Bankın keçmiş işçisi filial rəhbərinin qanunsuz əməllərindən şikayətçidir
Mehman Bahadur oğlu Əliyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əliyevə, Mərkəzi Bankın sədri Elman Rüstəmova və Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Cahangir Hacıyevə ünvanladığı məktubun bir surətini də redaksiyamıza göndərib. O, Bankın Imişli filialında baş verənlərdən yazır.
“Mən, Əliyev Mehman Bahadur oğlu 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankının Imişli filialında xəzinədar vəzifəsinə təyin olunmuş, 2004-2010-cu illərdə isə baş xəzinədar işləmişəm. 2 fevral 2010-cu ildə filial rəhbəri məni qanunsuz olaraq işdən kənarlaşdırıb. Pozulmuş əmək hüquqlarımın bərpası ilə bağlı məhkəmədə qaldırdığım iddia təmin olunmayıb. Dəfələrlə Azərbaycan Beynəlxalq Bankının rəhbəri cənab Cahangir Hacıyevə ərizə və teleqramlar göndərərək, məni qəbul etməyini xahiş etmiş, lakin bu istəyimə çatmamışam. Ona görə də cənab C.Hacıyevə demək istədiklərimi başqa əlaqədar təşkilatlara və kütləvi informasiya vasitələrinə də ünvanlamağa məcburam. Qoy Azərbaycan Beynəlxalq Bankının Imişli filialında baş verən cinayət xarakterli əməllər barədə hər kəs məlumatlı olsun və bu faktlar ört-basdır edilməsin.
Bildiyimə görə, Beynəlxalq Bankın Imişli filialı 1995-ci ildə yaradılıb. Babayev Əbülfət Xudaverdi oğlu 1998-ci ildən bəri bu müəssisəyə rəhbərlik edir. O vaxtlar fiziki şəxslərə kreditlər ümumi məbləğin ən azı 20%-i həcmində “şapka” alınmaqla verilirdi. Bu isə kreditin geri qaytarılmasını çətinləşdirirdi. Problemli kreditlərlə bağlı məhkəmədə qaldırılan iddialardan biri az qala Beynəlxalq Bankda kütləvi həbslərə səbəb olacaqdı. Belə ki, 200 min ABŞ dolları məbləğində kreditə görə 50 min “şapka” alınması faktı üzə çıxanda Ə.Babayevi saxlamışdılar. O da bu məbləği baş idarəyə ötürdüyünü bildirmişdi. O zaman Cahangir Hacıyev kredit şöbəsinə rəhbərlik edirdi. Ə.Babayevin sonradan etirafına görə, rüşvət şəklində alınmış pulu və ona hesablanan faizləri C.Hacıyev ödəyib, onu buraxdıraraq barəsində cinayət işi açılmasına imkan verməyib.
2005-ci ildə “Azərittifaq”ın balansında olan, Imişli şəhərinin 20 yanvar küçəsi ilə Heydər Əliyev prospektinin kəsişdiyi yerdə yerləşən keçmiş “Hədiyyələr” mağazası filial üçün ofis kimi alındı. Bu alğı-satqıda da Əbülfət öz maraqlarını təmin etdi. Belə ki, sahibi ilə sövdələşmə ilə obyekt real qiymətindən baha sənədləşdirildi və onun alınması üçün bankın ayırdığı pulun bir hissəsini Əbülfət mənimsədi. Həmin vəsait, eləcə də təmir-tikinti zamanı istifadəyə yararsız hesab edilən mal-materialla obyektin kənarında ona aid olan boş torpaq sahəsində yeznəsi Eldəniz Məmmədovun adına sənədləşdirməklə mağaza tikdirdi. Indi həmin mağazanı icarəyə verib, hər ayına görə 300 manat alır. Üstəlik, bankın bankomatını mağazanın bir hissəsində yerləşdirib və buna görə filial öz gəlirindən ayda 630 manat bu adama ödəyir. Beləliklə, faktiki olaraq Beynəlxalq Bankın vəsaiti ilə Ə.Babayev həm dəyəri 100 min manat olan mülkə yiyələnib, həm də əlavə olaraq “dividend” əldə edir.
Illər öncə “Şəki-ipək” ASC-nin Imişlidə pambıq qəbulu məntəqəsi yaradılmışdı. Ə.Babayev C.Hacıyevin sürücüsü Aydınla əlaqəyə girib, məntəqənin rəhbəri olan, pambıqçılıq üzrə mütəxəssis Zöhrab Haqverdiyevi işdən kənarlaşdırdı, onun yerinə orta məktəbdə hərbi hazırlıq müəllimi işləyən qardaşını təyin etdirdi. Heç 1 il keçməmiş məntəqədə 250 min manatlıq zərər yarandı və bu məbləğ Beynəlxalq Bankın üstündə qaldı.
Ümumiyyətlə, Ə.Babayevin əməlləri bununla bitmir. Məsələn, 2009-cu ildə filial müdirləri və baş mühasiblərdən banka depozit qoymaq tələb olunurdu. Əbülfət günün birinci yarısı öz adına 20 min manat məbləğində güzəştli şərtlə kredit götürdü, günün ikinci yarısı elə həmin məbləği depozit kimi bank hesabına ödədi. Bankın, necə deyərlər, öz yağını öz başına sürtdü, hələ üstəlik, onu özünə borclu saldı – buna görə adama hər rüb dividend ödənilir.
C.Hacıyevin gəlirlərini artırmaq üçün Nəqliyyat Nazirliyinin tabeliyində olan müəssisələrin hesabını Beynəlxalq Banka cəlb etməsi Ə.Babayevə qanunsuz yolla varlanmaq fürsəti verdi. Belə ki, Ağcabədi, Xocavənd, Beyləqan və Imişlinin Yol Istismar Idarələri (YII) filialın müştərisinə çevriləndən sonra onların hesabına gələn yüz minlərlə manat pul əmək haqqı və maliyyələşmə üçün nağdlaşdırılarkən Əbülfət onlardan 10-15% “şapka” alırdı. Bu qanunsuz tələbə görə Imişlinin 36 saylı YII hesabını bu filialdan çıxararaq, Saatlıya köçürməyə məcbur oldu. Bir neçə il əvvəl Imişlidəki 3 dəmiryolu idarəsinin filialda hesabı vardı. Əmək haqqı kimi hesabdan çıxarılan məbləğin 18%-i ƏDV kimi ödənilməli olduğu halda, onun yarısını ödəyir, qalan yarısını isə idarə rəhbərləri ilə “50-50-yə” bölürdü. Tutaq ki, məbləğ 100 min manat idisə, ödənilməli olan 18 min manatın 9 min manatı dəmiryolçulardan birinin adına açılmış karta yönəldilir, bircə gecənin içərisində həmin məbləğ bankamotdan çıxarılırdı. Mən bilmirəm həmin idarələr bir işçiyə 9 min (məbləğin 16 min manat olduğu vaxt da olub) borcun yaranmağını necə sənədləşdirib və maliyyə yoxlamalarından keçiriblər, bildiyim odur ki, Ə.Babayev bu əməliyyatlara görə heç vaxt sorğu-suala çəkilməyib.
Filialda valyutadəyişmə xidməti var və gün ərzində ən azı 100 manat, ayda təqribən 2ÿ500 manat gəlir gətirir. Işlədiyim 8 il müddətində bu gəlirlərin 1 qəpiyi də sənədləşdirilməyib və müdirin xərcliyinə çevrilib. Ayrı-ayrı vətəndaşların adına göndərilən, bank kimi fəaliyyət göstərən kredit təşkilatlarının hesablarından çıxarılan xarici valyutalar bir qayda olaraq manatla ödənilir. Bu zaman həmin valyutanın alış kursu ilə hesablaşma aparılır. Ə.Babayev həmin valyutaları iş gününün sonunda satış kursu ilə iş adamlarının manatı ilə əvəzləyir.
Beynəlxalq Bankın Imişli filialı bu rayonda yeganə bank müəssisəsidir ki, öz müştərilərinə verdiyi kreditə görə “şapka” alır. Hətta ayrı-ayrı fiziki şəxslərə verilən, 2000 manatadək olan mikrokreditlər zamanı da müştəriyə fırıldaq gəlinir və “komisyon xərc” kimi ümumi məbləğin 8%-i tutulur. Krediti daha çox əlimyandıda olan adamlar götürür, onlar belə bir ödəmənin qanuni olub-olmadığını araşdırmırlar. Bir də ki, tutulan məbləğə görə qəbz verildiyindən, adamlara elə gəlir ki, bankın şərti belədir.
Ə.Babayevin kadr siyasəti də hər kəsdə heyrət doğura bilər. Işlədiyi 14 il müddətində 40-dək katibə dəyişib. Yenicə əməliyyatçı kimi işə götürdüyü şəxsin qarşısında tələb qoymuşdu ki, dayısı onun “hərbi-pambıq müəllimi” olan qardaşını yüksək əmək haqqı olan işlə təmin etsin. Tələb təmin edilməyəndə, institutu fərqlənmə diplomu ilə bitirən bu gənc, səriştəli kadrı heç bir nöqsanı olmadığı halda işdən kənarlaşdırdı. Hərbi xidmətdən yayındırdığı, Təfəkkür unversitetinə girib sonda ABU-nun saxta diplomunu alan oğlunu da işə götürmüşdü, şikayətimdən sonra onu işdən kənarlaşdırmağa məcbur oldu.
Bu gün Əbülfət Babayev 140 min manatlıq “CEEP”də gəzir, 2 “Kamaz” alaraq hər birini ayı 1500 manata icarəyə verib, Binəqdi qəsəbəsində özünə və yeznəsinə villa, doğulduğu Aranlı kəndində 3 mərtəbəli böyük kommersiya obyekti tikdirib. “Səxavətli Hacı” hər ay quzu ətindən tutmuş qızıl balığadək müxtəlif qida məhsullarından baş idarədəki havadarlarına “kənd payı” göndərməyi də özünə borc bilir. Baş idarədən filiala göndərilən televizor, kondisioner, noutbuk, digər əşya və avadanlıqların, eləcə də bərk və yumşaq mebelin bir hissəsini evinə daşıyıb, qohumlarına, ayrı-ayrı vəzifəli şəxslərə hədiyyə edib. Filial müdirinin kabinetini dini rəsmlər bəzəyir, halbuki bütün haram sövdələşmələr elə bu “molla otağı”nda aparılır.
Məni qəbul etsəydi, C.Hacıyevə bunları deyəcəkdim. Dediklərimin doğru olub-olmadığını onun yoxlamaq imkanı da var. Amma mən korrupsiya əməllərinin Beynəlxalq Bankın yalnız bir filialı ilə məhdudlaşdığını, bank rəhbərliyinin bundan bixəbər olduğunu düşünəcək qədər sadəlövh deyiləm. Əgər doğrudan da ölkədə korrupsiyaya qarşı mübarizə aparılırsa, təqdim etdiyim faktlar iştirakımla yoxlanılsın”.
REDAKSIYADAN: Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.