Bakıdakı “Şanxay”dan reportaj
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti dəmiryolu boyunca qanunsuz tikilən ev və obyektlərin sökülməsiylə bağlı hökumətə müraciət edib. Araşdırma nəticəsində ümumilikdə 3000 ev və obyektin sökülməsi barədə iş aparıldığı bəlli olub. Idarənin mətbuatla əlaqələr şöbəsinin rəhbəri Nadir Əzməmmədov “Azadlıq”a açıqlamasında söküləcək ev və obyektlərin sahiblərinə kompensasiya verilib-verilməməsi məsələsinin hökumətdən asılı olduğunu bildirib.
“Tikintiyə rəsmi icazə verilib”
Dəmiryolu boyunca tikilən evlər dedikdə adamın gözü qarşısında öncə “Şanxay” məhəlləsi canlanır. Sözügedən ünvan Nizami rayonunda yerləşir. Əslində bura məhəllə demək olmaz. Ərazisi çox böyükdür: 5000-dən çox ev var və hər mənzildə 8-dən çox ailə qeydiyyatdadır.
Bakının unudulmuş bu diyarına getmək üçün Heydər Əliyev prospektini keçməlisən. Burada isə çox diqqətli olmalısan. Çünki məhəlləyə gedən yolda nə işıqfor var, nə də keçid.
“Şanxay”da ölkədə olan bütün problemlərə rast gələ bilərsən.
“1964-cü ildən bu dəmir yolunun yaxınlığında yaşayıram. Buraya köçdüyümüz gündən ən azı hər gün qatarlar beş-altı dəfə hərəkət edirlər. Bəzən elə olur ki, gecə saat 3-4-ə qədər də işləyirlər. Adamın yuxusu ərşə çəkilir. Bəli, etiraf edirik ki, buradakı tikililərin çoxu gecəqondudur. Bir günün içərisində tikilib. Ancaq çoxunun da tikintisinə rəsmi icazə verilib. Əgər burada ev tikmək qanunsuz idisə, niyə tikintiyə icazə verilib? Heç bir mənzilin “kupça”sı yoxdur, ancaq hər bir tikili üçün icradan, bələdiyyədən icazə alınıb. Indi daşı-daş üstünə qoymaq olmur. O dəqiqə “uçastkovı” başının üstünə kəsdirib haqq istəyir”, – bu sözləri 48 ildir “Şanxay”da yaşayan Hüseyn dayı deyir. O, kompensasiya olmayacağı təqdirdə evinin kandarından bir addım kənara getməyəcəyini deyir.
“Teplovoz” camaata yol verir
“Şanxay”ın küçələrinə ümumilikdə Pəhləvan Fərzəliyev adı verilib. 5 mindən çox ev olan bu “Çin məhəlləsinin” hər qapısında 8-16 ailə qeydiyyatdadır. Küçələrə ad verilsə də, qəsəbənin yolu yoxdur. Vətəndaşlar yol kimi dəmiryolundan istifadə edirlər. Bütün evlərin hamısının qapısı da dəmiryoluna açılır. “Şanxay”ın “1-ci dəmiryol”undan azyaşlı uşaqlardan tutmuş, böyüklərə qədər hər kəs yol kimi istifadə edir. Hətta qatarın gəlmədiyini görüb şəxsi minik avtomobilini relsin üstündə saxlayanlar olur. “1-ci dəmiryol”da olarkən maraqlı bir faktla qarşılaşdıq. “Teplovoz” yaşlı bir sakinin toyuq-cücələrini dəmiryol xəttindən çıxarması üçün gözləmək məcburiyyətində qalmışdı. Camaat belə halların tez-tez baş verdiyini deyir.
“Teplovoz”un sürücüsü çox vaxt dəmiryolunda velosiped sürən azyaşlı uşaqların nazıyla da oynayır.
Ancaq “2-ci dəmiryol”da vəziyyət daha qəlizdir. Buradakı evlərlə dəmiryol xəttinin arasında məsafə 15-20 sm-dir. Bu yolda qatar sürətlə hərəkət etdiyindən qapının kandarında dayanmaq belə təhlükəlidir. Bu yolla hərəkət edən qatarlar təhlükəli yük daşıdıqlarından və sürətlə hərəkət etdiklərindən qarşısına çıxan hər şeyi məhv edib keçirlər.
***
“Şanxay”lılar arasında hətta evlərin yox, dəmiryol xəttinin söküləcəyinə inananlar da var. Onlar deyirlər ki, hökumət bu qədər adamı evindən didərgin sala bilməz: “Hökumət ya bizə pul verib buradan köçürməlidir, ya da dəmiryolunun ünvanı dəyişilməlidir. Burada elə ailə var ki, ötən əsrin 30-cu illərindən məskunlaşıb. Onu necə buradan çıxartmaq olar? Çox istərdik ki, bizi köçürsünlər. Normal yerdə ya torpaq sahəsi ayırsınlar, ya da pul versinlər özümüzə ev tikək. Imkanı olan şəxs burada ev tikməz. Bizim də pulumuz olmadığı üçün məcburuq burada məskunlaşaq. Heç kimə hər gün qatarın səsini eşitmək, ya da ”teplovoz” gələndə ölüb-dirilmək xoş deyil. Burada yaşayırıqsa, deməli, maddiyyət üzündən bura gəlmişik”.
Ramin DEKO