Həsən Kərimov: «Bu tədbirlər nəticəsiz qalacaq»
Gülağa Aslanlı: «Hakimiyyət dünyaya meydan oxumaq xətti götürüb»
Hakimiyyət mitinq, digər kütləvi aksiyalarla bağlı sərt sanksiyalar tətbiq etmək niyyətindədir. “Media forum” saytının məlumatına görə, bu məqsədlə “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna, Cinayət Məcəlləsinə və Inzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi hazırlanıb.
Dəyişikliklər kütləvi aksiyalarda iştirak edən şəxslərin, aksiyaları təşkil edənlərin ödəyəcəyi cərimələrin məbləğinin artırılmasını nəzərdə tutur.
Əgər hazırda hökumətin keçirilməsinə razılıq vermədiyi kütləvi aksiyada iştirak edən şəxslər 7 manatdan 13 manatadək cərimə olunurlarsa, Milli Məclis Aparatına təqdim olunan layihədə bu cərimənin 500 manatdan 1000 manatadək artırılması təklif edilib. Layihədə hökumətin razılıq vermədiyi kütləvi aksiyanın təşkilatçıları üçün 1500 manatdən 3000 manatadək cərimə nəzərdə tutulub. Təşkilatçı vəzifəli şəxsdirsə (məsələn, siyasi partiyanın rəhbəri və ya funksioneridirsə), onun 3000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi təklif olunub.
Təşkilatçı hüquqi şəxsdirsə (siyasi partiya, QHT, şirkət və s.), layihədə ona 15000 manatdan 30000 manatadək cərimə tətbiq edilməsi təklifi irəli sürülüb.
Hazırkı qanunvericiliyə görə, rəsmən sanksiyalaşdırılmamış aksiya başqalarının hüquq və azadlığına, mənafeyinə əhəmiyyətli dərəcədə zərər vurduqda belə aksiyanın iştirakçıları 300 manatadək, təşkilatçıları isə 500 manatadək cərimələnir. Yeni layihədə istər iştirakçıların, istərsə də təşkilatçıların bu halda 8000 manatdək cərimələnməsi nəzərdə tutulub.
Milli Məclisin hər hansı deputatının öz təşəbbüsü ilə belə bir layihəni hazırlaması inandırıcı deyil və bu hakimiyyətin növbəti addımı kimi qiymətləndirilməlidir. Bununla hakimiyyət nəyə nail olmağa çalışır?
AXCP Ali Məclisinin sədri Həsən Kərimov bunu müxalifətə qarşı hazırlanmış növbəti kampaniya kimi qiymətləndirdi və hakimiyyətin bununla göz qorxutmağa çalışdığını bildirdi: “Müxalifətdə təmsil olunanlar onsuz da işləmir, çörəyə möhtacdı. Insanlar o cəriməni vermək iqtidarında deyil. Ona görə insanları qorxudurlar. Bu, hakimiyyətin insanların mitinq təşkil etməsinin qarşısını almağa xidmət edən növbəti addımdı”.
Ölkənin dəyişikliklərə hazır olduğunu deyən H.Kərimovun sözlərinə görə, hakimiyyət bəri başdan profilaktik tədbirlər görür. Lakin bu tədbirlər nəticəsiz qalacaq. Çünki mübarizə meydanını seçən insanlar 3-5 min manata öz taleyilərini bu iqtidara tapşıran deyillər və onlar gec-tez bu iqtidara gücünü göstərməklə öz sözünü deyəcək.
Müsavat başqanının müavini Gülağa Aslanlı hakimiyyətin artıq bütün dünyaya meydan oxumaq xətti götürdüyünü deyir. Hakimiyyət bununla beynəlxalq aləmi qorxutmaq niyyətinə düşüb.
Bunun yanlış xətt olduğunu deyən G.Aslanlı hakimiyyətin bu yolla yalnız özünü biabır edəcəyini bildirdi: “Bunlar Rusiyanın xətti ilə gedirlər. Rusiyada da həmin maddələrə müəyyən dəyişikliklər olub. Yəqin ki, Azərbaycan hakimiyyəti son zamanlar Rusiya ilə bərabər olmaq, Rusiya hakimiyyətinin rəylərini nəzərə almaq kimi öhdəlik götürüb, onu yerinə yetirməyə çalışır. Yazıqlar olsun”.
Fizzə