15 günlük həbsdən çıxan blogger həbsdə olduğu müddətdə başına gələnlərdən danışdı
NIDA gənclər hərəkatının fəalı, bloger Zaur Qurbanlı 15 günlük inzibati həbsdən sonra bazar günü azadlığa çıxıb. O bildirib ki, həbsi NIDA-nın buraxdığı bukletlə bağlı olub. Bukletin nüsxələri “Müsbət dəyişikliklər” gənclər təşkilatının ofisindən götürülüb.
Bukletdə ölkə başçısı Ilham Əliyevin başına bənzəyən baş silueti təsvir olunub və aşağıda yazılıb:”Sən NIDA-nın üzvü olsan, 2013-cü ildə mən gedəcəyəm”.
Fəalın saxlandığı DIN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsindən ona bildirilib ki, bukletdə hökumət əleyhinə çağırışların olmasına dair məlumat əldə ediblər.
Fəala bukletin ideya müəllifinin kimliyi, onun hazırlanmasına kimlərin cəlb olunması barədə suallar verilib. Lakin Z.Qurbanlı hər şeyi öz üzərinə götürüb.
Bukletdə qanunsuz bir şeyin olmadığını anlayandan və bu işə yerli və beynəlxalq demokratik ictimaiyyətin diqqəti artdıqdan sonra blogerin dindirilməsinə son qoyulub.
Bununla belə, Z.Qurbanlıya bildirilib ki, inzibati cəza müddətini sonadək çəkməlidir.
Ona məsləhət görülüb ki, apelyasiya şikayəti verməsin, çünki cinayət işi qaldırılmayacaq.
Z.Qurbanlı qeyd edib ki, həbsdən sonrakı ilk günlərdə ona mənəvi təzyiqlər olub, döyməklə, cinayət işi qaldırmaqla hədələyiblər. Lakin fiziki təzyiq göstərilməyib.
Eyni zamanda o deyib ki, saxlanma şəraiti və nəzarətçilərin davranışı normal olub. Qeyd edək ki, DIN-in məlumatına görə, Z.Qurbanlı “narkotik maddələrin qanunsuz dövriyyəsi barədə operativ informasiya ilə əlaqədar saxlanılarkən polisə tabe olmamaqda ittiham edilib”.
Lakin fəalın sözlərinə görə, həbsdə saxlandığı müddətdə narkotik maddədən ümumiyyətlə söhbət getməyib.