“TeliaSonera” Azərbaycan, Belarus, Özbəkistan kimi avtoritar ölkələrdə qaranlıq fəaliyyətdə günahlandırılır
Isveç və Finlandiyanın müştərək “TeliaSonera” şirkəti ətrafında qalmaqal yenidən gündəmə gəlib. Qərbin bir sıra media orqanları adıçəkilən şirkətin avtoritar ölkələrdəki fəaliyyətinin qaranlıq məqamlarına yer ayırıb.
Məlumatlarda bildirilir ki, “TeliaSonera” kommunikasiya şirkəti Azərbaycan, Özbəkistan və Belarus kimi avtoritar ölkələrin hakimiyyətlərilə sıx əməkdaşlıq edir. Şirkət həmin ölkələrdəki müxalif fəalların, hakimiyyət əleyhdarlarına qarşı avtoritar rejimlərin xüsusi xidmət orqanlarıyla birgə çalışır. Belə ki, “TeliaSonera” öz sistemində keçmiş SSRI ölkələrinin xüsusi xidmət orqanlarına şübhəli əlaqələri izləmək imkanı yaradıb.
Dolaşan iddialara görə, “TeliaSoner” şirkəti böyük məbləğlər müqabilində diktator rejimlərlə müqavilə bağlayıb. Müqavilənin şərtinə görə, ödənilən pulun əvəzində şirkət bu ölkələrdə insanları daha yaxşı izləyə bilmək üçün sistemə giriş imkan verməlidir. Avropanın lider telekommunikasiya operatorlarından olan “TeliaSonera” şirkəti Azərbaycanda da bu kimi fəaliyyətlərilə tanınır. Buna misal olaraq, 2009-cu il “Eurovision” musiqi yarışması zamanı Azərbaycandan Ermənistan təmsilçisinin xeyrinə göndərilən mesajın hansı istifadəçi tərəfindən göndərildiyinin aşkarlanmasını göstərmək olar. Həmin şəxs Azərbaycan xüsusi xidmət orqanı tərəfindən “TeliaSonera”nın yardımı sayəsində aşkarlanmışdı.
Bir neçə gün öncə isə “TeliaSonera”nın adı növbəti qalmaqalda hallanıb. Özbəkistan prezidenti Islam Kərimovun qızı Gülnarə Kərimovanın qanunsuz biznesi və maliyyə fırıldaqlarıyla bağlı istintaqda da bu şirkətin adı keçirdi. Qeyd olunurdu ki, “Takilant Limited” şirkəti “TeliaSonera”dan aldığı pul müqabilində şirkətə lisenziya və Özbəkistanın mobil telefon bazarına çıxış vəd edib. Rüşvətin məbləği isə 30 milyon dollar olub. Isveçdə aparılmış və mediada sentyabrda yer almış araşdırmada deyilirdi ki, “TeliaSonera” Özbəkistan bazarına daxil olmaq üçün 2008-ci ildə “Takilant Limited”ə 320 milyon dollar verib.
Qərbin aparıcı media qurumları və tanınmış ictimai fəalları şirkəti insan haqlarını və söz azadlıqlarını məhdudlaşdıran rejimlərlə əlaqəyə görə dəfələrlə sərt tənqid edib. Həmin tənqidi məqalələrdə vurğulanıb ki, “TeliaSonera” özünün biznes maraqlarını ümumbəşəri dəyərlərdən üstün tutmamalıdır.
Informasiya şöbəsi