Səfirliklərə və Ədliyyə Nazirliyinə 300 səhifəlik hesabat göndəriləcək
Aslan İsmayılov: «Dustağa münasibət dəyişməsə, həbsxanalar beşulduzlu mehmanxanaya oxşasa belə, xeyri olmayacaq»
Dünən “Hilton” otelində “Həbsxanalar bizim gözümüzlə – Azərbaycanda həbsxanaların monitorinqi” adı altında ictimai dinləmələr keçirilib.ÿ”Insan Haqları Uğrunda” Ictimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə QHT rəhbərləri, hüquq müdafiəçiləri, vəkillər, Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri, həmçinin keçmiş siyasi məhbuslar Rauf Arifoğlu, Pənah Hüseyn, Ilqar Ibrahimoğlu, Elnur Məcidli, Bəxtiyar Hacıyev iştirak edirdi.ÿ
“Elə kaonlar var ki, dağıdıb başdan tikmək lazımdır”
“Insan Haqları Uğrunda” Ictimai Birliyinin rəhbəri Eynulla Fətullayev geniş məruzə ilə çıxış edərək bu tədbirin Azərbaycanda həbsxanaların vəziyyəti ilə bağlı keçirilən ilk ictimai dinləmə olduğunu bildirdi: “Həm beynəlxalq təşkilatlar, həm də yerli təşkilatlar etiraf edərək bildirirlər ki, Azərbaycanda insan haqları ilə bağlı ciddi narahatlıqlar var. Lakin son vaxtlar cəzaçəkmə müəssisələrində saxlanma şəraiti ilə bağlı irəliləyişlərə də nail olunub. Azərbaycanda Avropa standartlarına cavab verən cəzaçəkmə müəssisələri sırasında 1 saylı Bakı Istintaq Təcridxanasını, Şəkidə və Naxçıvanda yeni tikilmiş cəzaçəkmə müəssisələri komplekslərini misal kimi göstərmək olar. Həmçinin 3, 4, 9, 11 saylı müəssisələrdə də xeyli işlər görülüb, şəraitin yaxşılaşdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilib. Deməli, hər şey mütəxəssisdən asılıdır. Mütəxəssis olanda idarertmə də düzgün olur”.
E.Fətullayev bildirib ki, hazırda Azərbaycanın cəzaçəkmə müəssisələrində kriminal üsullarla idarəçilik, “obşak” anlayışı mövcud deyil: “Keçmiş sovet ölkələri arasında yalnız Azərbaycanda və Gürcüstanda buna nail olunub. Həm də hazırda müəssisələrə narkotik vasitələrin keçirilməsi, satışı da demək olar ki, yığışdırılıb. Vaxt var idi ki, 6 saylı cəzaçəkmə müəssisəsində açıq bazar idi. Burada narkotik vasitələr açıq-aşkar satılırdı. Hətta müəssisənin mağazasında xüsusi lövhə də yazırdılar ki, ”şor gəlib”, yəni heroin var. Həmin həbsxananın rəisi sonradan həbs olundu”.
E.Fətullayev həbsxana “kars”larındakı vəziyyət barədə də danışdı. O bildirdi ki, cəzaçəkmə müəssisələrinə gedəndə ilk “karserlərin” vəziyyəti ilə maraqlanır: “Siyasi məhbuslar arasında məndən çox ”karsa” düşən olmayıb. Təcrübəmdən çıxış edərək deyə bilərəm ki, orada qalmaq faktiki olaraq mümkün deyildi. Divardan açılan çarpayılar səhər saat 5-də yığışdırılırdı, bir də axşam açılırdı. O vaxta qədər betonun üstündə gəzişməli olurduq. Çünki yatsaydıq, ya böyrəyimiz, ya da başqa bir orqanımız sıradan çıxacaqdı. Elə olub ki, 7 sutka yatmamışam. Amma artıq beton probleminə son qoyulub. Istisnasız olaraq hamısına taxta döşənib”.
E.Fətullayev bildirdi ki, bəzi cəzaçəkmə müəssisələri var ki, onlar dağıdılaraq başdan tikilməlidir. O, monitorinqin nəticəsi olaraq 300 səhifəlik hesabat hazırladıqlarını və onu bütün səfirliklərə, eləcə də Ədliyyə Nazirliyinə göndərəcəklərini bildirdi.
“Ölüm faktları araşdırılmalıdır”
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn həbsxanalardakı ölüm faktları, 14 saylı kalonda hökm sürən acınacaqlı şəraitlə bağlı lazımı araşdırmaların aparılmadığını dedi. O, həmçinin həbsxanalarda tez-tez işgəncə faktlarının qeydə alındığını da bildirdi. P.Hüseynin fikrincə, məhkəmə hüquq sistemi dəyişilməyincə həbsxanalarda yaradılan şəraitin bir önəmi olmayacaq.
Tədbirdə iştirak edən Almaniyanın Azərbaycandakı səfirliyinin 1-ci katibi və siyasi işlər üzrə müşavir Fredrik Hanke həbsxanalarla bağlı gənc yaşlarında başına gəlmiş hadisədən danışıb. Bildirib ki, səfirlik “Insan Haqları Uğrunda” Ictimai Birliyinin həbsxanalarda monitorinq keçirməklə bağlı layihəsini tərəddüd etmədən dəstəkləyib: “Çünki həbsxanalardakılar tək cinayətkar deyil, onlar həm də insandırlar və insani münasibət görməlidirlər”.
Almaniya Xarici Işlər Nazirliyinin nümayəndəsi Helbert Quel Avropa həbsxanalarındakı durumla bağlı məlumat verdi. O bildirdi ki, həbsxanalardakı vəziyyət hər kəsi narahat etməlidir: “Bu sahədəki nöqsanları yalnız cəmiyyətin bu məsələyə reaksiyası aradan qaldıra bilər”.ÿ
Ictimai dinləmədə Penitensiar Xidmətin Ictimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov da çıxış edib. M.Sadıqov hazırda Azərbaycanda cəzaçəkmə müəssisələrində şəraitin yaxşılaşdırılması üçün kompleks tədbirlərin həyata keçirildiyini və yaxın gələcəkdə vəziyyətin daha da yaxşıya doğru dəyişəcəyini vurğulayıb.
“Orada nələrin baş verdiyini çox gözəl bilirik”
Hüquqşünas Aslan Ismayılov vəkilliklə məşğul olan şəxs kimi cəzaçəkmə müəssisələrindəki vəziyyətdən xəbərdar olduqlarını bildirdi: “Orada nələrin baş verdiyini çox gözəl bilirik. Həmin cəzaçəkmə müəssisələri beş ulduzlu mehmanxana səviyyəsində ola bilər. Amma mənim gördüklərim, dustaqlardan eşitdiklərim, müştərilərimin mənə dedikləri var. Məsələn, 1 saylı kalonda ölsən belə, səni pulsuz həkim müayinəsinə göndərməyəcəklər. Mən maraqladım ki, necə olur, Mədət Quliyev gələndən hər yerdə dəyişiklik olub, burada yox? Mənə deyildi ki, 1 saylının rəhbərliyi xüsusi səlahiyyətə malikdir. Kimlərinsə qohumu və ya yaxındır. Mən şəkəri 500 olan xəstəni müalicə müəsissəsinə yerləşdirməkdən necə boyun qaçırdıqlarına şahid olmuşam. Ürək işemiyasından ölürdü, onu yerləşdirmədilər. Sonra mən müdaxilə etdim, dedim adam pulunu da verib, niyə yerləşdirmirsiz. Yalnız bundan sonra tədbir gördülər. 1 saylı kalonda hər şeyi pul həll edir. Ona görə də təcrixanalarda birinci növbədə dustağa münasibət dəyişməlidir. Yoxsa şəraiti yaxşılaşdırmağın heç bir xeyri olmayacaq”.
“Nəzarətdə olan dustaq nə deməkdir?”
Daha sonra vəkil Anar Qasımlı çıxış edərək adı müsbət kalonlar siyahısına düşən 11 saylı cəzaçəkmə müəssisəsi ilə bağlı dəfələrlə problem yaşadığını bildirdi: “Vəkil olaraq ən çox narazılığım bu müəssisədəndir. Müdafiə etdiyim şəxslə – Mövsüm Səmədovla görüşə dəfələrlə buraxmayıblar ki, bu nəzarətdə olan dustaqdır. Mən başa düşmürəm ki, nəzarətdə olan dustaq nə deməkdir? Cəza alan hər bir kəs bərabər şəkildə cəzasını çəkməlidir. Mövsüm Səmədov ora köçürülən gün ”karsa” salınmışdı. Bu bir növ ona xəbərdarlıq idi. Indi o, ayağını ayağının üstünə qoysa, dərhal xəbərdarlıq alır”.
A.Qasımlı inanclı məhbusların ibadəti məsələsində də problemlərin olduğunu xatırlatdı: “Inanclı məhbuslardan dindar olması barədə arayış gətirmək tələb olunur ki, bu da olduqca absurddur”.
Işgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov isə çıxışında cəzaçəkmə müəssisələrində işgəncə faktlarının olmasından danışdı: “Nöqsanlar və işgəncə faktları kifayət qədərdir”.
Gültəkin