baki-xususi-emeliyat

Bakıda görünməmiş silahlı əməliyyat

baki-xususi-emeliyatMTN və polis kriminallarla atışdı; şadlıq evinə bombalı hücum; ölən və yaralananların olduğu deyilir

Oktyabrın 18-i saat 20 radələrində Bakıda silahlı toqquşma baş verib. Paytaxın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində polis silahlı şəxslərə qarşı əməliyyat keçirib.

Hadisə “Yağmur” şadlıq evində baş verib. Məlumatlara görə, bir qrup kriminal avtoritet şadlıq evində toplantı keçirirmiş. Bu zaman hər hansı rəsmi izahatı olmayan səbəbdən polis onlara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı atəş açılıb, hətta səs bombasından istifadə olunduğu da deyilir.

APA-nın məlumatına görə, əməliyyat nəticəsində kriminal aləmlə əlaqəsi olan 30-a yaxın avtoritet saxlanılıb. Onların arasında Gürcüstan və Rusiyadan gəlmiş avtoritetlərin də olduğu bildirilir.

Əməliyyatla əlaqədar qəsəbənin mərkəzi küçəsini polis nəzarətə götürüb.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləsələr də əlavə açıqlama verilməyib.

***

“Yeni Müsavat! qəzeti isə isə hadisə yerinə gedən köşə yazarı Tofiq Yaqublunun (o, Suraxanı qəsəbəsində yaşayır) oradan topladığı və başqa mənbələrdən aldığı məluamtlara söykənərək xəbər verir ki, restoranda Nəriman adlı kriminaınl həbsxanadan çıxması münasibəti ilə böyük ziyafət verilirmiş. Nərimanın 2-3 gün öncə türmədən buraxılıbmış. Məclisdə Rusiyandan gələn kriminallar, adam oğruları da iştirak edirmiş.

Məlumatda o da bildirilir ki, kriminal avtoritetlərə qarşı əməliyyatı MTN və DİN birgə keçirib. Xüsusi təyinatlılar hücum etməzdən öncə içəridəkilərə təslim olmaqla bağlı əmr verib. Lakin restorandakılar bu əmrə tabe olmayıb. Bundan sonra içəri səs və tüstü qumbaraları atılıb. Hətta restoranın mətbəxinə də həmin qumbaralardan atıldığına dair iddialar var. Restoranda çalışan ofisiantların yaxınları deyiblər ki, qara maskalılar restorana daxil olan zaman içəridəkilər silahlı müqavimət göstərib. Deyilənə görə, bu zaman iki nəfər öldürülüb. Öldürülənlərin restoranda tədbir keçirən kriminallardan olduğu söylənir.

Hadisə yerində T.Yaqublu onu da eşidib ki, MTN və polis əməkdaşlarına atəş açan Robert adlı kriminal olub. Bəzi mənbələr onun məclisdə iştirak etmək üçün Rusiyadan gəldiyini, bəziləri isə “Əhmədli Robert” kimi tanındığını iddia ediblər. Deyilənlərə görə o, avtomat silahla xüsusi təyinatlılara qarşılıq verib. Şahidlər T.Yaqubluya deyiblər ki, Robert atışa-atışa restoranın pəncərəsindən düşüb qaçıb.

Başqa bir şahid T.Yaqubluya deyib ki, atışma zamanı restorandan iki nəfər çıxıb. Onlardan biri yaxınlıqdakı “Maşallah” marketə tərəf qaçarkən arxadan odlu silahdan açılan atəşlə yaralanıb.Buna baxmayaraq yaralı qaçmağa davam edib. Onun yoldaşı isə restoranın arxa tərəfində gizlənib. Onu polislər yaxalayıb. Hadisədən az sonra “Yağmur” restoranına gedən yollar bağlanıb.

T.Yaqublu bildirdi ki, kriminal aləmin nümayəndələri sözügedən restorana çox bahalı maşınlarla gəlib. Polis onların maşınların nömrələrini çıxarıb.

***

“Yeni Musavat” Nəriman adlı kriminalla bağlı bəzi məlumatlar əldə etdiyini də bildirir. Qəzetin yazdığına görə, bu haqda redaksiyanı bilgiləndirən mənbə bunları deyib: “2000-ci ilin əvvəlində Rusiyada bir dəstə Fransa səfirinin müavinini oğurlamışdı. O cinayətkar dəstənin arasında azərbaycanlılar da vardı, o cümlədən Nəriman. Onları Rusiyada həbs edib, sonra mühakimə etdilər”. Mənbəmiz bildirdi ki, Nəriman cəzasını Rusiya həbsxanasında çəkib. 2008-ci ildə Azərbaycana ekstradisiya olunub. 1 saylı cəzaçəkmə müəssisəsində yatıb. Sonra 1-saylı türmədən 15 saylı ağır rejimli həbsxanaya keçirilib. 2-3 gün bundan qabaq azadlığa buraxılıb”.

Deyilənə görə, “Yağmur” restoranı əslən Cəbrayıl rayonundan olan Rauf adlı iş adamına məxsusdur. Onun Qaraçuxur qəsəbəsində “Rauf” adlı şadlıq evi də var. Məlumatlara görə, “Yağmur”un sahibi Rauf da həbs olunub. Onun kriminal aləmlə əlaqələrinin olub-olmadığı araşdırılır. Bunu da “Yeni Müsavat” yazıb.

Informasiya şöbəsi