.
Biz isə bilmək istəyirik: niyə bu ölkədə müğğəniləri tənqid etmək azadlığı tanınır, amma məmurları yox? Niyə müğənnilərə ünvanlananda tənqid yaxşıdır, məmurlara ünvanlananda pis? Niyə müğənniləri tənqid edəndə hakimiyyətdəkilər hamıdan qabağa düşürlər, amma tənqid hədəfi məmurlar seçiləndə bu, “erməni dəyirmanına su tökmək” olur, “xaricdən maliyyələşmək” olur?
Yoxsa belə çıxır, biz o boyda rus qoşunlarının qabağına əliyalın ona görə çıxdıq, meydanları ona görə doldurduq, onca qurbanları ona görə verdik, ona görə müstəqil olduq ki, axırda Rəqsanəni tənqid etmək azadlığımız olsun?
Belədə komediya olarmı, cənablar?!
Etibar Babayevdən kiçik bir ricam var
“Space” telekanalının keçmiş direktoru Etibar Babayevin bir intervüsünə rastladım dünən. Bir vaxtlar aparıcısı olduğu “Sözlü-nəğməli Istanbul” verilişi barədə də danışıb, deyib: “Hələ sovet hökuməti dağılmamışdı, SSRI-nin xarici siyasətinə Türkiyə və Azərbaycanın yaxınlaşması uyğun deyildi. O zamanlar bir azərbaycanlıya Amerikaya getmək daha asan idi, nəinki Türkiyəyə. Bax, o tikanlı-məftilli zamanlarda hazırladığım verilişlər iki ölkə arasında mədəni körpü oldu”.
O verilişlərə azdan-çoxdan mən də baxmışam, populyarlığına da şahidəm. Nə qədər “mədəni körpü” rolu oynayıb-oynamadığını isə bilmirəm. Bilənlər varsa, onlar deyər.
Mənim üzərində dayanmaq istədiyim məqam başqadır: doğrudan da SSRI Türkiyə ilə Azərbaycan arasında bir yaxınlaşma arzulamırdısa, Etibar Babayev istəsə belə, o verilişləri hazırlaya bilməzdi. Deməli, Sovetlərin ya əvvəlcədən belə bir allergiyası, qadağası yox idi, ya da vardısa, artıq aradan qalxmış olmalı idi ki, həmin verilişlərin hazırlanmasına da əngəl törədilmirdi.
Yoxsa artıq əl çəkmək lazımdı bu vərdişlərdən ki, Sovet vaxtı filan mövzu yasaqlı sayılırdı, amma mən filan verilişlə, filan şeirlə, filan məqalə ilə buzu sındırdım, meydan oxudum-zad. Bu cür söyləmlər adamda sadəcə, təbəssüm yaradır.
Xüsusən də 70 il ərzində heç bir sandıq ədəbiyyatının yaranmadığı, sadəcə, “icazəli cəsarət” nümunələrinin mövcud olduğu ölkədə!
Yeri gəlmişkən, Etibar müəllim, Elçin Əfəndiyev də illərdir “Yaxın-uzaq Türkiyə” məqaləsi ilə imperiyanın antiTürkiyə əhval-ruhiyyəsini baltaladığı, “iki qardaş xalqın arasında körpü qurduğu” barədə nağıllarla hamının zəhləsini töküb. Bunun üstünə “Sözlü-nəğməli Istanbul”la bir yenisini də siz əlavə eləməyin, lütfən.
O təzadı necə izah etməli?
Rusiyadakı azərbaycanlı oliqarxların yaratdığı yeni təşkilat ətrafındakı hay-küydən xəbəriniz var, həmin təşkilatın Əliyev hakimiyyətinə qarşı olduğu yazılıb-pozulur.
Dünən də bu deyilənlərə Allah qoymasa, aydınlıq gətirmək üçün təşkilatın bəyanatı yayılıb, əl boyda bəyanatda dağ boyda təzad var.
Əvvəldə yazıblar ki, qurum siyasətlə məşğul deyil, sadəcə, Rusiyada yaşayan azərbaycanlıların sosial, humanitar məsələlərinin həlli üçün koordinasiya işlərini həyata keçirəcək.
Növbəti cümlədə isə oxuyuruq: “Qurumun üzvləri Azərbaycan prezidenti Ilham Əliyevə sadiq insanlardır və bu xətt heç vaxt dəyişməyəcək”.
Belə çıxır ki, ya bunlar siyasətlə məşğul olmayacaqlarını deyib ardınca Ilham Əliyevə sədaqətlərini dilə gətirməyin əslində elə siyasətlə məşqulat etmək anlamına gəldiyini anlamayacaq qədər əqli problem yaşayırlar, ya da Ilham Əliyevi müdafiə edən xəttin siyasətlə heç bir əlaqəsi olmadığı qənaətindədirlər ki, bu daha betər biabırçılıqdır – belə çıxır, onlar YAP hakimiyyətinin başçısını siyasətçi kimi görmürlər.
Yoxsa mənim ağlıma üçüncü izah gəlmir.