Rauf Arifoğluna qarşı ittiham və onun cavabı

Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqlı “facebook” səhifəsində bəyanat yayaraq təmsil olunduğu İctimai Palatadan istefa verdiyini açıqlayıb. O, istefasının səbəbini belə göstərib:

Bu addımımın səbəbi İP-nın tutduğu mövqe, apardığı mübarizə və bəyan etdiyi hədəflərlə fikir ayrılığı deyildir. Bütün bunları tam bölüşürəm və Azərbaycan xalqının və dövlətinin nicat yolu hesab edirəm.

Uzun tərəddüdlərdən və böyük təəssüflə atdığım addımın səbəbi “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun İP-nın Koordinasiya Şurasının üzvü kimi tutduğu yüksək mövqeyə rəğmən müxalif düşərgə haqqında böhtanlar, hakimiyyətin işinə yarayan dezinformasiyalar yaymasıdır.

Bu gün Azərbaycan hakimiyyəti siyasi cəhətdən tam iflas vəziyyətindədir. Cəmiyyət içərisində bütün sosial dayaqlarını itirən hakimiyyətin ictimai rəyə təsir imkanları sıfıra enmişdir. Əvəzində, demokratik hərəkat tarixində dəyərli yeri olan “Yeni Müsavat” qəzeti çox təəssüf ki, son illər bu missiyanı üzərinə götürmüşdür. Ölkədə siyasi hərarətin yüksəldiyi dövrlərdə siyasi və kadr islahatları, müxalifətlə dialoqlar haqqında yalançı anons ilə bu hərarətin səngidilməsi, Emin Milli-Adnan Hacızadə məsələsindəki məlum mövqe, Quba hadisələrinin “iğtişaş” adlandırılması və s. çoxlu faktlar buna sübutdur. Son günlər isə Gülər Əhmədova olayının klan davası kimi qələmə verilərək cəmiyyətdə doğan hiddətin boğulmasına cəhd xüsusilə diqqət çəkəndir. Nəhayət, müxalifətin hakimiyyətlə 2013-2015 sövdələşməsi haqqında informasiyanı mənsub olduğum Müsavat Partiyasına qarşı iyrənc bir böhtan kimi dəyərləndirirəm.

Müsavat Partiyası təbiidir ki, hər bir siyasi partiya kimi hakimiyyət uğrunda mübarizə aparır. Lakin bu partiyanın hədəfləri bu qədər dar deyildir. Müsavatın tarixi bir missiyası vardır ki, bu da Azərbaycan xalqının özünün suveren hüquqlarına sahib çıxmasına nail olmaqdır. Hakimiyyət orqanlarının seçilməsi də bu suveren hüquqlara aiddir. Bu günə kimi heç zaman Müsavat Partiyası bu suveren hüququ alver, sövdələşmə predmetinə çevirməyib və çevirməyəcək də. Çünki Müsavatçılıq yalnız hakimiyyət uğrunda mübarizə deyil, Azərbaycan uğrunda şərəfli bir missiyadır. Öndərimiz Rəsulzadənin dediyi kimi, davamız Azərbaycan davasıdır.

Bu səbəbdən də mənsub olduğum partiyaya qarşı böhtan atan bir qəzetin baş redaktorunun İP-nın rəhbərliyində təmsil olunmasını qəbul etməyərək qurumdan istefa vermək haqqında qərara gəldim. Xüsusilə vurğulamaq istəyirəm ki, bu addım mənim siyasi baxışlarımın və mövqeyimin dəyişilməsi kimi ehtiva olunmamalıdır. Müsavat Partiyasının üzvü kimi mübarizəmi davam etdirirəm, müsavatçılığın təntənəsi üçün əlimdən gələni edəcəyəm.

Sonunda hesab edirəm ki, Müsavat Partiyasının oktyabrın 20-də keçiriləcək Məclisi partiyaya atılmış böhtana mütləq münasibət bildirməlidir.

***

Yadigar Sadıqovun bəyanatına “Yeni Müsavat” qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlu cavab verib. Qəzetin saytında yayılan cavabda R.Arifoğlu bildirir ki, belə adamı şəxsən tanımayıb, yalnız adını eşidib:

“Onu virtual olaraq tanıyırdım. Yadigar Sadıqlının bu cür mövqeyi həm gülməli, həm də heyrətləndiricidir. Qəzetdə yazılan yazılara görə, bir siyasi funksioner siyasi xarakirilik həyata keçirirsə, bu təbii ki, onun problemidir, bizim yox. Onun bəyanatındakı ittihamların heç birini qəbul etmirik. Biz Müsavat Partiyası, demokratiya üçün həbsxanalara girmişik. Bir öz tərcümeyi halına baxsın, bizim də. Və partiyaya indiyədək nə fayda verdiyini düşünərək danışsın. Virtual fəaliyyətin Müsavata hər hansı bir əhəmiyyətini mümkün hesab etmirəm. Mən ondan narahatam ki, Yadigar Sadıqlı hətta bizim bu yazılarımızdan təsirləndiyini deyərək, siyasi xarakirilikdən sonra gedib özünə fiziki qəsd də edə bilər. Əgər belə bir niyyəti varsa, lütfən bunu etməsin. Biz onun psixoloji durumundan narahatıq. Çünki onun hərəkəti normal bir qərar deyil. “Yeni Müsavat”da bəzilərinin anlamını başa düşmədiyi iki yazı ilə bağlı mənim üzərimə gələn adamlar haqqında onu deməliyəm ki, onların düşüncələri kökündən yanlış təsbitdir, qərəzli təqdimatdır. Bu, “Yeni Müsavat”a qarşı repressiya aktı kimi qiymətləndirilməlidir. İki təhlili və içərisinə konkret məlumatlar olan yazılara görə qəzet bu dərəcədə sıxışdırılmamalıdır, təhdid, təhqir olunmamalıldır. Hər kəsin borcudur ki, hakimiyyət düşərgəsində olan məmurları onlara xoş olmayan yazılara görə qəzetlərə dözümlü olmağa çağırdıqları kimi, bu çağırışları özünə də etsin, özünə də baxsın”.

R.Arifoğlu APA-ya açıqlamasında isə deyib ki, ona qarşı “çirkli kampaniya” gedir və bu kampaniyada üzv olduğu Müsavat Partiyası üzvləri də iştirak edir. “Təəssüf edirəm ki, bu kampaniyanın iştirakçıları və icraçıları arasında Müsavat Partiyasının üzvləri də yer alıb. Mən bu məsələni partiya rəhbərliyi qarşısında qaldıracağam və mənə etimad barədə bəyanat olmasa, partiyadan istefa verəcəyəm”, – deyə o qeyd edib..