Vüqar Qonaqova verilən işgəncələrdən xəbərdar idim

Hüquq müdafiəçisi Eynulla Fətullayev bu barədə dərhal Ramil Usubova və beynəlxalq təşkilatlara məlumat verib

Quba hadisələri zamanı həbs edilən “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqovun “Azadlıq”ın ötən sayında həbsi müddətində ona verilən fiziki və mənəvi işgəncələri əks etdirən məktubu çap olunub. Jurnalist məktubunda ona qarşı edilən işgəncələrdən bəhs edir.
V.Qonaqovun dediklərinə hüquq müdafiəçisi Eynulla Fətullayevin münasibətini öyrəndik.
Hüquq müdafiəçisinin sözlərinə görə, bu məlumat onda 9 ay öncə olub: “Elçin Sadıqov və Rəşid Hacılı həmin şəxslərin – həm Zaur Quliyevin və Vüqar Qonaqovun mənafelərini və hüquqlarını qoruyan şəxslər məlumatlandırmışdılar. Mən də dərhal jurnalistlərin şikayətini həm öz saytımızda yayımladım, həm də bütün KIV-lərə və beynəlxalq təşkilatlara ünvanladım. Həmin məsələdən sonra Ramil Usubova xüsusi müraciət ünvanlamışdım. Narahatçılığım ifadə olunmuşdu və bu məsələnin dərhal araşdırılmasını tələb etmişdim. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin təcridxanasında baxış keçirdim. Baxış keçirən zaman müəyyən təmir işlərinin aparılmasının şahidi oldum. Məhz jurnalistlərin şikayətlərindən sonra təmir işləri başlanmışdı. Orada mənə dedilər ki, Daxili Işlər Nazirliyinin göstərişi ilə təmir olub. Bu onu göstərir ki, saxlanma şəraiti ilə bağlı çox ciddi problemləri olub. Bu, əlbəttə, ciddi şəkildə araşdırılmalıdır. Hesab edirəm ki, Ombudsman və Baş Prokurorluq bu məsələyə diqqət yetirməlidir. Bilirik ki, Azərbaycanda insan haqları ilə bağlı çox ciddi problemlər var. Ilk növbədə vicdan və siyasi məhbusların hüquqlarının qorunmasında problemlər müşahidə edirik. Avropa Məhkəməsi bu məsələlərə baxacaq. Artıq bu cür işlərin presedentləri də var”.
Daxili işlər nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir ki, istənilən şəxs müdafiə taktikasına uyğun olaraq əlində olan dəlilləri sübut kimi gətirə bilər: “Bu o demək deyil ki, onların dediyi sözlər həqiqəti əks etdirir. Subyektiv fikirdir. Məktubda bir neçə şəxsin adını çəkir. Birmənalı şəkildə deyirəm ki, onun dediyi formada guya işgəncə və təzyiqlərin olması, bu barədə deyilənlər həqiqətdən uzaq fikirlərdir. Məhkəməsi gedən ərəfədə ictimaiyyətə öz günahsızlığına göstərmək üçün cəhdindən başqa bir şey deyil. Son zamanlar müdafiə quran şəxslər belə fantastik görünə bilən, sensasiya yaratmaq üçün versiyalar səsəndirirlər. Bu deyilən fikirlərin heç biri həqiqəti əks etdirmir”.

Ramin DEKO