İvanişviliyə Gürcüstan vətəndaşlığı verildi

Gürcüstanda 1 oktyabr parlament seçkisini udan “Gürcü arzusu” blokunun lideri Bidzina İvanişviliyə ölkə vətəndaşlığı verilib. “Media forum” saytının məlumatına görə, İvanişviliyə Gürcüstan vətəndaşlığının qaytarılması fərmanını oktyabrın 16-da prezident Mixail Saakaşvili imzalayıb.

İvanişvili vətəndaşlıqdan 2011-ci ildə məhrum edilmişdi. O, məhkəmə instansiyalarına üz tutsa da, nəticə əldə edə bilməmişdi.

İvanişvili 1956-cı ildə Gürcüstanın Saçxer rayonunun Çorvila kəndində anadan olub. Gürcüstan Dövlət Universitetinin mühəndis-iqtisadiyyat fakültəsini bitirib. Moskvada aspiranturanı təhsili alan İvanişvili iqtisadiyyat elmləri namizədidir.

Həm Rusiya, həm də Fransa vətəndaşlığı olan İvanişvilini “Forbes” jurnalı 2012-ci ildə Gürcüstanın ən varlı adamı elan edib. Gürcüstanın “Kartu” bankının sahibidir. 2012-ci ilə qədər Rusiyada bank və apteklər şəbəkəsinin sahibi olub.

2011-ci ildən siyasətlə məşğuldur.

Üç oğlu və bir qızı var. Həyat yoldaşı və uşaqları Fransa vətəndaşlarıdır.