Qurumun əsasnaməsi qəbul edilib
Ötən gün Sahibkarlığın və bazar iqtisadiyyatının inkişafına yardım Fondunun ofisində Açıq Hökümət Tərəfdaşlığı Forumunun toplantısı keçirilib. Toplantıya Açıq Hökümət Tərəfdaşlığı Forumunun yaradılması barədə Memoranduma qoşulan 30 QHT-dən 22 təşkilatın nümayəndələri qatılıblar. Toplantıda Forumun Əsasnaməsi müzakirə olunub. Toplantı iştirakçıları Forumun Əsasnaməsi ilə bağlı təkliflər səsləndiriblər və qurumun idarəolunması ilə bağlı müxtəlif modellər ətrafında fikir mübadiləsi aparılıb. 2 saatdan çox davam edən müzakirələr nəticəsində irəli sürülən təkliflərlə bağlı səsvermə keçirilib. Səsvermədə iştirak edən 21 QHT nümayəndəsindən 13-ü “lehinə” olmaqla Forumun Əsasnaməsi qəbul olunub.
Əsasnaməyə görə, Forumun ali idarəetmə orqanı Forumun bütün üzvlərinin təmsil olunduğu Koordinasiya Şurasıdır. Şura öz fəaliyyətini iclaslar və komitələrdə iş formasında həyata keçirir. Forumun Əsasnaməsində qeyd olunur ki, Açıq Hökumət Tərəfdaşlığı Forumu “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsünün Azərbaycanda tətbiqinə hərtərəfli dəstək vermək, bu təşəbbüsün tətbiqinə ictimai nəzarəti təşkil etmək məqsədilə yardılan qeyri-hökumət təşkilatlarının birliyidir. Forum şəffaflıq, qərəzsizlik, peşəkarlıq və əməkdaşlığa açıqlıq prinsipi əsasında fəaliyyət göstərir. Forumun fəaliyyət predmetinə, informasiya əldə etmək, fiskal şəffaflıq, məmurların gəlir bəyannamələri, ictimai iştirakçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclislə əməkdaşlıq etmək və bu məsələlərlə bağlı hökumətin apardığı islahatlar üzrə tövsiyyələr vermək, Azərbaycan hökumətinin hazırladığı Fəaliyyət planında ictimai iştirakçılıq və Fəaliyyət planının həyata keçirilməsinin monitorinqini aparmaq daxildir. Həmçinin, “Açıq Hökümət” Tərəfdaşlığı Təşəbbüsündə Azərbaycanın vətəndaş cəmiyyətini təmsil edilməsi də Forumun faəliyyət sferasina daxildir.