Hökumət bp-dən əl çəkmir

Şirkətə qarşı hücumlarda “dövlətçilik manipulyasiyası”

Ölkə başçısı Ilham Əliyevin bp barədə məlum ittiham dolu çıxışından sonra şirkətə qarşı hücumlar davam edir.  Və “Forbes” jurnalında bu məsələ ilə bağlı dərc edilən yazıdan sonra hücumlar daha da kəskin xarakter alıb.
Bəzi məlumatlara görə, Milli Məclisin bu günki iclasının böyük hissəsi də bp-yə həsr olunacaq. Çox maraqlıdır ki, bp-yə hücumlar “dövlətçilik bayrağı” altında həyata keçirilir.
Elə iqidaryönlü Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı  da bp-ni asıb-kəsərkən dövlətçilik məsələsini qabardır. Fəzail Ağamalı bu baradə AzadlıqRadiosuna deyir: “bp dünyanın böyük nüfuza malik, nəhəng neft şirkətlərindən biridir. Ancaq bu o demək deyil ki, o, Azərbaycanı kiçik dövlət hesab edərək üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirməməlidir. Bu cür yanaşma kökündən yanlışdır”. AVP sədri daha sonra Forbes jurnalının yazdıqlarından danışaraq bildirir: “Jurnalda dərc olunan yazı Azərbaycandakı bəzi müxalifət qəzetlərinin də ürəyincə olub. Belə bir yazını manşetə çıxartmaq, ona sevinmək milli maraqlar baxımından bir şikəstlikdir. Heç bir ölkənin müxalifəti bu cür məsələlərdə belə mövqe tutmur. O yazıda Azərbaycana təhdidlər, hədələr var”.
Fəzail Ağamalı bildirir ki, neft Azərbaycan xalqının sərvətidir və bp üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Azərbaycan müqavilədən kənar heç bir tələb qoymur: “Bu şirkət məlum neft yatağında əlavə vəsait qoymalı, əlavə quyular qazılmalıdır ki, gözlənilən proqnozlara uyğun neft hasil edilsin. Ancaq bp artıq gözlədiyindən daha çox vəsait əldə edib bununla kifayətlənirsə, həmin neft orada olduğu halda onu çıxarmaq öhdəliyini yerinə yetirmirsə, bu, normal hal deyil”.
Hər dəfə bu cür məsələlərdə Azərbaycan hakimiyyəti “dövlətçilik kartı” manipulyasiya edir. Halbuki Azərbaycanın dövlətçiliyinə ən böyük təhdid elə indiki hakimiyyətdir. Azərbaycanı bir ölkə bütün dünyada biabır etməklə dövlətçiliyə təhlükə yaradan hakimiyyət üçün dövlətçilik sadəcə xalqdan oğurladıqları pulları qorumaq üçün, ifşa edilməmək, yaxud ifşa edilməkdən qorunmaq istəyəndə yada düşür. Və hər zaman da iqtidar bu cür uğursuz manipulyasiyalarla gülüş hədəfinə çevrilir.