Azərbaycanın gələnilki büdcəsinin 60 faizdən artığı da tərtəmiz neft pulu olacaq
Məhəmməd Talıblı: “Azərbaycanın neftsiz büdcəsi büdcə xərclərinin cəmi 20-25 faizini təmin edə bilər”
Maliyyə Nazirliyinin rəsmi saytında2013-cü ilin dövlət büdcəsi layihəsi yerləşdirilib. Gələn ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 154 milyon manat, xərcləri isə 19 milyard 810 milyon manat həddində, büdcə kəsiri isə 656 milyon manat nəzərdə tutulub. Büdcənin gəlir və xərcləri bu ilə müqayisədə 12 faiz və yaxud 2,14 milyard manat artırılıb. Büdcə gəlirlərinin 60 faizi və yaxud 11 milyard 350 milyon manatı Neft Fondundan transfertlər hesabına təmin ediləcək.
Büdcə ilə bağlı diqqət çəkən başqa məqamlar sosial layihələrin ənənəvi olaraq arxa plana keçməsidir. Gələn il də büdcə pulları hesabına yol, tikinti layihələrinə yüz milyonlar xərclənəcək. Bu məqsədə gələn ilin dövlət büdcəsindən 7 milyard manata yaxın vəsait xərclənəcək. Investisiya xərcləri bu illə müqayisədə 20 faiz artıb. 2013-cü il büdcəsinin bir özəlliyi də ondan ibarətdir ki, gələn il bürokratik aparat bir az da güclənəcək. Layihədə ümumdövlət xərclərinin 52 faiz artımı nəzərdə tutulub. Bu il ümumdövlət xərcləri 1 milyard 180 milyon manat idisə, gələn il bu göstərici 1 milyard 800 milyon manat olacaq. Bunun müqabilində sosial müdafiə xərcləri cəmi 1,6 faiz və yaxud 28 milyon manat artırılıb.
Iqtisadi Innovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblının fikrincə, dövlət büdcəsinin get-gedə Neft Fondundan asılı vəziyyətə düşməsi və büdcədə neftdən gələn gəlirlərin üstünlük təşkil etməsi olduqca təhlükəli tendensiyadır. 2012-ci ildə Neft Fondundan büdcəyə transfertin ümumilikdə büdcənin 63.3, 2011-ci ildə 57, 2010-cu ildə isə 53.6 faiz təşkil etdiyini deyən M.Talıblı vurğuladı ki, illər üzrə artan dinamika təhlükəlidir: “Açıq görünür ki, Neft Fondundan büdcəyə transfertlərdə yüksəliş var. Əgər bu il bu 9.1 milyard manatdırsa, gələn il bu göstərici 11 milyard olacaq. Bu, Fonddan aslılığı artıraraq onu büdcənin əsas donoruna çevirir. Bu isə o deməkdir ki, büdcəyə gələn hər 4 manatdan 3-ü neft sektorundan daxil olur. Digər tərəfdən, hasilatın azalmasına baxmayaraq neftdən asılılığın artırılması da təhlükəlidir. Çünki gələcəkdə bu boyda büdcəni saxlamaq da problemli ola bilər”.
Büdcədən bürokratik aparatın saxlanılmasına təxminən 2 milyard vəsaitin ayrılmasına baxmayaraq sosial istiqamətə diqqətin ayrılmamasına gəlincə isə, M.Talıblı vurğuladı ki, bu, hakimiyyətin siyasətini nümayiş etdirir. Bundan başqa, bu cür yanaşma hökumətin büdcə siyasətinin olmamasının da göstəricisidir. Azərbaycanın neftsiz büdcəsinin büdcə xərclərinin cəmi 20-25 faizini təmin etmək iqtidarında olduğunu söyləyən M.Talıblı qeyd etdi ki, hakimiyyətin hazırkı yanaşması ölkədə makroiqtisadi göstəriciləri yüksəldir.
Xəyal