Elçibəyin qəbirini açmaq istəyirlər?

Hakimiyyət onu rəzil edən absurd siyasi layihədən niyə əl çəkmir?

Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, eks- prezident Əbülfəz Elçibəyin zəhərlənməsi üzrə açılmış cinayət işilə bağlı şok məlumat ortaya çıxıb.

Hakimiyyətdən növbəti gülünc iddia

“Modern.az” saytı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb ki, istintaq qrupu mərhum eks-prezidentin qəbirinin açılması ilə bağlı hazırlıq işləri aparır.  
“Cinayət işi ilə bağlı dindirilənlərin ifadələrinin yekun nəticəsi olaraq mərhum Elçibəyin qəbirinin açılması ilə bağlı iklin müzakirələr aparılıb”, – deyə mənbə bildirib.
Məlumata görə, eks-prezidentin qardaşı Almurad Əliyevin ötən həftə Respublika Prokurorluğuna çağırılması da təsadüfi olmayıb. Müstəntiqlər bu məsələdə eks-prezidentin ailəsinin mövqeyi ilə bağlı A.Əliyevlə müzakirə aparıblar.
Qanunvericiliyin tələblərinə görə, mərhumun qəbirinin açılmasına ailəsinin mütləq razılıq verməsi lazımdır.

Elçibəyin qardaşından sərt etiraz

Məlumatla əlaqədar A.Əliyevə müraciət etdik. Eks-prezidentin qardaşı bu məlumatın hardan qaynaqlandığını bilmədiyini və belə bir şeyin baş verəcəyinə inanmadığını dedi. A.Əliyevin fikrincə, belə bir hazırlıq olsa, ondan, Elçibəyin ailəsindən razılıq alarlar. O, prokurorluqda onunla görüşdə Elçibəyin qəbirinin açılması barədə hər hansı söhbət olmadığını da dedi.
Belə bir planın olacağı təqdirdə buna necə reaksiya verəcəklərinə gəlincə, A.Əliyev bildirdi ki, nə özü, nə də Elçibəyin ailəsi qəbirin açılmasına heç bir halda razılıq verməyəcək. “Bunu yalnız zorla edə bilərlər. Bununsa axırı yaxşı olmaz”, – deyə o, vurğulayıb.

Bizim şərh

Beləliklə, aydın olur ki, hakimiyyət “Elçibəyin zəhərlənməsi” şousunu onun ailə üzvləri, yaxınları və ictimaiyyətin etirazlarına baxmayaraq, davam etdirmək niyyətindən əl çəkməyib. İndi də mərhum eks-prezidentin qəbirini açmaq kimi avantüranı ortaya atır.
Əslində, Elçibəyin zəhərlənməsi iddiası rəsmiləşdiriləndə buna göstərilən reaksiyalar hakimiyyəti bu absurddan əl çəkməyə sövq etməli idi. Çünki iddianın cəfəngliyi, ictimai qınağın sərtliyi birmənalı olaraq iqtidarın ziyanına işlədi.
Lakin görünür, bütün daxili və xarici siyasi şərtlər ziyanına inkişaf etdikcə, hakimiyyət bu istiqamətdəki səhvini dərinləşdirməkdən qaça bilmir. Müxalif qüvvələrin genişlənməsi və növbəti siyasi mərhələyə daha ciddi güclə hazırlaşması, “Gülər Əhmədova olayı”, BP ilə qarşıdurma və bu kimi başqa proseslər hakimiyyəti yeni gündəm yaratmağa təhrik edir. Bu mənada “qəbirin açılması” iddiasının gündəmi Rusiyada Əliyevlərin qudası da daxil olmaqla milyarderlərin və başqa nüfuzlu şəxslərin Azərbaycan hakimiyyətinə qarşı yeni təşkilatda birləşməsinin tutduğu bir vaxtda ortaya atılması da təsadüfi görünmür. Başqa sözlə, hakimiyyət ən absurd və gülünc addımlarla da olsa, düşdüyü ağır vəziyyətdən və onun üçün dağıdıcı gündəmdən xilas olmağa çalışır.

İnformasiya şöbəsi