“ABŞ-ın maraqları burada ciddi dəyişikliklərə gətirib çıxaracaq”

vefa quluzade2“BP ilə qarşıdurma Azərbaycana xeyir gətirməyəcək”

Vəfa Quluzadə: “Rusiya Türkiyədən Suriyaya görə qisasını Azərbaycana zərbə vurmaqla çıxmaq istəyir”

Iqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci zirvə toplantısı regionumuzla bağlı müxtəlif mövqedə olan ölkə başçılarını Bakıda biraraya yığıb. Zirvə toplantısına dövlət başçısı Ilham Əliyev, Pakistan prezidenti Asif Ali Zardari, Iran prezidenti Mahmud Əhmədinejad, Əfqanıstan prezidenti Hamid Kərzai, Tacikistan prezidenti Emomali Rahmon, Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan, Özbəkistan parlamentinin sədri Ilgozar Sobirov, Qazaxıstan, Qırğızıstan, Iordaniyadan yüksək vəzifəli hökumət nümayəndələri qatılıblar. Bəs bu toplantıdan gözləntilər nədən ibarətdir? Bu sual ilə politoloq Vəfa Quluzadə ilə müsahibəmizə başladıq:

– Ərəblərdə belə bir məsəl var. Ərəblər razılığa gəliblər ki, heç nədə razılaşmayacaqlar. Iqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci zirvə toplantısı ilə bağlı bu məsəli xatırladardım. Çünki bu toplantıya yığışan dövlətlərin məqsədləri üst-üstə düşmür. Mən Rusiya deyəndə eyni zamanda Rusiyanın təsir altında saxladığı Orta Asiya dövlətlərini də nəzərdə tuturam. Üstəlik, Iran Rusiyanın müttəfiqidir, amma Iranın Türkiyə ilə zidd olan maraqları mövcuddur. Eyni zamanda Türkiyənin də Irana qarşı müəyyən narazılıqları var. Iqtisadi Əməkdaşlıq Təşkilatının bir toplantısı Azərbaycan üçün uğurlu keçib. Iştirak etdiyim həmin toplantıda Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti tənqid edilmişdi. Sonra nə oldu? Bir nəticə baş verdi? Hazırda Ermənistan Rusiyanın təhriki ilə S-300 raketlərini Naxçıvana qarşı tuşlayıb ki, biz Xankəndindəki aeroportu vursaq, onlar da əks zərbəni Naxçıvana qarşı istifadə etsinlər.

İrana yeri göstərilməlidir

– Ötən illərdə Iranın dövlət başçısı Ilham Əliyevi bir neçə dəfə ölkəsinə dəvət etsə də səfər baş tutmadı. Bu, iki ölkə arasındakı gərgin münasibətlərdən sonra Iranın prezidentinin Azərbaycana ilk səfəridir. Sizcə, Əhmədinejad, Bakıya hansı mesajlarla gəlib?
– Iran bizə çirkab atdığı bir zamanda belə bir dəvət qəbul edilə bilməzdi. Azərbaycanın müstəqil dövlət olduğunu Iran anlamalıdır. Əhmədinejadın Bakıya gəlişi isə toplantıda iştirakla bağlıdır. Əlbəttə, iki dövlət başçısı arasında görüş baş tutacaq. Iran prezidenti öz tövsiyyələrini Ilham Əliyevə çatdıracaq. Onlar “Israil ilə yaxınlıq etməyin, Iranla əməkdaşlığı gücləndirin” ola bilər. Azərbaycan da buna qarşı bildirməlidir ki, dövlətimiz milli maraqlardan çıxış edərək siyasətini qurur və Irana qarşı tədbirlərdə iştirak etmir. Bundan narahat olmağına dəyməz. Amma bizim apardığımız siyasətə Iranın aidiyyəti yoxdur və ona qarışmayın demək lazımdır.

– Maraqlıdır ki, Əhmədinejadın Bakıya səfəri ərəfəsində ABŞ dövlət katibinin köməkçisi Erik Rubin də paytaxtımızın qonağı olub. Bakıda olarkən Rubin bildirib ki, “ABŞ Iranın nüvə silahı əldə etməsinə imkan verməməyə çalışır və bu məsələdə Azərbaycan bizim yanımızdadır…
– ABŞ-la Azərbaycan strateji partnyorlardır. Amerikanın Azərbaycanda maraqları var və Azərbaycanın bu maraqlara müqavimət göstərməsi məhv olmaq qərarına imza atmağa bərabərdir. Azərbaycan Amerika ilə hərtərəfli əməkdaşlıq edib və edəcəkdir. Ona görə ki, bu, Azərbaycanın maraqlarına uyğundur. Rubinlə Iran prezidentinin səfərlərinin üst-üstə düşməsi təsadüfdür. Iran rəhbərinin Bakıya gəlməsinə görə Dövlət Departamentinin rəsmisinin Azərbaycana gəlməsinə lüzum yoxdur. Azərbaycan Irana qarşı milli maraqlarını yaxşı bilir və ABŞ rəsmisinin Azərbaycana səfərinə ehtiyac yoxdur.

bp məsələsində emosiyalara qapılmaq olmaz

– Rubinin səfəri həm də bp ilə bağlı Azərbaycan hökuməti arasında gərginliyə təsadüf etdi. ABŞ rəsmisi məsələyə münasibətini bildirməyəcəklərini deyib. Həqiqətənmi ABŞ baş verənlərə seyrçi qala bilər?
– ABŞ özünü dünya jandarmı kimi göstərmək istəmir. Ona görə ABŞ Azərbaycanla bp arasında yaranmış problemə qarışmaq istəmir. ABŞ Azərbaycanın partnyorudur, Böyük Britaniya isə ABŞ-ın ən yaxın müttəfiqidir. Ona görə də Azərbaycan bu istiqamətdə addım atanda bunları nəzərə almalıdır. bp problemini Azərbaycanla şirkət özü çözməlidir. Ona görə də Rubinin mövqeyi tamamilə anlaşılandır.

– Bu ərəfədə beynəlxalq mətbuatda bp ilə baş verənlərə görə Azərbaycana bir sıra sərt mesajlar ünvanlandı. Bir sıra ekspertlər bunu bp-nin mövqeyi kimi də qiymətləndirməyin tərəfdarıdır. Siz, bu barədə nə düşünürsünüz?
– Bu mesajları Neft Şirkəti qiymətləndirməli və düzgün mövqe tutmalıdır. Azərbaycana bp ilə hər hansı qarşıdurma xeyir verən deyil. bp dünyanın ən böyük şirkətidir. Azərbaycanla bp ortaq məxrəcə gəlməlidir. Nə Azərbaycan məsələni tam aydınlaşdırmamış bp-yə qarşı ittihamlar irəli sürməlidir, nə də bp mesajlar verməlidir. Bu məsələ olduqca qəlizdir və keçmişə qayıdaraq konsorsiumun imzalanmasına, o zaman qoyulan şərtlərə geri qayıdır. Bizi Rusiyanın təsiri ilə bp ilə əlaqələri korlamaqda suçlayırlar.

– bp ilə münasibətlərin korlanması Azərbaycana nə vəd edir?
– Bu barədə konkret nəsə deyə bilmərəm. Ortada 8 milyard ziyanın dəydiyi ilə bağlı ittiham var. bp ya gərək bu məqamı təkzib etsin, ya da ortadakı ziyanın nədən irəli gəldiyini izah etsin. Bu məsələ müzakirə olunmalıdır. Ortada olan səkkiz milyard məsələsi bizim neftçilərin iddialarıdır. Bəs, bp-nin neftçiləri nə deyir?

– “Daily Telegraph”a görə, Azərbaycanla bp arasındakı məsələ tüstüləyən əskidir və ziddiyyətlər əvvəlcə də olub. Və Azərbaycanın Rusiyanın bp-ni ölkədən çıxarmaq istədiyi bir məqamda belə bir mövqe sərgiləməsi təsadüfi sayılmır.
– bp-nin rəhbəri azərbaycanlıdır. Ingilis nümayəndəsi gedib. Nəyə görə azərbaycanlı əskinin tüstülənməsinə imkan yaradır. Bu məsələni araşdırandan sonra nəsə fikir söyləmək olar. Rusiya ilə Azərbaycanın bp-yə qarşı addımlar atmasına gəlincə isə, burada iki fikir söyləmək olar; ya Azərbaycanın da, Rusiyanın da bp-yə qarşı addımları sırf təsadüfdən üst-üstə düşüb, ya da “Daily Telegraph”ın iddiasına uyğun olaraq söyləmək olar ki, Azərbaycan bunu Rusiyanın təsiri ilə edir. Amma mən inanmıram ki, Azərbaycan Rusiyanın təsiri altında ölkədən bu cür sanbalı şirkəti çıxarsın. Bu məsələyə ciddi yanaşmaq lazımdır, çünki bu məsələnin iqtisadi ilə yanaşı siyasi tərəfləri də var.

Ermənistanı danışdıran Rusiyadır

– Ermənistan ordusunun baş qərargahının operativ idarəsinin rəisi, general-mayor Artak Davtyan jurnalistlərə açıqlamasında bildirib ki, lazım olduqda Azərbaycanın neft və qaz infrastrukturuna, o cümlədən neft və qaz kəmərlərinə zərbə vura bilərlər. Sizcə, Ermənistanın belə bir addım atmağa cürəti çatarmı?
– Ermənistanı danışdıran Rusiyadır. Rusiya hazırda dünyanı regiondakı genişmiqyaslı əməliyyatlara hazırlamaq istəyir. Belə ki, Suriya Türkiyə müharibəsi baş verərsə, bu, Rusiyanın mövqelərinə təsir edəcək. Əsədin çökməsi Rusiyanın mövqelərini itirməsi deməkdir. Rusiya Türkiyəyə zərbə endirmək istəyir. Bunun üçünsə unikal şans Azərbaycanı vurmaqla niyyətini reallaşdırmaqdır. Ermənistandan gələn hədə-qorxular Rusiyanın diqtəsi ilə verilir. Ermənistanın nə siyasi iradəsi, nə də özünün idarə etdiyi ordu var. Bütün proseslərə nəzarəti Rusiya həyata keçirir. Ermənistanın müdafiə nazirini Rusiya təyin edir. Xoşu gəlməyəndə güllələyir. 99-cu ildə Azərbaycanla sülh müqaviləsinə imza atan Karen Dəmirçyan, Vazgen Sərkisyan güllələndilər. Və ya Levon Ter-Petrosyanla Yaqub Məmmədov sülh müqaviləsinə imza atanda ermənilər Şuşa ilə Laçını işğal etmişdi. Bunu da Rusiya təşkil etmişdi ki, sülh yaranmasın. Çünki necə ola bilər ki, Ermənistan rəhbəri sülh müqaviləsi imzalayır, amma ordusunun irəliləyişindən xəbəri yoxdur. Levon Ter-Petrosyan deyəndə ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etmədən gələcəyi yoxdur, onu dərhal vəzifədən kənarlaşdırdılar. Qarabağda hava limanını Rusiya tikib. Kazimirov vaxtilə mənə bu barədə etiraf etmişdi.

– Gürcüstandakı son seçkilər Qərb tərəfindən ciddi dəstək aldı. Hələ seçkidən əvvəl ABŞ birmənalı şəkildə bildirmişdi ki, bu seçki Gürcüstan üçün demokratiya sınağı olacaq. Bu mesajların Cənubi Qafqazın başqa ölkələri – Azərbaycan və Ermənistana da şamil edildiyi bildirilir. Bu baxımdan Rubinin Bakıda Klintonun demokratiya ilə bağlı bəyanatlarını bir daha dilə gətirməsi təsadüfi sayılmır?
– Bizə yaxşı seçki nümunəsi lazımdırsa, biz bu nümunəni Gürcüstandan deyil, Norveç, Fransa və başqa demokratik ölkələrdən də götürə bilərik. Ona görə düşünmürəm ki, Gürcüstandakı seçkilər Azərbaycana birbaşa təsir edəcəkdir. Gürcüstanda baş verənlər iki faktorla bağlıdır. Birinci amil gürcü xalqının iradəsidir. Gürcü xalqı özünə demokratiya qurmağı bacardı. Ikinci faktor dünyanın ən böyük dövləti ABŞ-ın gürcü xalqını bu məsələdə dəstəkləməsidir. Mən hesab etmirəm ki, Gürcüstanda demokratiyanın qurulması tam formada gürcülərin əli ilə olub. Şevardnadze tribunada nitq dediyi yerdə Saakaşvili adamları ilə zala daxil oldu. Harda idi Şevardnadzenin xüsusi təyinatlıları? Onu heç kim müdafiə etmədi və bunun səbəbləri var. Çünki Saakaşvilinin arxasında ABŞ möhkəm dayanmışdı. Indi isə Gürcüstanda iki partiyalı sistem yaranır. Birincisi Saakaşvilinin partiyası Respublikaçılar, ikinci isə Ivanişvilinin koalisiyası. Indi baxaq, bu Azərbaycana necə təsir edəcək. Belə bir təsirin olması üçün gərək Azərbaycan rəhbərliyi belə bir sistemə keçməyi arzu etsin. Arzu edirmi? Mən bunu görmürəm. Arzu edəcəkmi? Bunu da düşünmürəm.

– Gürcüstanda Şevardnadzenin devrilməsinin və demokratik dövlətin yaranmasının ABŞ-ın arzusu olduğunu dediniz. Sizcə, ABŞ Azərbaycanda necə belə dəyişikliyin olmasının tərəfdarıdırmı?
– Gürcüstanla Azərbaycanda situasiyalar tam başqadır. ABŞ Azərbaycanda nəsə etmək istəsə, onu gürcü ssenarisi ilə etməyəcək. ABŞ-ın regiondakı maraqları bu bölgədə də ciddi dəyişikliklərə gətirib çıxaracaq. Amma bunun vaxtını dəqiq deyə bilmərəm.

Xəyal