“Tehran BP-nin təzyiqləri qarşısında Azərbaycanı himayə etməyə hazırdır”
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Azərbaycan hökuməti ilə BP arasında yaranan gərginliyə münasibət bildirib. “Səhər” televiziyasının məlumatına görə, Mehmanpərəst deyib ki, Tehran BP-nin təzyiqləri qarşısında Azərbaycanı himayə etməyə hazırdır.
XİN sözçüsünün həftəlik brifinqində “Səhər”in müxbiri ona sual verib ki, Azərbaycan prezidenti İlham Əliyevin BP şirkətini neft istehsalı və ixracatı həcmini azaltmasını tənqid etməsi və buna görə BP-nin İlham Əliyev hakimiyyətini devirməklə hədələdiyi bir şəraitdə İran Bakıya hansı köməkliyi göstərə bilər.
“Biz qonşularımızla əlaqələrimizdə bütün imkanlardan istifadəyə üstünlük veririk. Dəfələrlə sübut etmişik ki, qonşularımız çətin vəziyyətlə üzləşdikləri zaman biz onların yanında olmuşuq. Böyük Qərb dövlətlərinin regionda iştirak prinsipləri ya gərginlik və böhran yaratmaq istiqamətində, ya da digər ölkələrin milli mənafelərini öz xeyirlərinə istismar etmək üçün olub. Onlar daim digər ölkələrin milli mənafelərini pozublar. Biz isə bütün hallarda qonşularımızın yanındayıq və bütün potensiallardan onlara yardım etmək, regionda sabitlik və təhlükəsizliyin bərqərar edilməsi üçün istifadə edəcəyik”, – deyə XİN sözçüsü sualı cavablandırıb.