Hər gün ölkənin bir yerindən zəlzələ xəbərləri gəlir. Bəzən eyni gündə 3 təkan, 5 təkan. Amma baxırsan, çoxluğun müzakirə mövzusuna aid deyil bunlar. Dünən maraq üçün çeşidli saytlarda zəlzələ xəbərlərinin tıklanma rəqəmlərinə baxdım. Hamısında sıradan xəbər kimi oxunur.
Sosial şəbəkələrə baxdım: müzakirə edilən mövzuların ilk onluğuna belə daxil deyil zəlzələlər. Hətta avstriyalı Feliksin 39 kilometrdən hoppanması belə, zəlzələ xəbərlərindən daha çox maraq və müzakirə doğurur.
Niyə? Çünki ölkə yalnız zəlzələlərlə silkələnmir bu günlərdə. Ölkəni zəlzələlərdən də çox silkələyən, tərpədən hadisələr baş verir: rüşvət videosu, ailənin yeni mülkləri və əlbəttə, bp olayı.
Yeri gəlmişkən, dünən çağdaş Azərbaycan tarixinin ən utancverici səhifələrinin birinin yazılmasından 9 il keçdi, 9 il əvvəl bu ölkədə hakimiyyət tıpkı orta çağlarda olduğu kimi, atadan oğula ötürüldü, Azərbaycanın üzünü gələcəyə deyil, keçmişə tutduğu aydınlaşdı, çağdışı dəyərlərin qələbəsi rəsmiləşdi, belə bir biabırçı olayın gerçəkləşməsində isə bp başda olmaqla, qaranlıq transmilli güclərin rolunu hər kəs bilir.
Indi bu rejim onun qurulmasında əsas rol oynamış bir güclə savaş elan edir. Bağda ərik (indiki situasiyada buruqda neft) qurtarınca salaməleyk də qurtarır. Məşhur filmin təbirincə yazsaq, dünənəcən “Əlişə dayı deyənlər” bu gün onu topun ağzına qoyub atmaqla məşğuldur? Niyə? Hasilatı məqsədli azaldıbmış da, ölkənin gəlirləri azalıbmış da, Azərbaycana külli miqdarda zərər dəyibmiş də, ona görə.
Ərdoğan demişkən, “van minut, van minut!”
Gülər Əhmədova demişkən, “bir dəqiqə, qardaşımsan!”
Azərbaycana hansı zərərdən söhbət gedir? Azərbaycan neftin bu ölkəyə hansı faydasını gördü də, indi də zərərini görsün?
Illərdir bu ölkənin ağıllı başları, vicdanlı beyinləri sizin “Əsrin müqaviləsi” kimi millətə yedirmək istədiyiniz neft kontraktlarının, haqqında bəh-bəhlə bəhs etdiyiniz “Heydər Əliyevin uğurlu neft strategiyası”nın Azərbaycanın maraqlarını necə baltaladığından, transmilli güclərlə əlbir olub millətin sərvətlərini sümürməkdən başqa bir şeyə yaramadığından danışır, yazırdı. Amma siz dinləmirdiniz. Belələrini “ünsür”, “element” deyə damğalayırdınız. Bu da nəticəsi! Gözlənilən idi. Başa gələn çəkilir.
Indi “Azərbaycana dəyən zərər”dən danışanlar əslində bu zərərin əsasının 17 il əvvəl “uğurlu neft strateq”i tərəfindən qoyulduğunu xatırlasınlar və öncə dönüb özlərini sorğulasınlar. Bu gün bp-yə yönələn ittihamların o zaman səmimiyyət yükü olardı, o zaman bu ittihamlar toplumun gözündə legitimlik və dəstək qazanardı ki:
– neft pulları gerçəkdən də xalqa məxsus olardı;
– neft pulları üzərində vətəndaş nəzarəti olardı;
– neft pulları hakimiyyəti qamarlamaq və qorumaq üçün dünya gücləri ilə alver alətinə çevrilməzdi;
– neft pullarının xalqa doğru, şəffaf hesabatı verilərdi;
– neft pullarının səsi ofşor zonalardan, Dubaydan, Praqadan, Mayamidən gəlməzdi;
– neft pulları Azərbaycanın azadlıqlara, hüququn, ədalətə, çağdaşlığa qovuşmasının önünə keçməzdi.
Bunların heç biri baş vermirsə, Ilham Əliyev istədiyi qədər bp-nin hasilatı aşağı salıb gəlirləri azaltmasından narahat olsun, amma bu toplum əsla narahat olmaz. Çünki o, nefti çoxdan özününkü hesab eləmir. O neftdə onun heç bir payı yoxdur.
Fikir verin: hətta hasilatın azalması, neftin qurtardığına dair söhbətlərin çoxalması əslində insanları sevindirir, ümidləndirir.
Mən sosial şəbəkələrdə xeyli adam görürəm ki, onlar ictimai-siyasi fəallıqdan uzaqdırlar, amma neftin tükənməyə başladığı barədə söhbətlərə səssiz qalmırlar, bu söhbətlərin gerçək olması üçün hətta dua edirlər.
Yaptokratlar oturub bunu düşünsünlər: niyə, axı niyə onlar narahat olurlar, amma toplum onların narahat olduğu məsələdə rahatdır, hətta sevinir, sevincək olur?
Oturub düşünsünlər: bir zamanlar nefti qurtuluş kimi, xoşbəxt, firavan həyata açar kimi görən bir toplum qısa bir zamanda nefti niyə düşmən kimi görməyə başladı?
bp hasilatı azaldır, bu heç, niyə xalq, ümumiyyətlə, hasilatın bitməsini istəyir?
Əsas suallar bunlardır, əsas məsələ budur.

Nədir bu bp məsələsi?
•
•