Elşad Abdullayevin dedikləri ciddi araşdırılmalıdır

Müzəffər Baxışov: «Belə bir ittiham irəli sürülürsə, hüquq-mühafizə orqanları bunu hərtərəfli, obyektiv araşdırmalıdır»

Eynulla Fətullayev: «Elşad Abdullayevin irəli sürdüyü ittihamlarda müəyyən dolaşıqlıqlar var»

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev qardaşının oğurlanması ilə bağlı maraqlı faktlar açıqlayıb.
Elşad Abdullayev son ittihamlarında  qardaşının oğurlanmasına görə milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovu və MTN polkovniki Akif Çovdarovu ittiham edir. Qardaşı oğurlanan dövrdə polis polkovniki olan Hilal Əsədovun Bakı Şəhər Baş Polis Idarəsinin Banditizm Şöbəsinin rəisi işlədiyini vurğulayan E.Abdullayev hesab edir ki, M.Abdullayevin oğurlanmasında onların əli var.
Bəs bu səslənən ittihamlara və göstərilən faktlara müvafiq orqanlar aydınlıq gətirməlidirlərmi?
Bununla bağlı MTN-nin mətbuat xidməti ilə gün ərzində əlaqə saxlasaq da bir nəticəsi olmadı.
Tanınmış vəkil Müzəffər Baxışov bildirdi ki, Cinayət Prosesual Məcəllənin 204-cü maddəsinə əsasən hüquq-mühafizə orqanları fiziki şəxsin mətbuatda verdiyi məlumat araşdırma predmeti olmalıdır. E.Abdullayevin H.Əsədovu qardaşının oğurluğunda ittiham etdiyini deyən M.Baxışov vurğuladı ki, Azərbaycanda yüksək post tutan şəxs barəsində belə bir ittiham irəli sürülürsə, bunu hərtərəfli, obyektiv araşdırmaq hüquq-mühafizə orqanlarının borcudur: “Bu həm də hakimiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Çünki ittiham olunan şəxs Azərbaycanda yüksək postlardan birini tutur. Bu şəxs Azərbaycanın təhlükəsizliyinə təminat verən orqanda nazir müavini postunda çalışır. Amma həmin şəxsin bu cinayəti törədib-törətmədiyi barədə heç nə deyə bilmərəm. Çünki əlimdə faktlar yoxdur. Lakin onu deyə bilərəm ki, Azərbaycan hüquq-mühafizə orqanlarında çalışanlar haqqında bu qəbildən olan cinayətlərin törədilməsi barədə kifayət qədər sübutlar olub. Bu barədə məhkəmə hökmləri var”.

Hüquq müdafiəçisi Eynulla Fətullayev də bildirdi ki, irəli sürülən ittihamlar, əlbəttə, araşdırma predmeti olmalıdır. Amma, E.Fətullayevin fikrincə, E.Abdullayevin irəli sürdüyü ittihamlarda müəyyən dolaşıqlıqlar var və bu barədə mən onun özünə də bildirmişəm: “Mənim MTN-ə qarşı necə mövqedə olduğumu və bu istiqamətdə hansı araşdırmalara imza atdığımı hamı gözəl bilir. Amma Elşad Abdullayevin ittihamları ilə bağlı gərək həqiqəti söyləyəsən. Çünki Hilal Əsədov Elşad Abdullayev dediyi dövrdə Bakı Şəhər Baş Polis Idarəsinin Banditizm Şöbəsinin rəisi işləyib və onun bir o qədər də geniş səlahiyyəti olmayıb ki, bu cür mütəşəkkil qrup yaratsın. Digər tərəfdən, həmin dövrdə bu işlə məşğul olan başqa bir cinayətkar qrup fəaliyyət göstərirdi. Hilal Əsədov isə Hacı Məmmədovun dəstəsinə o zaman daxil olmayıb. Əksinə bu dəstə ilə onun münasibətləri gərgin olub. Başqa bir dolaşıqlıq isə Akif Çovdarovla bağlıdır. Çünki həmin dövrdə Akif Çovdarov MTN-də heç bir post tutmurdu”.

Hikmət