azeri-oliqarxlar-rus

Kremlin Bakıya, yoxsa Bakının Qərbə sürprizi?

azeri-oliqarxlar-rusRusiyadakı “ağırçəkili” azərbaycanlıları yeni və eyni təşkilatda birləşdirən nədir?

Rusiyada yaşayan azərbaycanlıların bir qrupu Rusiya Azərbaycan Təşkilatları İttifaqı (RATİ) adlı yeni təşkilat təsis edib. Qurumun Koordinasiya Şurası adından Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) prezidenti Məmməd Əliyevə göndərilən məktubda yeni təşkilat haqda məlumat verilir, ÜAK orada təmsil olunmağa dəvət edilir.
Məktub barədə “Bizim Yol” qəzeti məlumat yayıb.
Lent.az isə xəbər verir ki, ilk iclası sentyabrın 28-də keçirilən Koordinasiya Şurası Rusiyada fəaliyyət göstərən irili-xırdalı bütün diaspor təşkilatlarına müraciət göndərərək onları yeni qurumda birləşməyə çağırıb.

Yeni təşkilatda sürpriz adlar

Təşkilatın yaradıcıları və Koordinasiya Şurasının üzvləri isə sürpriz isimlərdir. Buraya Azərbaycan baş nazirinin keçmiş 1-ci müavini Abbas Abbasov, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatının (“Azerros”) prezidenti Söyün Sadıxov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Agamirov, Asif Məhərrəmov, Rüstəm İbrahimbəyov, iş adamları İsgəndər Xəlilov, Vahid Ələkbərov, Araz Ağalarov, Telman İsmayılov və başqaları daxildir. Ən maraqlısı isə siyahıda Rusiya Dövlət Dumasının üzvü, RF baş nazirinin keçmiş müavini Ramazan Abdulatipovun adının olmasıdır.

ÜAK-dan RATİ-yə
 
Maraqlı məqamlardan biri də odur ki, yeni təşkilatda birləşənlərin bir çoxu indi məktub yolladıqları ÜAK-da təmsil olunublar. Bu sırada Abbas Abbasovun, Rüstəm İbrahimbəyovun, Telman İsmayılovun, İsgəndər Xəlilovun, Vahid Ələkbərov və b. adını çəkmək olar. Hətta Natiq Ağamirov ÜAK-ın baş katibi olub.
Xatırladaq ki, Ümumrusiya Azərbaycanlıları Konqresi 2001-ci ilin martında Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və Heydər Əliyevin dəstəyi ilə yaradılıb. Təşkilata həmin vaxtdan bəri akademik Məmməd Əliyev rəhbərlik edir.

Konqresdən yeni təşkilata rədd cavabı

Yeni qurumun Koordinasiya Şurasında təmsil olunanlardan biri, Söyün Sadıxov Lent.az-ın müxbiri ilə söhbətində bildirib ki, əslində belə bir diaspor qurumunu xeyli əvvəl təsis etmək niyyətində olublar. “Rusiyada iki böyük diaspor qurumu – ÜAK və Federal Milli-Mədəni Muxtariyyat – “Azerros” fəaliyyət göstərir. Rusiyanın bir çox regionlarında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında ciddi fikir ayrılıqları var. Bəzən ÜAK-la, digər qurumların sədrləri arasındakı münasibətlər düşmənçilik həddinə kimi gedib çıxır. Bütün bu problemləri, habelə diaspora qurumlarının birgə fəaliyyətini koordinasiya etmək üçün bu təşkilatı yaratdıq. Ağsaqqal kimi isə quruma Azərbaycan baş nazirinin keçmiş birinci müavini, hazırkı iş adamı Abbas Abbasov seçildi”.
Sadıxov deyib ki, Koordinasiya Şurasının ilk iclasına ÜAK-ın nümayəndələri də dəvət edilib. Amma ÜAK qurumu tanımayıb və iclasa qatılmayıb. O, şəxsən ÜAK-a rəsmi dəvətnamə göndərib. ÜAK-dan yenə etiraz edilib.
Sadıxovun sözlərinə görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun da yeni qurumun yaradılmasından xəbəri olub. “O da yeni qurumun diaspor quruculuğu istiqamətində fəaliyyətində bizə uğurlar arzuladı”.

Ümumrusiya Azərbaycanlıları Konqresinin baş katibi Mikayıl Hüseynov isə Lent.az-ın müxbiri ilə söhbətində bildirib ki, ona bu qurumun niyə və hansı məqsədlə təsis edildiyi bəlli deyil: “ÜAK yarandığı gündən bəri də öz fəaliyyəti ilə etimadı doğruldub. Müxtəlif layihələr həyata keçirib, diaspora quruculuğunda önəmli addımlar atıb. Bir sözlə, yeni qurumun iddia etdiyi fəaliyyət proqramını ÜAK uğurla həyata keçirib və keçirməkdədir”.
Hüseynovun dediyinə görə, ÜATİ yarananda onlara heç bir dəvət gəlməyib. “Hətta gəlsə belə iştirak etməyə lüzum görməzdik. Çünki biz ayrıca bir qurumuq və heç bir Koordinasiya Şurasında təmsil olunmaq fikrimiz yoxdur”.

ÜATİ-nin ermənilərlə gözlənilən görüşü

Bu arada yayılan başqa bir xəbərə görə, Rusiya Erməniləri İttifaqının sədri, Ümumdünya Erməni Konqresinin prezidenti Ara Abramyan oktyabrın 23-də Rusiyadakı Azərbaycan icmasının rəhbərliyi ilə görüşəcək. Bunu Ara Abramyan ÜEK-in İrəvandakı qurultayında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu görüş Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə gərginliyin azalmasına kömək edə bilər.
Söyün Sadıxov da belə bir görüşün keçiriləcəyini təsdiqləyib. Onun dediyinə görə, görüş razılaşdırılıb və oktyabrın 23-də baş tutacaq. ÜAK-dan isə görüşə dəvətli olmadıqlarını deyiblər.

Azərbaycanda yayılan mülahizələr

Rusiyada yaşayan belə nüfuzlu isimlərin bir təşkilatda birləşməsi Azərbaycanda maraqlı şərhlərə yol açıb. Bəzi ehtimallara görə, bu işdə Kremlin “barmağı” var və məqsəd Azərbaycan hakimiyyətinə təzyiq göstərmək, ya da ölkə rəhbərliyinə öz nəzarətində olan birini hazırlamaqdır.
Bu səpkili şərhlər artıq Azərbaycan mətbuatında səslənməyə də başlayıb. Bəzi mülahizələrə görə,
Rusiya Azərbaycanla bağlı yeni planı işə salmaq niyyətinə düşüb. Bunun üçün də bu ölkədə yaşayan azərbaycanlı “iri fiqurlar” gözdən keçirilir. Moskvanı buna ruhlandıran isə Gürcüstanda Rusiyaya isti münasibət bəsləyən milyarder İvanişvilinin seçkilərdə qalib gəlməsidir.
Başqa mülahizələrə görə isə Rusiyanın Azərbaycan Təşkilatları İttifaqı Moskva ilə Bakının razılaşdırılmış layihəsi ola bilər. Bu fikrin tərəfdarları adı yeni təşkilatın aparıcı simaları kimi çəkilənlərin əksəriyyətinin Azərbaycan hakimiyyəti ilə isti münasibətdə olması, onlardan birinin – Araz Ağalarovun isə ölkə başçısı ilə qohumluğu üzərində dayanırlar. Mülahizələrə görə, Bakı ilə Moskva Azərbaycanda mümkün hakimiyyət dəyişikliyinə bu sayaq hazırlaşa, yəni həm indiki iqtidara, həm də Kremlə yaxşı münasibətdə olan çevrənin yetişdirilməsi üzərində işləyə bilər. İndiki məqamda Qərblə münasibətlərdə çətin günlərini yaşayan Azərbaycan hakimiyyəti isə bütün baş verənlərin ondan xəbərsiz, Moskvada hazırlanan “siyasi layihə” kimi qavranmasına da az maraq göstərməli deyil. Bununla o, Qərbə Kremlin Bakıda “öz adamlarını” oturtmağa hazırlaşdığı mesajini vermiş olar.

Eldar Namazovun məsələyə nə dəxli?

Yeni təşkilatla bağlı mülahizələrə onun üzvlərindən və Azərbaycan Ziyalılar Forumunun təsisçilərindən biri Rüstəm İbrahimbəyovla cavab tapmaq istədik. Lakin məlum oldu ki, İbrahimbəyov hazırda ABŞ-dadır və onunla əlaqə saxlamaq imkanı məhduddur. Ona görə də Ziyalılar Forumunun başqa bir üzvü Eldar Namazova müraciət etdik. Bu zaman haqqında danışılan məlumatla bağlı bəzi mətbu şərhlərdə həm də Eldar Namazovun adının hallanmasını nəzərə aldıq.
Namazov ortalıqda yalnız Rusiyada azərbaycanlıların yeni təşktlatının yarandığı faktının olduğunu dedi. Politoloqun fikrincə, bir sıra tanınmış şəxslər Ümumrusiya Azərbaycan Konqresindən ayrılıb, bununla bağlı yayılan məlumatlar isə hakimiyyətin bu faktdan böyük narahatçılıq və təlaş keçirdiyini ortalığa qoyur. “Hakimiyyət bunu özü üçün fövqəladə hadisə kimi qəbul edir. Ona görə də müxtəlif istqamətlərə mesajlar verilir və ittihamlar irəli sürülür”, – deyə Namazov qeyd edib.
Bu məsələdə öz adının hallanmasını isə politoloq təəccüblə qarşılayır: “Məsələyə aidiyyatı olmayan şəxslərin adının hallandırılmasına ehtiyac yoxdu. Bu, hakimiyyətlə adları hallanan adamlar arasında olan bir məsələdir. Başqa adamların, o cümlədən Eldar Namazovun buna heç bir aidiyyatı yoxdur».

Fizzə