Evliliklərinin ilk günlərində gənc diktatorun yanından ayrılmayan “sirli qadın” ortalıqda yoxdur
Kim Çen İrin ölümündən sonra ötən il hakimiyyətə gələn Şimali Koreyanın gənc lideri Kim Çen Inın şəxsi həyatı barədə iddialar yenidən gündəmə gəlib. Bir neçə ay əvvəl ailə qurduğu deyilən və rəsmi tədbirlərdə gənc lideri müşaiyyət edən Ri Sol Çu yoxa çıxıb. Evləndikləri barədə iddialar yayılandan sonra davamlı olaraq Kim Çen Inın yanında görünən və kim olduğu dəqiq bilinmədiyi üçün “sirli qadın” deyə təqdim olunan Ri Sol Çu 40 gündür ki ortalıqda görünmür.
“NK News”-un bildirdiyinə görə, Cənubi Koreya mətbuatına danışan adı açıqlanmayan bir mənbə gənc qadının yoxa çıxması barədə maraqlı fakt söyləyib. Mənbənin sözlərinə görə, Ri Sol Çu son günlər kamera və ictimaiyyət önünə çıxarkən Şimali Koreyanın mərhum lideri, Kim Çen Inın atası Kim Çen İrin şəkli olan medalyonu taxmadığı üçün cəzalandırılıb. Çünki həmin medalyon Şimali Koreyada hakimiyyətə olan liderə bağlılığın işarəsi kimi anlaşılır və bütün ölkə vətəndaşlarının taxması məcburidir.
“NK News”-un araşdırdığı son fotolarda gənc birinci xanımın yaxasında sözügedən medalyon olmadığı açıq görünür. Bu medalyonun yerinə başqa medalyon taxan ya da heç taxmayan Ri Sol Çunun hakimiyyətin yüksək eiltasının mühafizəkar və yaşlı üzvlərini qəzəbləndirdiyi deyilir. Bununla yanaşı bəzi iddialar isə ondan ibarətdir ki, baş verənlər Şimali Koreya rejimindəki boşluğun gizlədilməsinin mümkün olmadığını göstərir.