Oqtay Əsədov: “bp son xəbərdarlığını aldı”
Parlamentin dünənki iclası bir sıra maraqlı çıxışlarla yadda qalıb. Bu sırada ilk olaraq spiker Oqtay Əsədovun bp şirkətilə bağlı çıxışını qeyd etmək olar. Spiker Ilham Əliyevin bp ilə bağlı tənqidi çıxışına toxunaraq deyib ki, bp artıq cavabını alıb: “Nə vaxt hasilat aşağı düşəndə nə etmək lazımdır, bu, hər kəsə aydındır. Proqnozlar yerinə yetirilməlidir. Amma 3 ildir ki, proqnozlar, öhdəliklər yerinə yetirilməyib. Necə oldu ki. Azərbaycanın payı 80 faizə çatanda hasilat aşağı düşdü? Deməli, bp-nin hasilatı yüksəltməkdə marağı olmayıb. Prezident Azərbaycanın marağını qoruyur… bp öz öhdəliklərini yerinə yetirəcək, çünki son xəbərdarlığını aldı”.
Deputat Zahid Oruc da bp məsələsinə toxunub. O, bildirib ki, Milli Məclis Ilham Əliyev şirkət haqqında çıxışını müsbət qiymətləndirib. “Prezident öz çıxışı ilə transmilli şirkətlərin guya, siyasi məsələləri həll etdiyi, hakimiyyət dəyişikliyi həyata keçirdiyi barədə formalaşan mifləri dağıtdı”, – deyə deputat bildirib.
18 oktyabr niyə qeyri-iş günü deyil?
Oqtay Əsədovun 18 oktyabr müstəqillik gününü nədən qeyri-işi günü olmaması barədə izahatı da maraqlı olub. Qeyd edək bu məsələni deputat Iqbal Ağazadə qaldırıb. O, 18 oktyabrın qeyri-iş günü kimi qəbul olunmasını təklif edib. Deputat bildirib ki, parlament və hökumət yenidən bu məsələyə baxmalı və münasibəti dəyişməlidir.
Oqtay Əsədov deyib ki, 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyi bərpa edərkən özünü 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) siyasi varisi elan edib.
Spiker deyib ki, AXC-nin yaranması 28 may tarixindən başlanır. Buna görə də hüquqi baxımdan Azərbaycan Respublikasının müstəqillik günü 28 may tarixində qeyd olunmalıdır və həmin gün də ölkədə bayramdır. Spiker bu “izahat”ından sonra 18 oktyabr tarixinin qeyri-iş günü elan edilməsi barədə təkliflərlə razılaşmadığını dilə gətirib.
Milli Məclisdə mübahisə
Milli Məclisin dünənki iclasında deputatlar Sabir Rüstəmxanlı ilə Aydın Mirzadə mübahisə edib. Sabir Rüstəmxanlı Azərbaycan Ordusunun 95 illik yubileyi ilə təsis olunan medalla bağlı müzakirələr zamanı bildirib ki, təmas xəttində yerləşən hərbi hissələr sanki cəmiyyətdən təcrid olunmuş şəraitdə fəaliyyət göstərirlər. “Mən təmas xəttində yerləşən hərbi hissədə olarkən əsgərlərin və hərbi texnikanın vəziyyətini müşahidə etdim və soruşdum: Orduya yığılmış bu qədər maliyyə hara gedir?”, – deyə deputat əlavə edib.
Sabir Rüstəmxanlı həmkarlarını bununla bağlı Milli Məclisdə komissiya yaratmağa çağırıb. “Hərbi hissədə kitab yox, komandiri axtarırsan, yerində tapmaq olmur. Həmin hərbi hissədən 200 metr o tərəfdə isə düşmən yerləşir”, – deyə bildirib.
Deputat Aydın Mirzəzadə isə Sabir Rüstəmxanlının çıxışına işarə edərək deyib ki, bu, deputata yaraşan çıxış deyil:
“Bu cür çıxışlarla biz kimə çağırış edirik? Bəs Mübariz Ibrahimovlar harada yetişir? Azərbaycan Ordusu ən müasir silahlarla təchiz olunub, ordumuz torpaqlarımızı hər zaman işğaldan azad etməyə qadir bir ordudur. Hansı komandir yerində tapılmır?”.
Vitse-spiker Ziyafət Əsgərov da Sabir Rüstəmxanlıya irad tutub: “Siz deputatsınız, bu məsələ ilə bağlı nə zaman Yazıçılar Birliyinə müraciət etmisiniz? Yazıçı və şairlərlə birlikdə cəbhə bölgəsinə getmisiniz? Qoy o adam danışsın ki, o, belə bir şəxsi nümunə göstərsin”.