Fərqli imzalar müəllifi Nuşirəvan Kərimov
XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik ideyalarının yayılmasında önəmli rol oynayan “Molla Nəsrəddin” jurnalı ölkə ziyalılarının tribunasına çevrilmişdi. Bu jurnalın işığına ən iti və istedadlı qələmlər toplanmışdı. Həmin yazarlardan bir çoxunun imzası xeyli məşhurdur və geniş çərçivədə tanınır. Amma jurnal üçün yazan bəzi müəlliflərin yaradıcılığı ətraflı öyrənilmədiyindən, onların adları kölgədə qalıb. Jurnalda gizli imzalarla çıxış edən belə yazarlardan biri də Nuşirəvan Kərimov adlı müəllif olub.
“Istot” imzalı bir çox yazı və satirik şeirlərin müəllifi olan N.Kərimov dövrünün məşhur ziyalılarından biri idi. O, bir pedaqoq kimi xalqın maariflənməsi yolunda öz səylərini layiqincə sərf edən fədakar şəxslərdən olub.
“Molla Nəsrəddin”də bütün imza sahiblərinin həqiqi kimliyinin aşkarlanmasında tədqiqatçılar bir sıra çətinliklərlə üzləşirlər. Bəzi imzaların üzərində uzun illərdir araşdırmalar gedir. Şübhəsiz, yeni nəsillər üçün böyük əhəmiyyət kəsb edən o fədakar şəxslərin dəqiqləşməsi, onların ictimaiyyətə tanıdılması çox önəmlidir. Çünki bu insanlar ölkənin ən zor anlarında öz mübariz fəaliyyətləri ilə bir məktəb, bir örnək, bir ideal yarada bilmişlər. Təəssüf ki, adını çəkdiyimiz N.Kərimov da yaradıcılığı az araşdırılan şəxslərdən olub.
Nuşirəvan Kərimov 1898-ci ildə Zəngəzur mahalının Qarakilsə bölgəsinin (indiki Sisiyan) Sofulu kəndində məşhur bəy ailəsində anadan olub. Dünyaya göz açdığı doğma kəndi onların yaylaq yeri, dağın o üzündəki Qubadlının Xocamsaxlı kəndi isə qışlaq yeri idi. N.Kərimov 1931-ci ildə Şuşa Pedaqoji Texnikumunu bitirdikdən sonra Qubadlıya qayıdaraq, Xocamsaxlıda ibtidai məktəbin açılmasına nail olub. O vaxta qədər bu kənddə məktəb yox idi.
Onun babası Molla Səfi Zəngəzurda tanınmış şəxslərdən biri olub. O, yalnız mollalıqla deyil, müəllimliklə də məşğul olurmuş. Məlum olduğu kimi, o dövrdə həm də elmli, savadlı insanları “Molla” adlandırırmışlar. Sonralar N.Kərimov da babasının yolunu davam etdirib. Onun nəvəsi, şair Rafiq Yusifoğlunun sözlərinə görə, babası hər zaman evdə Quran oxuyub. Sovet dövründə də o, bu müqəddəs kitabı evdə gizli saxlayıb, hər gün oxuyub.
“Babam həmişə mənə öz şeirlərindən oxuyardı. Bir niskili var idi ki, ölüb gedəndən sonra şeirləri itib-batacaq. Təəssüf ki, belə də oldu. Onun şeirlərinin bir qisminin əlyazması məndədir. Ancaq şeirlərin çoxu öz evində idi. Bəxtimizə qaçqınlıq payı düşəndə həmin yazılar da Qubadlıda qaldı. Uşaq vaxtı anamdan belə bir şeir öyrənmişdim: Deməyəsən bir zəli, Nə zəli, lap məzəli, Girmiş imiş bir suya, Özün vurub yuxuya… Şeir çox uzundur. Anam deyirdi ki, bu şeir babanındır. Elə babamın dilindən də onun bəzi misralarını eşitmişdim. Sonralar isə həmin şeiri ”Molla Nəsrəddin”də oxudum, müəllifi “Istot” imzalı bir şəxs idi. Şair Qasım Qasımzadə və tədqiqatçı Rəşid Quliyevin araşdırmaları nəticəsində məlum oldu ki, həmin ləqəbin sahibi mənim babamdır”(R.Yusifoğlu-“Vikipedia”).
Jurnalın Qubadlı və Zəngilan üzrə müxbiri
Nuşirəvan Kərimov 30-cu illərdə jurnalın müxtəlif nömrələrində dərc edilmiş “Molla Lətif”, “Ağlaşma”, “Zəhmətkeşlərə” şeirləri, eləcə də “Aşıq” imzası ilə “Yeni pir”, “Fırıldaqçı molla” felyetonlarının eyni dəstt-xətlə, eyni bölgədən yazıldığı bəllidir. O, “Molla Nəsrəddin”in Qubadlı və Zəngilan üzrə təmsilçisi olub. Hətta kənddə məktəb binasının bərbad vəziyyəti ilə bağlı “Molla Nəsrəddin” jurnalında “Qubadlıdan” rubrikası ilə müxtəlif tapmacalar da verilmişdi ki, onun da müəllifi məhz Nuşirəvan Kərimov olduğu təsdiqlənib. Tapmaca belə idi:
“O nədir ki, zığı var, altında çubuğu var,
Pəncərəsi yoxsa da, hər yandan işığı var”
Cavab isə belə idi:
Çəpərədir, zığı var, altında çubuğu var,
Gilətağ məktəbidir, hər yandan işığı var.
Bəli, söhbət Zəngilandakı Gilətağ kəndində o zamankı “çəpərə” məktəbdən gedirdi. Nuşirəvan Kərimovun “Molla Nəsrəddin” jurnalında çap edilmiş məşhur “Zəli bulaq” şeirində məhz Qubadlı ərazisindəki zəli ilə dolu bulağın insanlara gətirdiyi bədbəxtlikdən, xəstəlikdən söhbət açılıb. Həmin şeirin sonunda müəllif – “Istot” üzünü jurnala tutaraq deyirdi:
Molla əmi, müxtəsər, yaz bizə doğru xəbər.
Görək belə dərdlərin, dərmanını kim verər?
“Molla Nəsrəddin” jurnalının 1930-cu il üçüncü sayında dərc edilmiş bu şeirə Mirzə Cəlil özü belə cavab verib:
Qurtarmağa bu dərddən, ayrı dərman gəzmə sən,
Kəndli deyil ki, dəli, udmasın giri zəli.
Tənbəlliyi atsınlar, səlamətə çatsınlar,
Təmir etsin bulağı, ta dincəlsin qulağı.
“Molla Nəsrəddin” jurnalının bu çıxışından sonra bulaq təmir edilmiş, məktəb binası tikilib başa çatdırılmışdır.
“Molla müəllim olub, ləzzətə bax, ləzzətə…”
Əslində, onun yazıları bu curnalda “Istot”, “Aşıq” və başqa məxfi imzalarla çap edilsə də, bunların kim tərəfindən yazıldığını Zəngəzur mahalında hamı bilirmiş. Jurnal nəşrini dayandırdıqdan sonra da N.Kərimov öz fəaliyyətini başqa mətbuat orqanlarında da davam etdirib. Şair Qasım Qasımzadə 1949-cu ildə yazdığı bir şeirdə öz müəlliminə məhəbbətini belə ifadə edib:
“Nuşirəvan müəllim öyrətdi bizə,
Yerlərin, göylərin neçə sirrini.
Qatdı şərbət kimi o, dilimizə,
Vaqifin, Sabirin şeirlərini.
Yüzlərlə ali təhsilli mütəxəssisin, onlarca mollanəsrəddinçinin qəlbində yaşayan Nuşirəvan Kərimov poeziyamızın “Istot”u idi”. Şair Qasım Qasımzadə yazdığı tərcümeyi-halında göstərirdi ki, ibtidai məktəbdə ona dərs deyən ən əziz müəllimi Nuşirəvan Kərimov olub.
Əvvəllər “Molla” adlanan Nuşirəvan Kərimova sovet dövründə “müəllim” deyirdilər. O, sözün həqiqi mənasında ziyalı idi və insanların maariflənməsində və təhsil almasında hər zaman əlindən gələni edib. Dillər əzbəri olan bir şeiri həm “Molla Nəsrəddin” jurnalının səhifələrində, həm də yaddaşlarda qalmaqdadır:
Gəldi həvəskar olub kursa, bütün mollalar,
Bir mən ölüm, diqqət et, köhnə-təzə adətə,
Molla müəllim olub, ləzzətə bax, ləzzətə.
Sovet dövründə N.Kərimovun pedaqoci fəaliyyəti müxtəlif mükafatlara layiq görülüb. O, respublikanın Əməkdar müəllimi olub, Lenin ordeni, Qırmızı Əmək Bayrağı, “Şərəf nişanı” ordenləri və medallarla, müxtəlif fəxri fərmanlarla təltif edilib.
O, 1966-cı ildə vəfat etmişdir. Qəbri indi işğal altında olan Qubadlının Xocamsaxlı kəndindədir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir