Fazil Say məhkəmə qarşısında

Türkiyənin məşhur pianoçusu dini dəyərləri təhqir etməkdə ittiham olunur

Türkiyənin ünlü bəstəkarı və pianoçusu Fazil Say haqqında dini dəyərləri təhqir etməsi iddiası ilə açılan məhkəmə işi İstanbulda başlayıb. O, Twitter mesajlarında İslamı aşağılamaqda və müsəlmanları təhqir etməkdə ittiham olunur.
Saya çoxlu sayda sənətçilər, vətəndaş cəmiyyəti üzvləri və solçu siyasi partiya təmsilçiləri dəstək verir.
Türkiyənin Avropa İttifaqı naziri Egemen Bağış isə hesab edir ki, Sayın “saçmala azadlığından” istifadə etdiyi nəzərə alınmalıdır.
Fazil Say Twitter hesabında paylaşdığı və Ömər Xəyyama aid olduğu hesab edilən bir rübaidəki ifadələrə görə haqqında İstanbul 19-cu Mülki Cəza Məhəkəməsində cinayət işi açılıb.
“Xalqın bir kəsiminin mənimsədiyi dini dəyərləri aşağılama” ittihamı altında Say haqqında 9 aydan 1.5 ilədək həbs cəzası istənilir. Şikayətçi olaraq məhkəmə davasını Emre Bukağılı, Turan Gümüş və Orkun Şimşek açdırıb.
Anadolu agentliyi xəbər verir ki, məhkəmədə iddiaları dinləyən Say “Haqqımdakı suçlamaları rədd edirəm. Bəraətimə qərar verilməsini istəyirəm” deyərək, məhkəmə proseslərindən izinli sayılmasını tələb edib.
Hakim bu tələbi qəbul edib və növbəti prosesi 2013-cü il fevralın 18-ə təyin edib.
Sayın tərəfdarları məhkəmə prosesinin keçirildiyi Çağlayan Ədliyyə Sarayının qarşısına toplaşıb (“BBC Azərbaycanca”).