İkinci debatı Obama uddu

BŞ prezidentliyinə namizədlər – hazırkı prezident Barak Obama ilə Respublikaçıların namizədi Mitt Romni arasında maraqla gözlənilən ikinci debat keçirilib. ABŞ prezidenti debatlarını canlı yayımlayan və həmçinin ölkə üzrə 1 nömrəli rəy sorğusunu keçirən CNN telekanalının nəticələrinə görə bu dəfə hesab Obamanın xeyrinə 49%:39% oldu.

Bəri başdan demək lazımdır ki, Nyu Yorkun Hemstead nahiyəsində, Hostra Universitetində keçirilən ikinci debat birincidən bütün cəhətləri ilə fərqlənirdi.

FƏRQLİ BİR DEBAT

Əvvəla, bu debatın aparıcısı və yaxud CNN-nin təbirincə desək, moderatoru Kandi Krovley son iyirmi ildə prezident debatlarını aparan ilk qadın idi. Hərçənd o, CNN-nin tanınmış müxbiri kimi Klintonun, hər iki Buşun və Obamanın seçki kampaniyalarını işıqlandırıb.

Mühüm fərq bundan ibarət idi ki, Candy Crowley bu debatda doğrudan da moderatorluq etməli oldu.

Bu həm də fərqli səhnə quruluşu ilə bağlı idi. Əgər birinci debatda namizədlərin hər birinin öz xitabət kürsüsü vardısa və onlar bu kürsünü tərk etmirdilərsə, ikinci debatda səhnə əsil qladiator arenası kimi düzəldilmişdi. Namizədlər ilk anlardan bir-birinə məsafəcə maksimum yaxınlaşır, bir-birinin sözünü kəsir, ittiham edirdilər.

Belə anlarda, iki ucaboy və çılğın namizədi, onlardan yarım metr dərinlikdə oturmuş aparıcı, sözün əsil mənasında və elə sözlə “ayırmalı” olurdu.
Halbuki sualları aparıcı yox, CNN tərəfindən seçilmiş “tərəddüd edən” seçicilər verirdilər.

FƏRQLİ BİR OBAMA

Prezident Barak Obama böyük hesabla uduzduğu ilk debatda nəyi etməmişdisə, bu dəfə etdi. Həmləyə keçdi, Mitt Romninin zəif nöqtələrinə zərbələr endirdi.
Hətta keçən dəfə, nədənsə unutmuş kimi göründüyü məqamaları da yada saldı.
Prezident Obama Romninin may ayında keçirilən fondtoplama mərasimində gizli kamera ilə çəkilmiş ziddiyyətli bəyanatını xatırlatdı.

Həmin bəyanatda Romney Amerika əhalisinin 47 faizinin hökumətin müavinətlərindən asılı olduğunu bildirmişdi. Obama bu sözləri debat səhnəsində “başa qaxdı”. “Görün bir bu kimlər haqqında belə danışır, – dedi president, – bütün ömürləri boyu işləmiş adamlar, özlərini bu ölkəyə fəda etmiş veteranlar, hər gün fədakarcasına çalışan tələbələr və əsgərlər haqqında”…

Obama Romney-nin ilk debatda inamla səsləndirdiyi “beş bəndlik iqtisadi planını” da yerlə yeksan etdi. O dedi ki, bu ,əslində bir bənddən ibarət plandır: “Təki yuxarıdakılar başqa qaydalarla oynasınlar”.

Mitt Romney,  “Obamanı seçsəniz dörd ildə baş verənlərin təkrarını görəcəksiniz” və ya “Obama böyük natiqdir, lakin onun iqtisadi siyasəti yerimir” kimi bəyanatlarla əks-həmləyə keçməyə cəhd göstərirdi.

ROMNİ ROMNİYƏ QARŞI

Müşahidəçilərin fikrincə, ikinci debatda Barak Obama Mitt Romninin özü-özü ilə qarşıdurmasına nail ola bilib.

Energetikadan danışarkən Romninin “neft və qazın dostu” kimi qələmə verən Obama, özünün daha çox alternativ enerji növlərinə tərəfdar olduğunu elan etdi.

O bildirdi ki, məqsədi Amerikaya neft idxalını mümkün qədər azaltmaqdır.
Romninin kömür istehsalını dirçəltmək barədə təşəbbüsündən danışarkən Barak Obama yada saldı ki, “özünü kömür dostu adlandıran bu adam Massaçussetsdə kömür emalı zavodunu bağlatdırıb”.

“LİVİYA” QARŞIDURMASI

Debatın Liviya hadisələrinə aid hissəsi son dərəcə gərgin keçdi.
Benqazidə ABŞ səfiri də daxil olmaqla 4 amerikalının qətlə yetrilməsi məsələsinə toxunan Romni iddia etdi ki, Barak Obama bu hadisəfən yalnız iki həftə sonra onu “terror aktı” adlandırıb.

Bu, Mitt Romninin nokdauna düşdüyü anlardan biri idi.
Onun iddiasına cavab vermək üçün artıq yerindən sıçramağa hazırlaşan Obamadan da əvvəl moderator aydınlıq gətirdi və bildirdi ki, prezident bu hadisəni ertəsi gün terror aktı adlandırıb.

QADIN MƏSƏLƏSİ VƏ YA DAHA BİR NOKDAUN

Qadınlara eyni iş üçün kişilərdən daha az maaş verilməsi barədə sualın cavabında Mitt Romney yaxşı başladı, lakin çox pis qurtardı.

O dedi ki, Massaçussets ştatına qubernator gələndə burada əsas vəzifələri kişilər tuturdular, lakin o, bu işə daha çox qadınların cəlb olunmasını təşkil edib.

Bundan sonra Romni bildirdi ki, şirkətlər qadınların işdən sonra evə qaçıb ailələri üçün xörək bişirməli olduqlarını nəzərə almağa çalışmalıdır  və onun bu bəyanatı qadınların ikinci dərəcəli və ya yardımçı rola malik olduqları anlamına gəldi.

Barak Obama isə, əksinə, “sarı simə” vurdu və dedi ki, onun özünü tənha ana böyüdüb və qadın fədakarlığının nə demək olduğunu yaxşı başa düşür.

“ELMİ” RƏY SORĞUSUNDA ROMNİ QALİB OLUB

CNN ikinci debatın ümumi rəy sorğusundan başqa bir də ekspertlərdən ibarət qrupun rəy sorğusunu keçirib. Maraqlıdır ki, “iqtisadiyyatı kim daha yaxşı idarə edə bilərdi” və ya “kimin vergi siyasəti daha cazibədardır” kimi suallarda Mitt Romni üstünlük qazanıb.

CNN-nin az əvvəl keçirdiyi “rəylər rəyi” sorğusu çoxsaylı təşkilatların keçirdikləri rəy sorğularının əsasında formalaşır.

Burada Obama və Romni arasında hesab 48 % – 47%-dir.
Lakin burası da var ki, adi seçicilərin əksəriyyəti “rəqəmlərə” yox, rəğbət və emosiyaya üstünlük verirlər.

Bu mənada ikinci debatın qalibi heç şübhəsiz hazırdkı prezidentdir.

Namizədlər arasında 3-cü və sonuncu debat oktyabrın 22-də Floridada baş tutacaq. Sonra isə söz seçicilərindir. Bütün debatların ən əsas nəticəsi noyabrın 6-da ABŞ-da keçirilən prezident seçkiləridir.

“Azadlıq” radiosu