Siz neçə partiya tanıyırsınız?

Sevindik! YAP dövlətdən maliyyə dəstəyi alacaq! Hər halda, partiyalar gələn il vəd olunan 2 milyon manatı ala bilsələr bunun böyük hissəsi məhz YAP-a çatacaq, çünki digər 11 partiya parlamentdə o qədər az təmsil olunub ki, bu paydan onlara əhəmiyyətli bir şey çatacağına ümid etmirik. Başqa partiyalar isə çox güman ki, ümumiyyətlə, maliyyəsiz qalacaqlar. Mən bu ölkənin belə ədalətsiz olacağını güman etmirdim. Amma oldu. Təsəvvür edin, bu xəbəri şərh edən YAP funksioneri deyir ki, bizim partiya başqalarından qismən artıq vəsait alacaq!.. 
Açığını deyim ki, bu hakimiyyətin əməllərini şərh etməkdə o qədər çətinlik çəkirəm ki, bunu sözlə ifadə etmək mümkün deyil. Ona görə bir qədər kənar mövzulara müraciət edirəm. Amma elə vaxt olur ki, məcbur olursan ki, münasibət bildirəsən. Di gəl, partiyaların maliyyələşməsi haqda yeni xəbərlə bağlı nə deyəsən ki, bu, soyuq təhlil xarakteri daşısın? Bəlkə o maliyyələşmə olmasaydı daha yaxşı olardı və ən azı əsəblərimiz sakit olardı ki, bu da indiki zamanda heç də az əhəmiyyətli deyil. Amma bu vəsaitlər havadan düşmür, bu, mənim, sənin və bizim pullarımızdır. Niyə görə mən və ya başqa bir vətəndaş YAP-a və onun parlamentdəki 11 kölgəsinə maliyyə dəstəyi verməliyik? Biz buna borcluyuqmu?
Bu yaxınlarda BP-nin qarasına deyinərkən I.Əliyev dedi ki, biz xarici tərəfdaşlarla həmişə ədalətli olmağa, o tərəfdaşların da maraqlarını nəzərə almağa çalışmışıq. Olsun. Nə olar, bizim daxili məsələlərdə azacıq ədalətli olun! Öz cəmiyyətinizə gələndə nədən bu qədər qəddar olursunuz? 19 ildir ki, hakimiyyətdəsiniz. Amma bircə dəfə də olsun ədalətli və düzgün seçki keçirməməsiniz. Parlamentdə oturtduğunuz o 11 partiyanın biz hətta adlarını da əməlli-başlı bilmirik. Nədən biz onları öz kiçik məvacibimizdən verdiyimiz vergilərlə maliyyələşdirməliyik? Bəlkə o məsələ – partiyalara maliyyə dəstəyi, ümumiyyətlə, gündəlikdən çıxarılsın?
Bu vaxta qədər necə dolanmışıqsa, bundan sonra da elə dolanarıq. Deyirlər ki, bu dəstək partiyaların texniki problemlərini həll etməkdə yardımçı olacaq və onların xərclərini qismən azaldacaq. Amma bizim partiyaların heç mənzil-qərargahı da yoxdur! Qonşu ölkələrə baxın. Heç olmasa bu Gürcüstandan nümunə götürün! Əsl seçki keçirdilər. Başa düşürəm, sizin məntiqiniz tam başqadır. Bu məntiqə görə M.Saakaşvili əfəl və fərasətsiz, aciz siyasətçidir. Amma, vallah, belə deyil! Dünyanın qüdrətli siyasətçiləri vaxt gəlir ki, seçki prosesini uduzur. Amma onların hakimiyyətdən gedişləri də gəlişləri kimi o qədər gözəl olur ki, adam hətta bu məğlubiyyətin fərqinə varmır. Lakin sizin sərəncamınızda bircə dənə belə olsun seçki qələbəsi yoxdur. Siz bunun nə olduğunu da bilmirsiniz. Sizin üçün seçki növbəti baş ağrısıdır, çünki daha bir dəfə zorakılıq etməyə, ədalətsiz seçim etməyə məcbur olursunuz. Amma mən deyəsən bir qədər qeyri-dəqiqliyə vardım. Bilsəydim ədalətsiz və yalançı seçki keçirmək, zorakılıq etmək sizə başağrısı verir, mənim sizin bu hakimiyyət haqqında fikrim bir qədər dəyişərdi. Düşünərdim ki, siz bunları o qədər də ürəkdən istəmirsiniz, sadəcə buna məcbursunuz. Lakin belədirmi? Əfsus! Təəssüf, belə deyil. Siyasətdə də haqq məsələsi var. Parlamentdə bu 121 mandatın bəlkə də böyük hissəsi əsl müxalifətin üzvlərinin olmalı idi. Di gəl, bu 11 partiyanı haradan tapıb çıxartmısınız ortaya, doğrusu mən bunu başa düşmürəm! Indi belə çıxır ki, biz – YAP-ın və həmin 11 partiyanın tam əleyhinə olan insanlar, bu siyasi təşkilatları maliyyələşdirməliyik? Mən zənn edirəm ki, insanlara sual versəniz ki, siz Azərbaycanda neçə partiyanı tanıyırsınız, onlar uzağı 3 partiyanın adını çəkə bilər. Lakin sizin məntiqə və seçkiyə görə təkcə parlamentdə 12 partiya təmsil olunub. Belə də siyasət və ya siyasi teatr olarmı?..
Kiçik sözardı
Bir məsələni də qeyd edim. Qoy, YAP özünə əziyyət verməsin. Çoxpartiyalı parlament görüntüsü yaratmağa ehtiyac yoxdu, çünki o yolla Türkmənistan da artıq çoxpartiyalı ölkə olub. Həm də, qoy, YAP bu 2 milyon manatın tam hamısını özünə götürsün, bizim bu vəsaitdə gözümüz yoxdur, çünki biz aza öyrəşmiş insanlarıq, həmişə aza qane olmuşuq. Amma YAP üçün çətindir…