“97 yaşında üzə durmağı bilir, suallara cavab verməyi yox?”
Bakı Ağır Cinayətlər Məhkəməsində ötən gün “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə məhkəmə prosesi keçirildi. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkən və şahid qismində cəlb olunan sabiq deputat Gülər Əhmədova, oğlu Toğrul Əhmədov və Tənzilə Rüstəmxanlı prosesə qatılmamışdı.
Hakim sözügedən şəxslərin ölkə xaricində olduğunu bildirdi. R.Allahverdiyeva bildirdi ki, şahid Vüqar Məmmədov bu il fevralın 2-də Bakı-Dubay reysi ilə ölkəni tərk edib və bir daha geri qayıtmayıb. Ə.Zeynallı isə etirazını bildirirərk dedi ki, məhkəmə prosesi başa çatmamış hakim həmin şəxslərin ölkədən çıxmasına icazə verməməli idi.
Ə.Zeynallı əlavə etdi ki, ötən iclasa şahid qismində ifadə verən Aydın Heydərov zaldan qaçıb. Hakim isə bildirdi ki, A.Heydərov məhkəməyə müraciət edərək bildirib ki, o, ötən prosesdə təhqir olunduğuna görə məhkəmə prosesində halı pisləşib və onun ürək ağrıları tutub. Hazırda yataq şəraitində müalicə alır. O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini yazıb. Ə.Zeynallı isə dedi ki, A.Heydərov yalan məlumat yazıb: “Məndə olan məlumata görə o, Mərdəkandakı bağ evində yer şumlayır. Mənim ona suallarım var idi. Necə olur, 97 yaşında üzə durmağı bilir, suallara cavab verməyi yox? Ağır cinayətlərdə ürək yoxdur. Burda hər şey dəmirdəndi, daşlaşıb”.
Daha sonra Ə.Zeynallı hakimə vəsatətlərini təqdim etdi. Ə.Zeynallı bildirdi ki, G.Əhmədova ilə bağlı açılan cinayət işi ilə bu iş bir-birinə bağlıdır: “Gülər Əhmədova hadisəsi klassik hüquqa dərsdir. Bu adam iddia edir ki, ondan 10 min manat rüşvət istəmişəm. Onun bu şikayətinə əsasən həbs olunmuşam. Ancaq o, barəsində rüşvət faktı olduğu halda azadlıqda gəzir. Hədə-qorxu gəlir. Elşad Abdullayev iyulun 11-də şikayət verib. Mənim səsim iyulun 25-də yazılıb. Mən Ramiz Mehdiyevi, Əli Həsənovu tənqid etmişəm. Gülər Əhmədova isə dələduzdur. Bunlar bir-birinə bağlı cinayət işləridir. Barəmdə şikayət edən şəxs özü dələduzluqda günahlandırılır. Mənə qarşı cinayət işi, 311-ci maddə ləğv olunmalıdır. Gözləyirsiniz ki, Fuad Ələsgərov sizə zəng edəndən sonra məni ev dustaqlığına buraxasınız?”.
Ə.Zeynallı həmçinin bildirdi ki, istintaq zamanı alınan şahid ifadələri saxtadır. Belə ki, istintaqda bir neçə şahid ifadələri versiyası hazırlanıb: “Mənim vəkilimə verilən şahid ifadələri ilə cinayət işi materialında yer alan şahid ifadələri fərqlidir. Müstəntiq Qabil Qasımov bir neçə şahid ifadəsi hazırlayıb. Vəkilimə isə yanlış ifadələri veriblər”.
Bundan sonra Ə.Zeynallı daha bir faktı açıqladı. O bildirdi ki, ilkin istintaqda və məhkəmədə ifadə verən Əlirza Allahverdiyev fərqli adamlardır. Hakim cinayət işi materiallarının 2-ci cildindən həmin şəxsin şəxsiyyət vəsiqəsini tapdı. Hakimlər, prokuror və vəkil Elçin Sadıxov şəkilə baxıb Ə.Zeynallıya ötürdülər. Ə.Zeynallı zaldakılara yaxınlaşaq ötən prosesdə iştirak edənlərdən Ə.Allahverdiyevin şəkildəki şəxs olub-olmadığını soruşdu. Məlum oldu ki, məhkəmədə ifadə verən şəxs Ə.Allahverdiyev olmayıb. Hakimlər şəkildəki şəxslə ifadə verən şəxsin eyni adam olub-olmadığına dair sualı cavabsız saxladılar.
Hakimlər müşavirəyə getdilər və Ə.Zeynallinin vəsatətləri təmin olunmadı. Proses 18 oktyabr saat 10:00-dək təxirə salındı.
Ramin DEKO