Putin qızlardan qisas alır

“Pussy Riot”-çular ağır şəraitli həbsxanaya köçürüləcək

Rusiya prezidenti Vladimir Putin əleyhinə çıxışları və maraqlı aksiyaları ilə tanınan “Pussy Riot” qrupunun həbsdə qalan iki üzvü Moskva həbsxanasından kənara köçürüləcək. Qrupun 22 yaşlı üzvü Nadejda Tolokonnikova və 24 yaşlı Maria Alyoxina paytaxtdan qıraqdakı həbsxanalardan birinə aparılacaq. Moskvaya ən yaxın cəzaçəkmə müəssisəsi 100 km aralıda yerləşir. Burda saxlanma şərtləri daha sərtdir.

“Pussy Riot”-çular isə onlara verilən 2 illik cəzanı hazırda olduqları həbsxanada çəkmək istəyirdilər. Hər ikisinin azyaşlı uşağı var və vəkilləri bildirib ki, bu, onların ailələri ilə görüşməsinə problem yaradacaq.

Qeyd edək ki, qrup üzvləri Moskvadakı kilsədə Putinin əleyhinə mahnı oxuduqdan sonra həbs olunublar. Onlar xuliqanlıq ittihamı ilə həbs olunublar. Qrupun digər üzvü Yekaterina Samuşeviç ötən həftə şərti azadlığa buraxılıb. Ona icbari iş verilib.