İlham Əliyev bp-yə nəyi və niyə xatırlatdı?

Ilham Əliyev Londona işgüzar səfərə gedəndə bp-nin icraçı direktoru Robert Dadli ilə səmərəli görüş keçirmişdi – bu il avqustun 6-da. “Şahdəniz” yatağının işlənməsi layihəsinin ikinci fazası və icra edilən digər layihələrin gedişatı barədə fikir mübadiləsi aparan görüş iştirakçıları “Azərbaycanla bp arasında əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əmin olduqlarını” mehribanlıqla bir-birinə söyləmişdilər.
Aradan cəmi 2 ay 4 gün ötdü və Ilham Əliyev oktyabrın 10-da böyük bir müşavirə ilə bp-ni sərt şəkildə tənqid elədi.
Ilham Əliyevin məlum çıxışı zamanı bəlli oldu ki, bp-nin düşünülmüş surətdə Azərbaycanda neft hasilatını azaltması təzə problem deyil, vəziyyət 3 ildir belədir. Neft müqaviləsinə əsasən, konsorsiuma rəhbərlik edən bp hasilatı azaltmamaq üçün hər il 2 milyard dollar investisiya yatırmalıdır; ancaq illər keçdikcə Azərbaycanın payı artır, konsorsiumun faizi isə azalır. Hazırda bölgü 75-in 25-ə nisbətindədir və ilbəil bu nisbət Azərbaycanın xeyrinə daha da artacaq (2024-cü ilə qədər neftimizin tam sahibi olmalıyıq – əgər o vaxta “qara qızıl” tükənməsə). BP-nin qazancının azalması qoyulan investisiyanın müqabilində gəlir götürməyə imkan vermir, ona görə də bu neft maqnatı müqavilənin şərtinə əməl etməyə və yeni quyular qazmağa tələsmir. Əvəzində isə Azərbaycan 3 il müddətində 8 milyard vəsait itirməyə məcbur olur.
Vəziyyət aydındır və Ilham Əliyev iradında haqlıdır – baxmayaraq ki, o neft gəlirlərindən bu ölkəyə heç nə çatmır. Ancaq diqqəti çəkən başqa nüansdır: 3 ildir yaşanan problem niyə məhz indi dilə gətirilir? Niyə bp-nin icraçı direktoru ilə “gələcək” müzakirə olunanda “səmimi əməkdaşlıqdan” dəm vurulurdu? Ilham Əliyevin məhz oktyabrda bu problemi gündəmə gətirməsinin səbəbi nədir?
Bu şirkətin 80 min işçisini, hər il milyardlarla vergi verdiyini bir kənara qoyaq. Fakt ondan ibarətdir ki, Meksika körfəzindəki uğursuzluğuna və son illər gəlirlərinin azalmasına baxmayaraq, bp – Azərbaycanın tənqid hədəfinə çevriləcək səviyyəyə hələ düşməyib.
Müqayisə edin: 2011-ci ildə Azərbaycanın Ümumi Daxili Məhsulu 63,4, xarici ticarət dövriyyəsi 36,3 milyard dollar idisə, bp-nin ümumi dövriyyəsi 350 milyarddan çox oldu.
Azərbaycanın dövlət büdcəsi 20 milyard dollardır (bunun da 8 milyardı Neft Fondundan transfer edilib); bp-nin xalis gəliri isə 25 milyard civarındadır.
Digər tərəfdən, bp – Böyük Britaniyanın xarici siyasətinin tərkib hissəsidir: bu şirkətin 100 ildən artıq tarixi boyunca ayrı-ayrı ölkələrin taleyində oynadığı rolu izləmək kifayətdir ki, bp-nin imkanları haqqında təsəvvür yaransın. Bu səbəbdən Ilham Əliyevin tənqidinə cavab olaraq, “bp Azərbaycandan gedə bilər, ancaq ondan əvvəl hakimiyyət gedəcək”, – sözləri heç də hədə-qorxu və təsadüf kimi işlənməyib – hamısının əsası var.
Belə şirkətlə Azərbaycan hakimiyyəti öz münasibətlərini niyə kəskinləşdirməlidir? Ilham Əliyev oturduğu budağımı baltalayır?
Əgər doğrudan da əsas məqsəd Azərbaycanın (əslində, hakimiyyətin) iqtisadi maraqlarını qorumaqdırsa, niyə bu məsələ Neft Şirkətinin rəhbərliyi və ya Baş nazir tərəfindən gündəmə gətirilmirdi? Niyə bu sərt ittiham şəxsən möhtərəmin öz dilindən səslənməliydi?
Görünür, bütün problemləri Ilham Əliyevin Böyük Britaniyaya işgüzar səfərində və bp-nin icraçı direktoru ilə görüşündə axtarmalıyıq. Deyəsən, bu görüş təqdim olunduğu kimi heç də “səmimi” şəkildə keçməyib. Əgər qarşıdan gələn 2013-cü il seçkiləri ilə bağlı “siyasi təminat” alınsaydı, Ilham Əliyev qeydlər olan vərəqi xüsusi jestlə qaldırıb, “1998-ci ildən bəri qoyulan 28,7 milyardlıq investisiya qarşılığında konsorsium 73 milyarddan artıq vəsait qazanıb” sözünü, müqavilə şərtlərini və “8 milyardlıq ziyanı” bp-yə xatırlatmazdı.
Amma bu ittihamın qarşısında dünyanın nüfuzlu nəşrlərinin bp-nin marağından çıxış etməsi, “Azərbaycana axan neft milyardlarının hara xərclənməsi” məsələsini gündəmə gətirmək ehtimalını irəli sürməsi xəbərdarlıqdır; axı, “xərclənən” neft milyardlarının hansı bankda və hansı hesabda saxlandığını kimlərsə bilir!
Xəbərdarlıq öz işini gördü: cənabımızın ağzından söz qapan məmurlar adəti üzrə bülbül kimi dil-dil ötməliydilər. Indi isə heç kimdən səs çıxmır – hətta Rövnəq Abdullayevdən də…