“Bu, Rusiya ilə razılaşdırılmış təzyiq kimi qəbul olunmalıdır”
Ermənistandan Azərbaycanın ünvanına növbəti hədələr səsləndirilib. Bu ölkənin ordusunun baş qərargahının operativ idarəsinin rəisi, general-mayor Artak Davtyan lazım olduqda Azərbaycanın neft və qaz infrastrukturuna, o cümlədən neft və qaz kəmərlərinə zərbə vuracaqlarını bildirib. Erməni general bu məsələdə üstünlüyün uzağa uçan raketlərə verildiyini və ölkəsinin hərbi texnikasının 300 km-ə qədər məsafəni vurmağa qadir olduğunu deyib.
Hərbi əməliyyatlar başlayacağı təqdirdə Ermənistanın belə bir addım atmaq iqtidarında olması bir qədər şübhəli görsənir. Bu bəyanatın arxasında Rusiyanın izini görmək mümkündür.
Artıq Azərbaycanın Müdafiə Nazirliyi də erməni generalı Artak Davityanın çıxışına cavab verib. Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu mətbuata açıqlamasıda düşmənin bu cür danışmağa adət etdiyini və onun gücünün özününkü deyil, kənardan gəlmə olduğunu bildirib.
Siyasi ekspertlər də bu bəyanatı daha çox Azərbaycana təzyiq kimi qiymətləndirir.
Ermənistan və Azərbaycan hakimiyyətləri uzun illərdir bir-birini hədələdiyini deyən ekspertlər bunun bəzən blef kimi göründüyünü bildirir. Çünki heç bir tərəf hərbi əməliyyatlara başlamağa ciddi cəhd göstərmir. Müxtəlif vaxtlarda ciddi problemlər yarananda beynəlxalq birlik tərəfləri geri çəkilməyə məcbur edir.
Ekspertlərin fikrincə, Ermənistan baş gərərgah rəisinin belə bir açıqlaması müəyyən qədər narahatçılıq doğura bilər. Əslində narahatçılıq Ermənistanın Azərbaycanın neft obyektlərini atəşə məruz qoyacağı ilə bağlı deyil. Bu, Rusiya ilə razılaşdırılmış təzyiq kimi qəbul olunmalıdır. Çünki Ermənistan bütünlüklə Moskvadan idarə olunur. Ekspertlər qəfil belə bir bəyanatın ortaya çıxmasının ciddi şübhələr yaratdığını da qeyd edir. Regionda nüfuz uğrunda mübarizənin kəskinləşdiyi bir dövrdə belə bir bəyanatın səsləndirilməsi siyasi motivli açıqlama kimi qiymətləndirilməlidir. Çünki Rusiyanın son dövrdə fəallaşması müşahidə olunur. Azərbaycandakı strateji neft obyektləri Qərbin səyləri, investisiyası nəticəsində formalaşdırılıb. Azərbaycanda bu sahələrə zərbənin endirilməsi eyni zamanda Qərbin maraqlarına birbaşa zərbədir. Ermənistan özbaşına buna cəsarət etməz. Görünür, Moskvada belə bir plan cızılıb və onlar Ermənistanın əli ilə Qərbin maraqlarına zərbə endirmək hədəsi yolunu tutublar. Güman ki, bu, son dövrlərdə regionda nüfuz savaşı uğrunda mübarizənin yeni mərhələyə keçməsi ilə bağlıdır.
Ekspertlər hesab edir ki, Rusiya bununla Azərbaycanın Qərbə güzəştə getməyəcəyi görüntüsünü yaratmağa çalışır və hətta zərurət olarsa, çox ciddi addımlar atacağını göstərir.
Fizzə