Rauf Arifoğlu: “Əsas şüarımız da ”Pulumuzu verin!” olacaq”
“Azadlıq” qəzeti kollektivinin bu həftə “Qasid” yayım firmasının qarşısında keçirəcəyi piketə “Yeni Müsavat” və “Gündəm xəbər” qəzetləri də qoşulacaq. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu hesab edir ki, “Qasid” qəzetlərə başqa çıxış yolu buraxmayıb: “Azadlıq”ın “Qasid” qarşısında aksiya keçirmək qərarı diqqətimizi cəlb etdi. Bu təşəbbüsə biz də qoşulacağıq. Çünki eyni problemi biz də yaşayırıq.
“Qasid”in bizə 15 min manat civarında borcu var. Biz o borcu alıb problemlərimizi həll edə bilmirik. “Qasid”in həm “Azadlıq”, həm də “Yeni Müsavat” qəzetinə satılan qəzetlərin pulunu verməməsi ucbatından ciddi problemlərimiz yaranıb. Azərbaycan Nəşriyyatı hər iki qəzetdən öz borclarını tələb edir. “Qasid”dən pulumuzu ala bilmədiyimiz üçün ödəmələrimiz də ləngiyir. Biz durumun haradan qaynaqlandığını da bilirik. Aksiyanı keçirməkdə məqsədimiz problemi yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır. Əsas şüarımız da “Pulumuzu verin!” olacaq. Əlavə pul istəmirik ki, öz haqqımızı tələb edirik. “Qasid” firması hər qəzetin satışından yüzdə qırx civarında pul götürür. Qurum bütün xərclərini qəzet satışı ilə çıxarır”.
R.Arifoğlu aksiyadan əvvəl “Azadlıq” rəhbərliyi ilə görüşüb aksiyanın günü, saatı ilə bağlı dəqiqləşdirmələr və məsləhətləşmələr aparacaqlarını bildirir.
Baş redaktor onu da təklif edir ki, ikinci aksiya Bakı şəhər Icra hakimiyyətinin qarşısında olsun: “Yeni köşkləri gətirərək qəzetlərin satışına əngəl olan Bakı şəhər Icra hakimiyyəti qarşısında jurnalistlərin ümumrespublika aksiyası keçirilməlidir”.
Qeyd edək ki, “Qasid”in “Azadlıq”a ümumilikdə 35 min manat borcu var. Bu məbləğin 20 min manatı razılaşmaya görə, Azərbaycan Nəşriyyatına ödənilməli idi. Lakin yayım firması açıq-aşkar razılığa əməl etmir. Yaranmış ağır vəziyyətdən çıxış yolu kimi, qəzetin kollektivi “Qasid” qarşısında etiraz aksiyaları keçirmək qərarına gəlib.
Gültəkin