“Gülməli bir yazıdı, deyir oxumuram, ancaq bir köşə həcmində yazı yazır”
Böyük Qurtuluş Partiyasının başqanı, deputat Fazil Mustafa lent.az-a yazdığı müəllif yazısında “Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacını tənqid edib. Deputat yazısında qeyd edib ki, Zamin Hacının yazılarının janrı artıq mövzu və üslubca dəyişməyən forma aldığından, çoxdandır ki, mütaliə menyusunda yer almır:
“Mümkündür ki, Rəfail və Coşqun qardaşlarımızın gülüşləri ilə keçici rahatlıq tapan insanlarda olduğu kimi, bir çoxları da bu yazılarla ürəklərini epizodik sərinlətmiş olsunlar. Seçilmiş taktika təqribən bəlli. Onun köşə yazıları daimi qonorar almağın tələblərinə cavab verir; mizah janrında olduğundan, hakimiyyət də nə qədər kəskinlik olursa-olsun, ona bir mizahçı kimi yanaşır və bu da yazarın təhlükəsizliyini təmin edir. Yəni həftədə bir dəfə az tirajlı qəzet çıxaran Əvəz Zeynallı hakimiyyəti az da olsa, rahatsız edə bilir, ancaq həftənin hər günü onu söyən Zamin Hacı xoşgörü ilə qarşılanır. Nə maraqlı radikalizmdir bu! Qonorarın da mənbəyi dolayı yolla haram vəsait hesab etdikləri hakimiyyətin KIV-i dəstəkləmə fonduna gedib çıxır”.
“Təbii ki, Zamin Hacı da nə qədər allahsız olsa belə, təsdiqləyər ki, şəxsi mənada onunla nə düşmənçiliyim, nə də ona qarşı qərəzli davranışım olub. Çox vaxt da bu kimi eyhamlara cavab verməyimin kökündə sadəcə bir məqam durur: mən siyasi baxışları və münasibətləri insani münasibətlərlə qarışdırmıram”, – deyə Fazil Mustafa yazısında bildirib.
Deputat sonra əlavə edir ki, siyasi baxışlar statik deyil və real şərtlər daxilində dəyişməsi mümkündür, hətta bu dəyişmə zəruridir: “Insan münasibətləri isə daha qalıcı xarakter kəsb edir və bunu ciddi səbəblər olmadıqda korlamaq məsləhətli deyil”.
Bu yazıya münasibət öyrənmək üçün Zamin Hacıyla əlaqə saxladıq. Yazar əvvəlcə deputatın yazısından xəbərsiz olduğunu bildirdi. Yazının harada yayımlandığını öyrəndi və 10 dəqiqədən sonra ona zəng etməyimizi xahiş etdi. Ikinci dəfə onunla əlaqə saxladıq. Zamin Hacı bildirdi ki, nə lent.az saytını oxuyur, nə də Fazil Mustafanın yazılarını: “Yenə gülməli bir şey yazıb. Guya mən hakimiyyətə gəlmək istəyirəm. Hakimiyyətə gəlsəm, Fazil Mustafanı yox sayacam. Bir publisistin yazısına deputatın belə cavab verməsi onun hansı vəziyyətə düşdüyünü göstərir. Gülməli bir yazı idi. Deyir oxumuram, ancaq bir köşə həcmində yazı yazır. Fazil Mustafa əvvəllər publisistikayla məşğul olurdu, Elçibəyin yanında idi. Indi Ilham Əliyevin yanındadır. Özünü müxalifət adlandırmasın, müxalifət deyil. Yazıda qeyd etdiyi KIV-ə Dövlət Dəstəyi Fondundan qonarar almağım da onun gülməli adam olduğunu göstərir. Mən dəfələrlə KIVDF-dən qəzetlərin pul aldığını tənqid etmişəm. Bu da arqument deyil”.
Zamin Hacı onu da bildirdi ki, Fazil Mustafa yazıya cavab verincə təmsil olunduğu dairənin problemləriylə maraqlansa, yaxşı olar: “Millətin vəkili olmaq nə deməkdir, əvvəl bunu müəyyən etsin. O, ciddi işlərlə məşğul olsa yaxşı olar”.
Ramin DEKO