Firmanın rəhbəri borcları ilin sonuna qədər ödəyəcəyinə söz verdi
“Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin əməkdaşları oktyabrın 18-də “Qasid” mətbuat yayımı firması qarşısında etiraz aksiyası keçiriblər. “Pulumuzu verin”, “Qasid”ə qəsd, qəzetlərə qəsddir”, “Jurnalistlərin ciblərinə girənlərə ar olsun”, “Azərbaycan mətbuatı boğulur” şüarları ilə keçirilən aksiyanın gedişində firmanın rəhbəri, millət vəkili Mirkazım Kazımov ofisin qarşısına gələrək aksiyaçılarla görüşüb.
O, aksiyanı anlayışla qarşılasa da, problemi qəzet rəhbərləri ilə otaqda müzakirə etməyə üstünlük verdiyini bildirib. “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev isə otaqda məsələni dəflərlə müzakirə etdiklərini, amma problemin həll olunmadığını diqqətə çatdırıb. R.Hacıyev bildirib ki, jurnalistlər belə bir aksiyaya məcburən əl atıblar. Çünki qəzetlər maddi cəhətdən acınacaqlı vəziyyətlə üzləşiblər: “Nəşriyyat çapa görə haqqını tələb edir. Kağıza pul ödənməli, əməkdaşlara maaş verilməlidir. Lakin ”Qasid”dən pulumuzu ala bilmir və maliyyə böhranı yaşayırıq. Nəşriyyatın nəyinə lazımdır ki, mənim qəzetimin nə qədər işçisi var, onların maaşı var, o pulunu istəyir. Siz də bizim pulumuzu verin, Kazım müəllim. Qəzet borcdan batır. Bəs bizim işçilər nə ilə dolanmalıdır? Biz sizə məhsul vermişik, satmısınız. Pulumuzu isə vermək istəmirsiniz. Bu məhsul satılır axı. Öz faizinizi götürürsünüz bizə düşən məbləği vermirsiniz. Burada əsas məqsəd azad mətbuatı sıxışdırıb sıradan çıxarmaqdır”.
M.Kazımov isə yaranmış problemi belə izah edib ki, yay mövsümünə görə ticarət dövriyyəsi aşağı düşüb, üstəlik firmanın 100-dən çox köşkü götürülüb. Sizə demirik ki, pullarınız ödənilməyəcək. Sadəcə, bizdə iqtisadi böhrandır. Biz “Azadlıq” və “Yeni Müsavat” və qəzetləri ilə işləyirik və əməkdaşlığımız davam edəcək”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, “Qasid” satılan qəzetlərdən 30-40 faiz gəlir götürür: “Firma pulunu, faizini götürür, amma 6 aydır bizim pulumuzu vermir. Biz tələb edirik ki, gələn həftədən pullarımız ödənilsin”.
R.Arifoğluÿonu da qeyd edib ki, jurnalistəlrin bu aksiyası təkcə “Qasid”dən pullarını tələb etmək üçün deyil, həm də bu firmanın özünə dəstəkdir: “Çünki ”Qasid”ə qəsd olunur, onun köşkləri yığışdırlır. Bu isə qəzetlərin tirajına, maddi vəziyyətinə ciddi zərbə vurur”.
“Qasid”in rəhbəri isə onlara qarşı hər hansı qəsdin olmadığını deyərək köşklərin götürülməsini onların köhnəlməsi ilə izah edib. M.Kazımov rəhbəri olduğu firmanın çətin vəziyyətdən çıxmaq üçün müəyyən addımlar atdığını və ilin sonuna qədər qəzetlərə olan borcunu ödəyəcəyini bəyan edib. O, qəzetlərin borcunu ya əvvəlki qaydada onların özünə, ya da qəzetlərin borcunun əvəzinə Nəşriyyata ödəyə biləcəklərini deyib.ÿ
Qəzet rəhbərləri “Qasid”in yaranan borcu Nəşriyyatla qarşılıqlı həll etmək razılığının bir qədər əvvəl əldə edildiyini xatırlatdıqda isə, M.Kazımov bunun üçün onlarda müvafiq bank hesabının olmadığını bildirib.
Sonda “Qasid”in rəhbəri borcun qəzetlərə ilin sonuna qədər ödənəcəyini bir daha vəd edib və jurnalistlər bununla razılaşaraq aksiyanı başa çatdırıblar.
Polisin, xüsusilə Nəsimi Rayon Polis Idarəsinin Rəis Müavini Süleyman Nemətovun müşahidə etdiyi aksiyaya kənar müdaxilə qeydə alınmayıb. Jurnalistlərin aksiyasını izləyən ATƏT-in Bakı ofisinin əməkdaşları da bildiriblər ki, aksiya polis müşahidəsi ilə keçirilib və hər hansı bir insident baş verməyib.
Xatırladaq ki, “Qasid”in “Azadlıq” qəzetinə 30 min manatdan çox borcu var. Qəzet bir neçə dəfə firmadan satılmış qəzetlərin pulunu tələb etsə də, qarşı tərəf ödəniş etməyib. Satış pullarını ala bilməyən qəzetlərə isə “Azərbaycan” Nəşriyyatından çaplarının dayandırılacağı ilə bağlı xəbərdarlıq gəlib. Sentyabrın 3-də “Azadlıq” qəzetinə edilən xəbərdarlıqda qəzetin çap və kommunal xərclərə görə 35 min manat borcunun olduğu xatırladılıb və tez bir zamanda ödənilməsi istənilib. “Yeni Müsavat” qəzeti də “Qasid”in onlara 10 min manatdan çox borclu olduğunu deyir. Bu qəzetin nəşriyyata olan borcu isə 8600 manatdır.