“Şair və yazıçılar cəbhə bölgələrində çıxış üçün dəfələrlə Müdafiə Nazirliyinə müraciətlər etsələr də, bu müraciətlərinə baxan olmayıb”. Bu sözləri Modern.az saytına Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Ədalət Əsgəroğlu deyib.
Xatırladaq ki, Milli Məclisin bugünkü iclasında Yazıçılar Birliyi üzvlərinin cəbhə bölgələrinə getməməsi ilə bağlı məsələyə toxunulub. Sabir Rüstəmxanlının çıxışında ordu ilə əlaqədar tənqidi qeydlərdən sonra Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov deputata irad tutub:
“Siz deputatsınız, bu məsələ ilə bağlı nə zaman Yazıçılar Birliyinə müraciət etmisiniz? Yazıçı və şairlərlə birlikdə cəbhə bölgəsinə getmisiniz? Qoy o adam danışsın ki, o, belə bir şəxsi nümunə göstərsin. Elə bir nümunə ortada olsun. Heç kim sizin qabağınızı kəsməyib. Məsələni necə istəyirsiniz həll edə bilərsiniz. Azərbaycan hökuməti və prezidenti ordunu möhkəmləndirmək üçün əlindən gələni edir. Bəs ictimaiyyət nə edir? Mən bir şairin, yazıçının cəbhə bölgəsinə getdiyinin şahidi olmamışam”.
Modern.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Ədalət Əsgəroğlu bildirib ki, AYB-də xüsusi hərbi-vətənpərvərlik bölümü var: “Buraya nasirlər, yazıçılar, şairlər daxildir. Onların öz iclasları olur. Bu bölümün də rəhbəri Zəlimxan Yaqubdur. Bölümün iclaslarda hərbi-vətənpərvərlik mövzusunda yazılan ədəbi nümunələri müzakirə edilir. AYB üzvləri əvvəllər sərhədyanı bölgələrə səfər edib”.
Ə.Əsgəroğlu qeyd edib ki, “Müdafiə Nazirliyinə ünvanlanan müraciətlərə baxan olmayıb deyərkən, AYB günahı boynundan atmağı nəzərdə tutmur. Amma bu da bir faktdır və mənim gözümün qarşısında olub. Biz bir dəfə bununla bağlı Müdafiə Nazirliyinə məktub göndərdik. Bildirdik ki, əsgərlərin qarşısında çıxış etmək istəyirik. Müdafiə Nazirliyinin bir rəsmisi dedi ki, “bu məsələ mənə aid deyil”. Halbuki Dövlət Sərhəd Xidmətinin bizə müraciəti əsasında AYB üzvləri bir çox yerlərdəki tədbirlərə qatılıblar”.