Heykəlləri sayanda

Bu yaxınların söhbətidir. Gözüm bir yazıya sataşdı. Orada H.Əliyevin xarici ölkələrdəki heykəllərinin sayı göstərilmişdi. Inanmazdım ki, bu qədər sayda ola bilər. Hə, adi bir kommunist funksionerinə (hətta lideri yox, funksioneri!) dünyanın heç bir dövlət adamına nəsib olmayacaq siyasi tale qismət olub. Mən burada onlarla sözün əsl mənasında böyük siyasətçi adı çəkə bilərəm ki, onların hətta öz vətənlərində heykəlləri yoxdur. 
Adama elə gəlir ki, dünya da öz məntiqini itirib. Bir vaxtlar, H.Əliyevin öz sağlığında, onun haqqında kitablar çap edirdilər. O vaxt düşünürdük ki, bu, boş şeydir, kitab çap etmək elə çətin bir iş deyil. Amma heykəllər… Bircə anlığa təsəvvür edək ki, lap elə H.Əliyev Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin banisidir. Amma bu ölkənin müstəqilliyi doğrudanmı dünya ölkələri üçün bu qədər önəmlidir ki, onun “memarı”na (YAP-çılar belə deyir!) belə heykəllər qoyurlar? O məntiq baxımından gərək indi C.Vaşinqtonun dünyanın azı yarısında heykəli olaydı və yaxud da U.Çörçilə Avropanın bütün ölkələrində heykəl qoyaydılar! Gəl, belə bir şey yoxdur. Mənə belə gəlir ki, Azərbaycan diplomatiyası dünyanın dözümünü istismar edir. Həm də bunların işi-gücü budur, hər biri çalışır ki, səfir olduğu ölkədə H.Əliyevə bir heykəl qoydursun və sonra da ərz etsin ki, bəs, mən filan qədər iş görmüşəm. Siz bunu qeyri-adi bir hal kimi də qəbul etməyin. Hakim ailənin təbliği, onun maraqlarının ifadəsi ölkə diplomatiyası üçün bir nömrəli vəzifədir.
Adətən deyirlər ki, xaricilər üçün ölkə vağzaldan və ya aeroportdan başlayır. Amma bizim ölkəmizə təşrif buyuranlar üçün bu ölkə Fəxri xiyabandan başlayır. Burada məzarları ziyarət edən xaricilər artıq özləri üçün nəticə çıxarırlar ki, hansı ölkəyə gəliblər! Nəticə çıxarmayan isə yalnız bizik – bu doqquz milyonluq xalq… Hələ də bizə belə gəlir ki, bu ölkə bizim hamımızındır. Amma belədirmi? Belə olsaydı diplomatik protokoldan bəzilərinin adı çıxarılardı, onlar da hamının cərgəsində yer tutardılar. Amma bu uzaq perspektivin xəyalıdır… Ona görə “uzaq perspektiv” deyirəm ki, öz suallarımdan özüm də bilmirəm hara qaçım?!.
Fikirləşirəm ki, üçüncü dəfə seçilmək üçün I.Əliyevin başqa bir siyasi missiyası qalıbmı? Hə, kontraktlar imzalanıb, onların bəzisi artıq başa çatmaq üzrədir, neft ixrac olunur, dünya siyasət teatrı əvvəlki dramatikliyində deyil, bölgədə ideal olmasa da sakit və hətta yorucu qədər süst mənzərə bərqərar olub. Bəs onda nə qalıb? Əliyevi dünya ölkələri üçün cəlbedici siyasi fiqur edə biləcək hər hansı bir cəhət və əsas qalıbmı? Ağlıma təkcə Qarabağ problemi gəlir. Hə, nabələd adam üçün I.Əliyevin Qarabağ ritorikası çox qorxuludur. Amma bilənlər bilir ki, bu, boş bir şeydir, bu ritorikanın arxasında heç nə dayanmır. Indi mənim yadıma bir qədər keçmiş vaxtlar düşür. Deputat olarkən H.Əliyev parlamentə müraciət edərək dedi ki, sizin Qarabağla bağlı konsepsiyanız varmı? O vaxtlardan 20 il keçib bəlkə. Insanlar 20 ildir ki, bu konsepsiyanı gözləyirlər. Həmin 20 ilin 19-u Əliyevlər hakimiyyətinin payına düşür. Hələliksə bu konsepsiyanın bir cümləsi var: “əgər lazım gəlsə…”. Qarabağ köçkünləri artıq nəsil dəyişməsi yaşayır, amma hələ ki, lazım gəlmir! Başqa heç bir hakimiyyət 19 il insanları Qarabağa qayıtmaq ümidi ilə yaşada bilməzdi, amma bunlar yaşatdılar. Mən güman edirəm ki, I.Əliyevi bəzi xarici ölkələrin gözündə maraqlı edən budur və bu onun son missiyasıdı. Bunun səbəbləri də çoxdur. Kimsə seçicilərini, kimsə də cənubi Qafqazdakı geosiyasi “rıçaq”larını itirməkdən ehtiyat edir. Həm də bu hakimiyyətin bütün “zəif nöqtə”ləri hamıya məlumdur, istənilən vaxt bu nöqtələrə toxunaraq onları kəskin qərarlardan çəkindirə bilərlər. Bir söz heç vaxt mənim yadımdan çıxmır. Bir dəfə Z.Bjezinski demişdi ki, bəzi ölkələri idarə etmək üçün korrupsiya gözəl vasitədir. Bunların da əsas “zəif nöqtələri” bank hesabları və sərvətləridir, bu nöqtələrə toxunmaqla özünün problemlərini həll edə bilərsən! Başqa siyasi qüvvələrdən isə ehtiyat edirlər və onlara etibar etmirlər. Səbəbi də budur ki, onların “zəif nöqtələri” və bir də ictimai rəyi aldatmaq, onu illərlə gözləmə rejimində saxlamaq üçün səbri və bəlkə də “fərasət”ləri yoxdur…
Kiçik sözardı
Amma bir şey var ki, başları özlərinə yaman qarışıb. Doğrudan da siyasətdə mütləq sükunət və ya mütləq sükut bərqərar etmək çətindi, həmişə kim isə danışacaq və kimsə hərəkət etməyə cəhd edəcək. Bunlara baxanda mənim yadıma sosial darvinizm və yaxud T.Hobbsun “hamı biri-birinin düşmənidi” kəlamı düşür. Hakimiyyətlər, xüsusən də avtoritar hakimiyyətlər belədir, bir azca “xalça”nın ucundan dartmaq istəyəndə elə mərəkə qopur ki…