Təqaüddəki neftçilər birləşib etiraz aksiyasına başlasın!

Mirvari Qəhrəmanlı: “Neftçilərin sağlamlığını təhlükə altında qoyan səlahiyyət sahibləri özlərini onların yerində təsəvvür etsin…”

Mərkəzi Neftçilər Xəstəxanası bəlli olduğu kimi, bu ilin əvvəlindən Dövlət Neft Şirkətindən alınaraq Səhiyyə Nazirliyinin balansına verilib. Nəticədə şirkətin hazırda təqaüddə olan işçiləri həmin xəstəxanada pulsuz müalicədən məhrum olub.
Səbəb də Dövlət Neft Şirkətinin keçmiş əməkdaşlarının tibbi sığortasının olmamasıdır. Şirkət təqaüdçülərin sığortalanması və xəstəxanada müayinəsi barədə hələ ki, heç bir addım atmır. Dövlət Neft Şirkətinin hazırkı əməkdaşlarının sığortası isə elə cüzi məbləğdədir ki, onunla xəstəxanada müalicə götürmək olar, lakin bahalı aparatlardan keçmək mümkün deyil.
Yada salaq ki, ömrünü, sağlamlığını neft sektorunda qoyan insanlar üçün dünya şöhrətli müğənnilər – Cennifer Lopez, Şakira və Rihannanın gəlişi heç də sevindirici olmadı. Ən azı, ona görə ki, əməkdaşlarının sığortasına “pul tapmayan” Dövlət Neft Şirkəti məşhurların Azərbaycana gəlişi, bir neçə saatlıq konsert verməsi üçün milyonlarından keçərək sponsorluq etdi. Həmin “ulduz”lara ödənilən qonorarla təqaüdçülərin sığortasını təmin etmək də olardı. Amma istəklər hələ fakt deyil…
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı “Azadlıq”a açıqlamasında bildirib ki, sığortadan məhrum olan təqaüdçülər bu məsələ ilə bağlı onun rəhbərlik etdiyi təşkilata dəfələrlə müraciət ediblər. Hüquq müdafiəçisinin sözlərinə görə, Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə müayinə və müalicə hansısa özəl klinikalardakı qiymətə, hətta bir sıra hallarda daha baha başa gəlir. Uzun illər neft sahəsində çalışan və sağlamlığını itirən adamların isə hazırda ciddi müalicəyə ehtiyacı var: “Lakin onlara verilən təqaüd çox cüzi olduğundan, müalicə nədir, heç bir aylıq dolanışığa da bəs etmir. Zamanında bütün neft işləri, tikintilər bu insanların əziyyətindən gələn pul hesabına həyata keçirilib. Ona görə də sabiq neftçilərin bu gün həmin xəstəxanada müalicə olunmaq haqqı var. Neftçilər ən ağır sahədə çalışan insanlardır, onların böyük əksəriyyəti ürək-damar və onurğa yırtığı diaqnozu ilə təqaüdə çıxır. Bu xəstəliklər isə çox bahalı müalicə tələb edir. Neft sahəsində çalışdığı illər uzunu ağır yük daşıyan neftçilərin təqaüdə çıxanda öz səhhətinin qeydinə qalmağa hərtərəfli haqqı var”.
Mirvari Qəhrəmanlı Norveç təcrübəsini misal çəkərək, orada təqaüdə çıxmaq üçün insanların xüsusilə can atdığını söylədi. Bu ölkədə təqaüdçüyə böyük imkanlar və yüksək təqaüd verildiyindən, hamı pensiya yaşını səbirsizliklə gözləyir. Bizdə isə təqaüdə çıxmağın az qala, ölüm hökmü kimi səsləndiyini qeyd edən M.Qəhrəmanlı bu kəsimin demək olar ki, həyati əhəmiyyətli bütün xidmətlərdən məhrum olduğunu söylədi: “Bu gün təqaüdçü deyəndə, Azərbaycanda ən təhlükəli kəsim göz önünə gəlir. Çünki onların pulu, imkanı yoxdur. Əlində səlahiyyət olan və neftçilərin sağlamlığını təhlükə altında qoyanlar özünü bir anlıq onların yerində təsəvvür etsin”.
Haqqı pozulan neftçilərin birləşməsinin zəruri olduğunu vurğulayan M.Qəhrəmanlı onların ardıcıl şəkildə etiraz aksiyaları keçirməsini, səslərini cəmiyyətə mütəşəkkil şəkildə çatdırmasını vacib saydı: “Onlar bunu etsə, mən də onların yanında olacağam və səsimi neftçilərin haqq səsinə qatacağam”.
Nigar