Bu sözləri dilinə gətirib, yerinə yetirən adam… evinə getdiyində qarşısına yürüyən körpə övladını rahat-rahat qucaqlayıb bağrına basa bilərmi?
Çiçək kimi açılmış təzə-tər, məsum, suçsuz, işıq saçan, dünyanın bir murdar sözünün belə toxunmadığı, bir iyrənc nəfəsin yalamadığı alma yanağından;
bulaq kimi duru, saf, şəffaf, çirk nə olduğunu bilməyən, hiyləsiz, günəş kimi nur saçan, işıqlı sabahlara ümidlə, qorxusuz-ürküsüz, bir işgəncənin, bir əzabın, bir vəhşiliyin şahidi olmayan gözündən;
dünyanın heç bir murdar qoxusunu almamış, zərrəcə qüsuru olmayan, düz, mütənasib, yaraşıqlı fındıq burnundan;
ay işığında, ulduzların ziyasında çimmiş gecənin zülməti kimi qara, ipək kimi yumşaq, şəlalələr kimi axan, bir çirkin xəyalın da toxunmağa fürsət tapmadığı aydan arı, sudan duru saçlarından;
yalnız xoş sözlər demək üçün, insanlara yalnız sevgi və yaşam üfürmək üçün, acılara bal dadızdırmaq üçün yaradılmış gilas dodaqlardan;
və…
bircə pis kəlmə eşitməmiş sevimli qulaqlarından…
ÖPƏ BILƏRMI???
Anasının dən düşmüş saçlarına, qırış-qırış olmuş müqəddəs əllərinə toxuna bilərmi?
Atasının işığı qaçmış mehriban gözlərinə baxa, onu bağrına basa bilərmi?
Bilmirəm. Ama insanın həyata niyə gəldiyini bircə kərə özündən soruşmamış adam üçün nə çətin seydi ki…
“Nə çətin şeydi ki…” deyirəm, ama yenə də xəyalıma gətirə bilmirəm. Kiməsə butulka…. Fiziki yorğunluq… Və bunun ardıyca evinə dönüb sevgiylə qollarını açmaq – oğlunu, qızını, atanı, ananı, nəvəni, həyat yoldaşını qucmaq… həm də sevgiylə.
Insanın bu qədər ruhsuz və qəddar buyuruq qulu, kölə olduğunu düşündükdən sonra evinə, ocağına döndüyündə dəyişib bambaşqa bir adam olduğunu ağla gətirmək çox zor. Adam xəyal qırıqlığına uğrayır…
***
Bu sözləri yazıram. Yazdıqca düşünürəm. 42 yaşım var. Bu yaşda mən bu qədər saya, bu qədər sadəlövh olmağı necə bacarıram? Məgər harada yaşadığımı bilmirəmmi? Bu eybəcər hala salınmış cəmiyyətin körpədən-böyüyə insanları necə tərbiyə elədiyini bilmirəmmi? Bu qədərmi koram? Bu qədərmi cahiləm? Bu qədərmi yan-yörədən təcrid olunmuşam? Axı gördüyüm hər hadisə, hər fakt mənə bunların əksini deyir…
Axı bilirəm ki, indi Azərbaycanda ana bətninə düşən rüşeym belə məsum olmur. Gələcəkdə yaşamın qurallarının necə olacağını oradaca öyrənir, artıq dünyaya gəldiyi andan bu toplumda necə yaşayacağını əzbər bilir…
***
Azyaşlı oğlum həyətdəki tay-tuşlarının söhbətlərindən danışır. Yaşıdı olan bir polis oğlundan söz açır. Atasıyla necə qürur duyduğunu, işindən fəxrlə danışdığını söyləyir: “Atam mitinqdə adamları elə çırpır ki! Heç birinizin atası mənim atam kimi güclü ola bilməz. Özüm görmüşəm. Həmişə mitinqlərdən sonra videolara baxırıq. Mitinqlərin videosuna. Atam hər videoya neçə dəfə baxır. Bizə də göstərir. Videonu tez keçiririk ki, tez atamı görək. Hələ mitinqçiləri yaxşı döyəndə, atama mükafat da verirlər…”.
Deyəsən mən bu uşaqlar qədər də deyiləm. Axı biz də elə-belə uşaqlar olmamışıq. Axı biz bu rejimdən heç də yaxşı olmayan rejimin övladlarıyıq. Sovet uşaqlarıyıq biz. Atam evə çox pul gətirəndə utanardım… Bəs indiki uşaqlar necə bu qədər qəddar ola bilirlər… Hələ görəsən onların uşaqları necə olacaq?
***
Əslində mən Quba hadisələri zamanı həbs edilən “Xəyal TV”nin icraçı direktoru Vüqar Qonaqovun həbsi müddətində ona verilən fiziki və mənəvi işgəncələrlə bağlı “Azadlıq”a yazdığı məktubdan danışmaq istəyirdim…

Yoxsa butulka soxub… türməyə göndərəcəyik…
•
•