Moskva və Bakıdan bp-yə razılaşdırılmış hücum?

Ərəstun Oruclu: “bp-nin hər iki ölkədə eyni vaxtda hədəfə alınması təsadüfi deyil”

Ölkə başçısı Ilham Əliyevin bp-nin ünvanına itihamlar səsləndirməsi dünya mediasının gündəmini zəbt edib. “Forbes” jurnalının ardınca Britaniyanın tanınmış “The Telegraph” nəşri də bu mövzuya toxunub. Qəzetin yazdığına görə, Azərbaycanın siyasi lideri şirkət üçün münasib olmayan bir vaxtda onun üstünə düşdü. Çünki şirkət hələ də Meksika körfəzindəki ekoloji qəzanın nəticələrinin “acısını çəkir”. Eyni zamanda Rusiya rəhbərliyi də şirkəti sıxışdırır. Yazının müəllifi rəsmi Bakı ilə Moskvanın bp-yə vurduğu zərbənin sinxronluğunu təəccüblü saymır.
Qeyd edək ki, son aylarda Rusiyanın da BP şirkəti ilə problemləri yaranıb. Bu problem əsasən Rusiya-Britaniya münasibətlərindəki soyuqluqdan qaynaqlanır. “Rosneft” şirkəti ilə yaranan problem səbəbindən bp-nin Moskva ofisində bir neçə dəfə yoxlamalar aparılıb. Artıq bu şirkətin Rusiyadan gedəcəyi ehtimalları artır.
Bəs Rusiya ilə Azərbaycanda eyni vaxtda bp-yə qarşı hücumların arasında hər hansı əlaqə varmı?

Politoloq Ərəstun Oruclu hər iki ölkədə eyni vaxtda şirkətin hədəfə alınmasını təsadüfi saymır. BP-yə qarşı hücumların arxasında siyasi faktorun dayandığını deyən ekspertin sözlərinə görə, əslində “Forbes”in bu cür kəskin reaksiyası çox ciddi xəbərdarlıq idi. Çünki yüksək ehtimalla Qərb dünyası, demokratik dünya Azərbaycan islahatlar, ölkənin siyasi strategiyası ilə bağlı hakimiyyətə ona sərf etməyən mesajlar verib. Rəsmi Bakı isə köhnə oyun qaydalarından istifadə edərək yenə Moskva ilə birləşmək, Rusiyanın tərəfinə keçmək kimi hədələyici taktikadan istifadə edir. bp-yə hücumun Rusiya ilə eyni zamanda üst-üstə düşməsilə, yaxud o hücumu zaman baxımından üst-üstə salmaqla hakimiyyət göstərmək istəyir ki, mənim seçimim var, Rusiyanın da tərəfinə keçə bilərəm.  
Lakin ekspert bunu uğursuz taktika kimi qiymətləndirdi. Çünki hələ Rusiyanın harda, kimin tərəfində və dünyada hansı söz sahibi olduğunu müəyyənləşdirmək lazımdır.

Fizzə