Üç ildə lizinqə verilmiş 3269 baş damazlıq heyvandan 262-si tələf olub
Sən demə, ölkəyə xaricdən gətirilən cins inəklərin bir hissəsi çox keçməmiş tələf olurmuş. Bu heyvanların qiyməti kifayət qədər baha olur – 3000 min manatdan 4500 manata qədər. Məlumat üçün deyək ki, 2009-cu ildə Azərbaycana 770 baş damazlıq düyə gətirilib.
Həmin heyvanların 150 başı “simmental”, 197 başı “şvis”, 423 başı isə “holştrin-friz” cinsləri olub. 2010-cu ildə 900 baş damazlıq düyə gətirilib ki, onların da 318 başı “simmental”, 183 başı “şvis”, 374 başı “holştrin-friz”, 25 başı “aberdin-anqus” cinsləri olub. 2011-ci ildə 1600 baş “holştrin-friz” cinsli damazlıq düyə gətirilib. Tələfat hallarına gəlincə, 2009-2011-ci illərdə lizinqə verilmiş 3269 baş damazlıq heyvandan 262 başı məcburi kəsilib və tələf olub. Damazlıq heyvanların yuxarıda göstərilən qiymətlərə satıldığını nəzərə alsaq, üç il ərzində dəyən zərərin bir milyon manatdan artıq olduğunu görmək olar.
“Şvis”, “simmental”, cinsləri həm ətlik, həm də südlük cinslərdir. Bu heyvanlara yaxşı baxanda gün ərzində 25 kiloqrama qədər süd verirlər. “Holştin-friz” südlük cinsdir və gün ərzində təxminən 35-40 kiloqram süd verir.
EkspertÿVahid Məhərrəmovÿisə bildirir ki, cins mal-qaranın gətirilməsində şəffaflıq da yoxdur. Şəffaflıq olmayanda da araşdırma aparmaq çətin olur. V.Məhərrəmli onu da deyir ki, Türkiyədə eyni istehsal potensialına malik inəkləri 1500-3000 manata almaq mümkündür. Ancaq Almaniyadan, Avstriyadan alınan inəklərin qiyməti 3500-dən yuxarı, 2 dəfə baha olur.
Azərbaycanda damazlıq heyvanların idxalına 2009-cu ildən başlanılıb. Bu il də 3000-dən çox cins mal-qaranın gətirilməsi nəzərdə tutulur. Avropa və Avstraliyadan gətirilən damazlıq heyvanlar sahibkarlara lizinq yolu ilə verilir. Yəni, heyvanın dəyərinin 50 faizini dövlət ödəyir. Yerdə qalan 50 faiz pulun yarısını isə fermer nağd ödəyir. Qalan vəsait isə 3 il müddətinə lizinq yolu ilə ödənilir. Inəklərin Avropadan idxalını artırmaq məqsədi ilə bu il Kənd Təsərrüfatı Nazirliyi 10 milyon manat vəsait ayırıb.